ain.az bildirir, Apa.az saytına əsaslanaraq.
Bu gün İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) Şurasının illik sessiyası işinə başlayıb. İclasda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Azərbaycanın Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin təmsilçilərindən ibarət heyət iştirak edir.
Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, təşkilatın idarəedici orqanı olan Şura BTİ-nin fəaliyyətinin əlaqələndirilməsinə, müvafiq konvensiyaların tətbiqinə, o cümlədən təşkilatın büdcə və maliyyə resurslarına nəzarəti həyata keçirir. Azərbaycan 26 sentyabr – 14 oktyabr 2022-ci ildə Buxarest şəhərində BTİ-nin Səlahiyyətli Konfransında Şuraya üzv seçilib və bu orqanda Şurada təmsil olunan 48 ölkədən biri olub.
Sessiya çərçivəsində BTİ-nin İKT sahəsində qlobal siyasətin strateji aspektləri və müasir çağırışlara cavab imkanları müzakirə edilir, təşkilatın fəaliyyətinin təkmilləşdirilməsinə dair fikir mübadiləsi aparılır.
Tədbirdə, həmçinin 17-28 noyabr 2025-ci il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına (WTDC) hazırlıq prosesi diqqət mərkəzindədir. Sessiyanın ilk günü bu mövzu üzrə BTİ Telekommunikasiyanın İnkişafı Bürosunun hesabatı dinlənilib.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov hazırlıq prosesinə dair təqdimatla çıxış edib.
O, Bakı şəhərinin “WTDC-2025”ə ev sahibliyinin ölkəmiz üçün əhəmiyyətini qeyd edib və Azərbaycanın hamı üçün əlçatan, bərabər imkanlara əsaslanan rəqəmsal inkişafın təşviqinə, texnologiya vasitəsilə qlobal əməkdaşlığın gücləndirilməsinə sadiqliyini vurğulayıb.
“Beynəlxalq Telekommunikasiya İttifaqının fəaliyyət təqvimində mühüm yer tutan bu konfrans qlobal telekommunikasiya inkişafının gələcəyini formalaşdırmaq və ortaq rəqəmsal məqsədlərimizi irəli aparmaq baxımından əhəmiyyətli platforma olacaq”, – deyə Saməddin Əsədov bildirib.
Nazir müavini tədbir çərçivəsində BTİ-in Baş katibi Dorin Boqdan Martin, Telekommunikasiyanın İnkişafı Bürosunun direktoru Kosmas Zavazava ilə də görüşüb. Görüşlərdə BTİ ilə əməkdaşlığın genişləndirilməsi imkanları və “WTDC-2025”ə hazırlıq prosesi müzakirə edilib.
Səudiyyə Ərəbistanı Krallığı və Polşa Respublikasının nümayəndələri ilə keçirilən görüşlərdə isə rəqəmsal inkişaf üzrə ikitərəfli əməkdaşlıq və BTİ çərçivəsində tərəfdaşlıq perspektivləri haqqında fikir mübadiləsi aparılıb.
Sessiya iyunun 27-dək davam edəcək.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.