AZ

“BilBacar” müsabiqəsinin qalibləri mükafatlandırılıb

İyunun 17-də Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Bakı şəhəri 20 nömrəli məktəb-liseydə “BilBacar” müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Operativ Media xəbər verir ki, tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov Elm və Təhsil Nazirliyi tərəfindən yaradıcı gənclərin üzə çıxarılması və inkişafı istiqamətində bir sıra layihələr reallaşdırıldığını bildirib. Qeyd edib ki, bu layihələrin əsas istiqamətini intellektual oyunlar təşkil edir.

Daha sonra Təhsil İnstitutunun Qiymətləndirmə, Təhlil və Monitorinq Mərkəzinin direktoru İbrahim Baxışlı “BilBacar” layihəsinin nəticələri ilə bağlı təqdimatla çıxış edib.

Milli Məclisin deputatı Ceyhun Məmmədov qalibləri təbrik edib. O əlavə edib ki, gənclərin bilikli və bacarıqlı olması üçün onlara davamlı dəstəyin göstərilməsi vacibdir.

Tədbir çərçivəsində müsabiqənin təşkili ilə bağlı videoçarx nümayiş olunub. Qalib məktəblərlə yanaşı, fərqlənən şagirdlər də mükafatlandırılıb. Onlara diplom, medal və qiymətli hədiyyələr təqdim olunub. Mərasim şagirdlərin ifasında musiqi nömrələri ilə yekunlaşıb.

Qeyd edək ki, 2024-cü ilin oktyabr ayından start verilmiş “BilBacar” müsabiqəsinin birinci mərhələsində respublikanın 2000-ə yaxın ümumi təhsil müəssisəsindən VIII, IX və X siniflər üzrə 170 minə yaxın şagird iştirak edib.

Müsabiqənin əsas məqsədi şagirdlərin səriştə əsaslı tapşırıqlarla işləmə vərdişlərini inkişaf etdirmək, rəqəmsal platformada imtahan vermək bacarıqlarını formalaşdırmaq və xüsusi istedadlı şagirdləri olan qabaqcıl məktəbləri müəyyənləşdirməkdir.

Seçilən
3
5
operativmedia.az

9Mənbələr