UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinə hazırlaşan "Araz-Naxçıvan” transfer çalışmalarını davam etdirir.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, mövsümlərarası fasilədə 3-cü transfer gerçəkləşib.

Belə ki, braziliyalı sol cinah müdafiəçisi Bruno Franko ilə 1 illik müqavilə bağlanılıb.

27 yaşlı futbolçu ötən mövsüm Sofiya “Lokomotiv”ində çıxış edib. O, “Lokomotiv”ə qədər Bolqarıstanın “Spartak” (Pleven), eləcə də Braziliyada “Matonense”, “Rio Branco”, “Batatais”, “Mogi Mirim” klublarının formasını geyinib.

Xatırladaq ki, "Araz-Naxçıvan" Bruno Frankodan öncə israili Bar Cohen və almaniyalı Çance Simakala Ba-Muakanı heyətinə qatıb.

Əvəzində rəhbərlik kapitan Vadim Abdullayev və 4 əcnəbi futbolçu - Sezar Meza Kolli, Karlos Jatoba, Bernardo Dias və Miço Kuzmanoviçlə vidalaşıb.