Bu gün İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) Şurasının illik sessiyası işinə başlayıb. İclasda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Azərbaycanın Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin təmsilçilərindən ibarət heyət iştirak edir.Nazirlikdən SİA-ya verilən məlumata görə, təşkilatın idarəedici orqanı olan Şura BTİ-nin fəaliyyətinin əlaqələndirilməsinə, müvafiq konvensiyaların tətbiqinə, o cümlədən təşkilatın büdcə və maliyyə resurslarına nəzarəti həyata keçirir. Azərbaycan 26 sentyabr – 14 oktyabr 2022-ci ildə Buxarest şəhərində BTİ-nin Səlahiyyətli Konfransında Şuraya üzv seçilib və bu orqanda Şurada təmsil olunan 48 ölkədən biri olub.
Sessiya çərçivəsində BTİ-nin İKT sahəsində qlobal siyasətin strateji aspektləri və müasir çağırışlara cavab imkanları müzakirə edilir, təşkilatın fəaliyyətinin təkmilləşdirilməsinə dair fikir mübadiləsi aparılır.
Tədbirdə, həmçinin 17-28 noyabr 2025-ci il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına (WTDC) hazırlıq prosesi diqqət mərkəzindədir. Sessiyanın ilk günü bu mövzu üzrə BTİ Telekommunikasiyanın İnkişafı Bürosunun hesabatı dinlənilib.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov hazırlıq prosesinə dair təqdimatla çıxış edib.