Lənkəran rayonu ərazisində, başlanğıcını M3 Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolundan götürən yerli əhəmiyyətli Hirkan–Daştatük–Biləsər avtomobil yolunun 3.5–5.5-ci kilometrlik hissəsində sürüşmə nəticəsində dağılmış sahələrin bərpasına başlanılıb. Bu barədə 1news.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Bərpa çərçivəsində yol örtüyünün yenilənməsi ilə yanaşı, 250 ədəd svayın quraşdırılması, uzunluğu 540 metr olan istinad divarının və 2500 metr uzunluğunda beton küvetlərin inşası nəzərdə tutulur. Artıq görülmüş işlər çərçivəsində torpaq işləri yerinə yetirilib, 210 ədəd svay (ümumi uzunluğu 2520 metr) qazılaraq betonlanıb, 300 metr uzunluğunda istinad divarı və 1650 metr uzunluğunda beton küvetlər tikilib. Texnoloji ardıcıllığa uyğun olaraq, IV texniki dərəcəyə əsasən bərpa olunan hissədə yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri də icra olunacaq. Bərpa işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında, mövcud tikinti norma və standartlarına uyğun şəkildə vyüksək keyfiyyətlə aparılır. Tərtib olunmuş iş qrafikinə əsasən layihənin vaxtında tamamlanması üçün əraziyə kifayət qədər canlı qüvvə və texnika cəlb olunub.