AZ

Məşhur tikinti şirkəti qanunu pozdu, komitə tədbir görülməsini istəyir

BAKI, 18 iyun. TELEQRAF

Bakının mərkəzində geniş ərazidə yaşayış binaları inşa edən “RR Constructions” tikinti şirkəti qanun pozuntularına yol verib.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib.

Qeyd olunub ki, komitə yanında Baki Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi şəhərsalma nəzarəti çərçivəsində mütəmadi monitorinqlər aparır.

"Belə monitorinqlər zamanı “RR Constructions” MMC tərəfindən yol verilən pozuntular aşkar edilib. Bu hallar üzrə aidiyyəti qurumlara tədbir görülməsi məqsədilə 10-dan artıq rəsmi müraciət ünvanlanıb", - qurumun məlumatında vurğulanıb.

Qeyd olunub ki, Bakı Şəhər İcra Hakimiyyətinin 02.12.2022-ci il tarixli sərəncamına əsasən, Yasamal rayonu ərazisində yerləşən İlqar İsmayılov, Cəlil Məmmədquluzadə, İbrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrini əhatə edən və ümumi sahəsi 4,32 hektar olan torpaq sahəsi yaşayış və qeyri-yaşayış binalarının tikintisi məqsədilə “RR Constructions” MMC-yə icarəyə verilib:

"Lakin qanunvericilikdə nəzərdə tutulmuş sənədləşmə və tikintiyə icazənin alınması ilə bağlı bütün prosedurlar tamamlanmamış ərazidə tikinti işlərinə başlanılıb".

Qeyd edək ki, "RR Constructions" MTK tərəfindən Bakının "Kubinka" kimi tanınan hissəsində “İmperial Residence”-in tikintisi üçün qazıntı işləri aparması sakinlərin narazılığına səbəb olub. Qazıntı ətrafdakı yaşayış evləri üçün təhlükəli vəziyyət yaradıb.

Sakinlər sosial mediada şikayət paylaşırlar. Qazıntı gedən əraziyə su dolub, suyu quruda bilmirlər, şirkətin traktorları da batıb qalıb.

Seçilən
1
1
teleqraf.com

2Mənbələr