Ərinin qətlini sifariş verməkdə təqsirləndirilən Əzizə Seyidova və qətlin icraçıları - Mehdi Məmmədli, Elnur Əliyev və Bəxtiyar Fərzəliyevin məhkəməsi keçirilib.
Moderator.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrlik etdiyi prosesdə Əzizə Seyidovayan ifadə vermək təklif edilib. O, bu mərhələdə ifadə vermək istəməyib. Bildirib ki, növbəti iclasda ifadə verəcək.
Daha sonra ifadə verən Mehdi Məmmədli bildirib ki, uzun müddət Rusiyada yaşayıb: "Rusiyada cəza çəkdim, sonra məni deportasiya etdiklər. Bakıya gəldim və fəhələliklə məşğul olmağa başladım. Bizim xeyriyyə cəmiyyətimiz var idi, kimsəsiz adamlara yardım göstərilirdi. Mənə cəmiyyətdən zəng gəldi, Səidə adlı şəxsin müraciət etdiyini, onu yoxlamağımı istıdilər.
Bununla bağlı onun evində olduq, vəziyyətini yoxladıq. Bu zaman mənim subay olduğumu bildilər. Dedilər ki, səni evləndirək, qonşuluqda Leyla xanım var. Bizi tanış etdilər. Əvvəlcə kəbin kəsdirlməli idik, sonra rəsmi nikaha daxil olacaqdıq. Amma rəsmi ailə qura bilmədik. Mən onların evinə gedib-gəlmişəm. Mən də ailənin bir üzvü olmuşam. Bundan sonra Leylanın xalası Əzizə ilə tanış oldum".
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Leyla xanımla ailə-məişət zəminində mübahisələri olub və ondan ayrılıb: "Mən onunla barışmağa cəhd etmişəm. Amma Leyla mənimlə barışmaq istəmədi, ayrılmaq istədiyini bildirdi. Mən də bununla bağlı Əzizəyə zəng etdim, onunla görüşmək istədim. O, "28 May"da olduğunu bildirdi. İlk dəfə Əzizə ilə görüşdük, Leyla barədə söhbət etdik. Onun köməkliyi ilə Leyla ilə barışdıq".
Təqsirləndirilən şəxs daha sonra qeyd edib ki, Əzizə zəng edib, evdən çıxdığını, onu rəfiqəsigilə aparmasını istəyib: "Əzizəyə dedim ki, başqa müştərim var, gələ bilmirəm. Sonra müştərimi dəyişdim, onunla görüşdüm. Dedi, evdə danışıb, rəfiqəsi Xədicəgilə getmək istəyir.
Əzizə öz telefonunu söndürmüşdü. Çünki evdən zəng vurur, onu narahat edirdilər. Mənim telefonumda Xədicə ilə danışdı. Əzizəni onun iş yerinə apardım. Sonra onları "Neftçilər" metrosunun yanında apardım, "Makdonald"sa girdilər. Gözlədim, gəlmədilər, mən də getdim.
Bir qədər sonra telefonuma zəng gəldi. Xədicəydi, dedi ki, maşınında əşyalarım qalıb. Sonra Əzizənin əri Əli telefonu aldı, məndən əşyaları gətirməyimi istədi. Onun dediyi ünvana getdim, əlimdə əşyalarla gedəndə Əli soruşdu ki, sən kimsən? Dedim, taksi sürücüsüyəm. O, əsəbi halda üstümə gəldi, mənimlə mübahisə etməyə başladı.
Onunla mübahisə etmədim. Maşınıma mindim, dedim ki, səninlə görüşüb, söhbət edəcəm. Evdə otaq yolladım Bəxtiyar soruşdu ki, nə olub, mən də olanları danışdım, dedim ki, bu barədə heç kimə heç nə deməsin. Elvinin bu söhbətdən xəbəri olmayıb. Bu söhbət 2022-ci ilin dekabrın 30-da baş verib".
Mehdi Məmmədlinin sözlərinə görə, əvvələr Əlini tanımayıb, amma onun makler olduğunu bilib: "Əzizənin telefonu maşında qalmışdı. Bir də gördüm, telefona zəng gəlir. Cavab verəndə bildim ki, bu, Əzizədir. Konum atdı, telefonu ona apardım. Əzizəyə dedim ki, gəl, söhbət edək, bu nə məsələdir, başıma açırsız. Axı, mən söyüş qəbul edən adam deyiləm, Əli haradan çıxdı, mənə söyüş söydü. Əzizə də Əlinin onlarla görüşməsinin səbəbini izah etdi. Onlar Makdonaldısda olanda Əli onların yanına gəlib və onları oradan aparıb".
Təqsirləndirilən şəxs həmçinin ifadəsində Əzizəyə əri ilə barışması barədə məsləhətlər verib: "Əzizə isə yoldaşı ilə mübahisəsi olduğunu, yola getmədiyini bildirib. Sonra mən Leyla ilə barışdım, kirayədə yaşamağa başladıq. Daha Əzizə ilə heç bir əlaqəm olmadı".
Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərib ki, Elvin və Bəxtiyarla bir yerdə işləyiblər: "İşdən sonra bir yerdə çörək yemişik.
Hadisə baş verən günü evə gəldim, Bəxtiyarı götürdüm, Elvinə də zəng etdim ki, səni də götürəcəyik. Sonra onu da iş yerindən götürdük. Yemək yeməyə getdik.
Əlini makler kimi tanıyırdım. Onun adını yazdım, "Tik-tok" səhifəsini tapdım. Səhifəsindən maşınının nömrələrin götürdüm. Həmin gün onun maşının gördüm. Maşında özündən başqa adamlar da var. Bəxtiyara dedim ki, söhbətim olan şəxs budur. Cavabında dedi ki, gedək onunla söhbətimizi edək. Dedim, maşında çox adam var, söhbət böyüyər, çörəyimizi yeyək, sonra söhbət edərik.
Bu zaman Elvin söhbətə qoşuldu. Bundan sonra çörək yemədik, Əlinin Maştağa qəsəbəsində olan evinin yanında getdik. Orada Əlini gözlədik. Mən maska taxmışdım, istəmirdim, məni tanısınlar. Güman edirdim ki, Əli məndən üzr istəyəcək, deyəcək, bilməmişəm, söyüş söymüşəm.
Əlini çağırdım, dedim ki, səninlə işim var. Bildirdi ki, sən kimsən, mənim evimin qarşısına gəlmisən? Mən onunla dinc söhbət edib ayrılacaqdım. Amma Əli məni bıçaqla vurdu. Uşaqları çağırdım ki, gəlin, bu məni öldürür. Uşaqlar gələndə Əli onları da söydü. Bu zaman əlbəyaxa olduq.
Mən onun bıçağını götürdüm, arxa tərəfindən bıçağın küpü ilə onu vurdum. Mənim xəbərim olmadan Elvin maşında saxladığım bıçağı özü ilə götürüb və bıçaqla Əlini vurub. Bəxtiyar bizi kənara çəkdi, biz oradan getdik. Əli də evə getdi. Bir gün sonra öldüyünü bildik.
Leyla ilə əlaqə saxlamaq üçün mesaj yazdım. Yazdı ki, Əlini bıçaqlayaraq öldürüblər, başım qarışıqdır, üzürlü say, cavab verə bilmirəm ".
Mehdi Məmmədli qeyd edib ki, onun Əlini öldürmək fikiri olmayıb.
Daha sonra təqsirləndirilən şəxs dövlət ittihamçısın suallarını cavablandırıb. Suallara cavabda Əlinin evini əvvəldən tanıdığını deyib. Bildirib ki, Əlini heç vaxt izləməyib.
Vəkillərin suallarını cavablandıran təqsirləndirilən şəxs qeyd edib ki, Əzizə onlara heç bir göstəriş verməyib: "Məni tutmamışdan əvvəl Əzizəni şöbəyə aparıblar. Orada Əzizənin Əli ilə yazışmaları ortaya çıxıb. Mənim Əzizə ilə eşq münasibətim olmayıb. Aramızda heç bir söhbət olmayıb. Əlini öldürmək, onun əmlakların bölmək barədə söhbət etməmişik. Bu hadisəyə görə çox peşman olmuşam".
Növbəti proses iyulun 1-də davam edəcək.
Qeyd edək ki, qətl hadisəsi ötən ilin martın 15-də Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib.
Əziziə Seyidovaya Cinayət Məcəlləsinin 32.3, 32.4, 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürməyə təhrik etmə və cinayəti təşkil etmə), Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevə isə həmin Məcəllənin 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.
İttihama görə, 23 yaşlı Əzizə Seyidova həyat yoldaşı Əli Seyidlini ona xəyanət etdiyinə görə yeməyinə "siçan dərmanı" qatıb zəhərləmək istəyib. Sonradan isə fikrindən daşınıb, onu öldürtdürmək qərarına gəlib. O, ərinin qətlini tanışı Mehdi Məmmədliyə sifariş verib. Onlar birlikdə plan qurub, Ə.Seyidlinin evə gəlib-getmə vaxtlarını dəqiqləşdiriblər.
2023-ci il mart ayının 15-də Ə.Seyidova M. Məmmədli ilə əlaqə saxlayıb, ərini məhz həmin gün öldürməyi tapşırıb. Bundan sonra M. Məmmədli dostları ilə birlikdə gecə saatlarında Ə.Seyidlinin yaşadığı ünvanın yaxınlığına gələrək gözləyiblər. Ə.Seyidli evinə daxil olmaq istədikdə M.Məmmədli və dostları qarşısını kəsərək, ona 23 bıçaq zərbəsi endirməklə qətlə yetiriblər.
Əzizə Seyidova elan olunan ittihamla özünü təqsirli bilməyib.
Digər təqsirləndirilənlər - Mehdi Məmmədli, Elvin Əliyev və Bəxtiyar Fərzəliyev isə özlərini qismən təqsirli biliblər.
M.Məmmədlinin ifadəsində məlum olub ki, o, əvvəllər Rusiyada cinayət törətdiyinə görə iki dəfə məhkum edilib. O, Ə.Seyidovanı keçmiş həyat yoldaşı vasitəsilə tanıdığını, ərinin ona zülm verdiyini eşitdiyini deyib.