Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) və ADA Universitetinin birgə əməkdaşlığı ilə “Əcnəbi diplomatlar üçün diplomatik xidmət təkmilləşdirmə proqramı (AFSP)” çərçivəsində keçirilən sessiyada Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov 27 ölkədən 30-dan çox yüksək vəzifəli diplomat üçün “Azərbaycanda məcburi köçkünlər probleminin həlli – uzunmüddətli məcburi köçkünlük və həsrətlə gözlənilən Qayıdış” mövzusunda mühazirə ilə çıxış edib.
“İki sahil” xəbər verir ki, Dövlət Komitəsindən bildirilib ki, diplomatlara Ermənistanın işğalçılıq və deportasiya siyasəti nəticəsində qaçqın və məcburi köçkün həyatı yaşamağa məruz qalmış 1 milyondan çox şəxsin üzləşdiyi məhrumiyyətlər, çətinliklər haqqında məlumat verilib. Vurğulanıb ki, doğma yurdlarını tərk etməyə məcbur olmuş soyaşlarımız çətin və ağır şəraitdə yarımçıq binalarda, zirzəmilərdə və yataqxanalarda məskunlaşıbıar.
Sədr müavini Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qaçqın və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən kompleks dövlət siyasəti barədə danışıb. O, bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsi və yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən söz açaraq, Birinci vitse-prezident Mehriban Əliyevanın məcburi köçkünlərə göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs edib.
Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərin bərpasının, dayanıqlı inkişafının və keçmiş məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının təmini məqsədi ilə kompleks tədbirlər həyata keçirilir. Bu istiqamət həm də regionda sabitliyin təmin olunmasına mühüm töhfə verir. Böyük Qayıdış prosesi ölkəmizin sosial-iqtisadi inkişaf strategiyasında əsas prioritetlərdən biri kimi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapıb.
Diqqətə çatdırılıb ki, hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Bu çərçivədə Dövlət Komitəsi ilə ADA Universiteti tərəfindən “Əhalinin qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi məqsədilə məcburi köçkünlər arasında sosioloji sorğunun keçirilməsi və ilkin proqnozların hazırlanması” layihəsi haqqında məlumat verilib. Köçkünlərin reinteqrasiya tədbirlərinə cəlb olunması, köç prosesinin təşkili, onların maarifləndirilməsi məqsədilə təbliğat-təşviqat işlərinin icrası, xüsusi qaynar xətt xidmətinin yaradılması komitənin işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulan fəaliyyətlərdən bir neçəsidir. Ermənistanın uzun illər ərzində işğal altında saxladığı əraziləri mina ilə çirkləndirməsi Böyük Qayıdış prosesinin qarşısında ciddi maneə olaraq qalmaqdadır.
Bildirilib ki, Azərbaycan dövləti yalnız qaçqın və məcburi köçkünlərin problemlərinin həlli sahəsində deyil, eyni zamanda, postmünaqişə dövrünün reabilitasiyası və keçmiş məcburi köçkünlərin doğma yurdlarında reinteqrasiyası baxımından da dünya miqyasında nümunəvi model təqdim etməkdədir.
Diplomatlara, həmçinin Qərbi Azərbaycan torpaqlarından azərbaycanlıların deportasiyası, xalqımıza qarşı törədilən cinayətlər barədə ətraflı məlumat verilib. Dövlətimizin dəstəyi sayəsində Qərbi Azərbaycan İcmasının fəal və səmərəli iş apardığı, Qərbi Azərbaycana qayıdışla bağlı konsepsiya hazırlandığı vurğulanıb.
Mühazirədən sonra Amerikada doğulub boya-başa çatmış, əsli Cəbrayıl rayonunun Süleymanlı kəndindən olan gənc Ceyhun Qarabağlının baba yurduna səfərindən bəhs edən “Bura mənim evimdir” sənədli filmi və işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərini, insanların firavan yaşayını nümayiş etdirən videoçarxlar nümayiş olunub, eləcə də Dövlət Komitəsi tərəfindən hazırlanmış çap materialları iştirakçılara paylanılıb. Təqdim olunan materiallar diplomatlar tərəfindən maraqla qarşılanıb.
Tədbirin sonunda sədr müavini iştirakçıların suallarını cavablandırıb.