ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Pekin, 19 iyun, AZƏRTAC
Azərbaycan Mədəniyyət Nazirliyi ilə Çin Xalq Respublikasının Mətbuat və Nəşriyyat Milli Administrasiyası arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, iki ölkə arasında mədəni və ədəbi əməkdaşlığın genişləndirilməsi məqsədilə Azərbaycan və Çin klassiklərinin qarşılıqlı tərcüməsi və nəşrinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, bu təşəbbüs çərçivəsində ilk addım iyunun 19-da Pekin Beynəlxalq Kitab Sərgisi çərçivəsində atılıb.
Şərqi Çin Pedaqoji Universitet Nəşriyyatı ilə Azərbaycanın “Təhsil” nəşriyyatı arasında razılaşmaya əsasən, Çin-Azərbaycan Birgə Ekspert Komitəsi tərəfindən ilkin mərhələdə seçilmiş klassik əsərlərin hər iki dilə tərcüməsi və nəşri cari il ərzində həyata keçiriləcək.
Layihənin məqsədi iki xalqın ədəbi irsini qarşı tərəfin oxucusuna daha yaxından tanıtmaq, mədəniyyətlərarası anlaşma və ədəbi körpüləri möhkəmləndirməkdir. Nəşrə hazırlanan əsərlər həm Çin, həm də Azərbaycan ədəbiyyatının klassik nümunələrini əhatə edir və hər iki ölkədə nəşr olunaraq geniş oxucu auditoriyasına təqdim ediləcək.
Tərcümə və nəşr prosesi başa çatdıqdan sonra bu kitabların rəsmi təqdimat mərasimləri oktyabrın 1-dən 7-dək Bakı Ekspo Mərkəzində keçiriləcək 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan və Çin nümayəndələrinin iştirakı ilə baş tutacaq.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.