BAKI, 18 iyun. TELEQRAF
Rusiyanın Yaxın Şərqdə regional təsiri zəifləməkdə davam edir. Bunu İranda başlayan və Rusiyanın müdaxilə etmədiyi müharibə göstərdi.
Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” yazıb.
ABŞ nəşri xatırladır ki, İran Ukrayna ilə müharibə aparan Rusiyaya “Şahid” kamikadze dronları ilə kömək edir. Üstəgəl, bu il onların hərbi əməkdaşlığı strateji tərəfdaşlıq sazişi ilə gücləndirilib.
“Amma bu müqavilənin imzalanmasından 5 ay sonra İran hökuməti İsrail tərəfindən ciddi təhlükə ilə üzləşib. Rusiya isə telefon zəngləri və qınama bəyanatlarından başqa özünü heç yerdə göstərmir”, - məqalə müəllifləri bildiriblər.
Qeyd olunub ki, hətta İranın nüvə və enerji obyektləri zədələndikdən və ölkənin bir çox yüksək səviyyəli hərbi rəhbərləri öldürüldükdən sonra da Moskvanın Tehrana köməyə gələcəyinə dair heç bir əlamət yoxdur. Bu, Rusiyanın 10 il əvvəl Bəşər Əsədin köməyinə gəldiyi zaman Suriyada baş verənlərə reaksiyası ilə ziddiyyət təşkil edir.
Nəşr vurğulayıb ki, Rusiyanın İrana ciddi dəstək vermək istəməməsi qismən Ukraynada davam edən müharibə səbəbindən hərbi qüvvələrinin məhdud olması ilə bağlıdır.
Başqa səbəblər də var. Ekspertlərin fikrincə, Rusiya İrana yardım edəcəyi təqdirdə ABŞ və İsraillə toqquşma ehtimalını ölçür.
Analitiklərin sözlərinə görə, Rusiya ABŞ Prezidenti Donald Trampla münasibətləri yaxşılaşdırmaqla yanaşı, İranın nüvə silahı əldə etməsini də istəmir. Həmçinin hücumdan sonra neft qiymətlərindəki sıçrayışdan Rusiya da faydalanacaq.
“Putin çətin ki, münaqişəyə hərbi müdaxilə etsin və ya Tehranı çox aqressiv şəkildə silahlandırsın. Bu, qismən də Moskva üçün getdikcə daha güclü tərəfdaşlara çevrilən Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanını özündən uzaqlaşdıracağı ilə bağlıdır. Daha güclü İran da Rusiyanın maraqlarına uyğun gəlmir”, - məqalədə qeyd edilib.