AZ

“BilBacar” müsabiqəsinin qalibləri mükafatlandırıldı - Fotolar

İyunun 17-də “BilBacar” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbir Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Modern.az xəbər verir ki, tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov Elm və Təhsil Nazirliyi tərəfindən yaradıcı gənclərin istedadlarının üzə çıxarılması və inkişafı istiqamətində bir sıra layihələrin reallaşdırıldığını və bu layihələrin də əsas istiqamətini intellektual oyunların təşkil etdiyini diqqətə çatdırıb.

“BilBacar” müsabiqəsinin əhəmiyyətindən söz açan nazir müavini qeyd edib ki, biliklərin praktik tətbiqi şagirdlərə məlumatı sadəcə əzbərləmək deyil, daha yaxşı başa düşmək və yadda saxlamaq imkanı verir. Biliklər bacarıqların formalaşmasına zəmin yaradır, bacarıqlar isə vərdişlərin inkişafı üçün əsas vasitədir. Bu komponentlər bir-biri ilə qarşılıqlı əlaqədədir və bir-birini tamamlayaraq kompleks və dərin təhsil prosesini təmin edir. Lakin bu anlayışlar, eyni zamanda, dəyərlərlə tamamlanmalıdır. “BilBacar” müsabiqəsinin əsas məqsədi də məhz şagirdlərin yalnız bilik və bacarıqlarını deyil, həm də dəyərlər sistemini inkişaf etdirmək, gələcəyin vətəndaşını hərtərəfli formalaşdırmaqdır.

Daha sonra Təhsil İnstitutunun Qiymətləndirmə, Təhlil və Monitorinq Mərkəzinin direktoru İbrahim Baxışlı “BilBacar” layihəsinin nəticələri ilə bağlı təqdimatla çıxış edib.

Ardınca millət vəkili Ceyhun Məmmədov iştirakçıları təbrik edib. O əlavə edib ki, gənclərin bilikli və bacarıqlı olması üçün onlara davamlı dəstəyin göstərilməsi vacibdir.

Tədbir çərçivəsində müsabiqənin təşkili və keçirilməsini əks etdirən videoçarx nümayiş olunub. Qalib məktəblərlə yanaşı, fərqlənən şagirdlər də mükafatlandırılıblar. Mərasim şagirdlərin ifasında təqdim olunan musiqi nömrələri ilə yekunlaşıb.

Qeyd edək ki, 2024-cü ilin oktyabr ayında start verilən “BilBacar” müsabiqəsinin birinci mərhələsində respublikanın 2000-ə yaxın ümumi təhsil müəssisəsindən VIII, IX və X siniflər üzrə 170 000-ə yaxın şagird iştirak edib.

Müsabiqənin əsas məqsədi şagirdlərin səriştə əsaslı tapşırıqlarla işləmə vərdişlərini inkişaf etdirmək, rəqəmsal platformada imtahan vermək bacarıqlarını formalaşdırmaq və xüsusi istedadlı şagirdlər ilə qabaqcıl məktəbləri müəyyənləşdirməkdir.

 










Seçilən
7
4
modern.az

9Mənbələr