İsrail–İran qarşıdurmasında əsas fərq döyüş meydanında deyil, sivil əhali üzərindəki təsirdədir.
Bu barədə News365.az-a açıqlamasında hərbi ekspert Elmar Hüseynov bildirib.
Ekspertin sözlərinə görə, Rusiya–Ukrayna müharibəsində insan itkisi daha çox birbaşa döyüş sahələrində müşahidə olunursa, İsrail–İran münaqişəsində bu təsir daha çox mülki vətəndaşlar üzərində hiss olunur:
"Bu müharibədə həm qəfil, həm də planlı hücumlar həyata keçirilir. Eyni zamanda, texnoloji üstünlüklər ön plana çıxır. İsrail tərəfi texnologiyaya əsaslanan müharibə aparır. İran isə iddia edir ki, İsrailə məxsus F-35 qırıcılarından bir neçəsini vurub. Lakin İsrail hələlik bu məlumatı təsdiqləməyib."
Elmar Hüseynov qeyd edib ki, münaqişədə İsrailin hərbi və texnoloji üstünlüyü açıq şəkildə görünür:
"İsrailin müttəfiqləri və hərbi-strateji tərəfdaşları baxımından da güc balansı onun xeyrinədir. İranın bəzi yüksək texnoloji sistemləri hazırda İsrailin qabaqcıl silah sistemləri ilə müqayisədə geridə qalır. İran müharibənin ilk fazasında elektron sistemlərə zərbə endirmək niyyətində olsa da, bu istiqamətdə ciddi nəticə əldə edə bilməyib."
Ekspert əlavə edib ki, hərbi qarşıdurmaların müasir mərhələsində yalnız güc deyil, eyni zamanda texnoloji dəqiqlik və strateji yanaşma da mühüm rol oynayır.