AZ

Azərbaycanda sərnişin qatarlarının doluluq faizi 93 %-ə çatır

Azərbaycan regionlarına hərəkət edən sərnişin qatarları, əvvəlcədən planlaşdırılmış səfərlər zamanı, avtobusla müqayisədə həm daha ucuz, həm də daha komfortlu nəqliyyat vasitəsi kimi çıxış edir.

Bu barədə “Report”a nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib.

Onun sözlərinə görə, “Azərbaycan Dəmir Yolları” QSC son beş ildə keyfiyyətin artırılması istiqamətində mühüm addımlar ataraq yeni inkişaf mərhələsinə qədəm qoyub:

“Hazırda dəmir yollarında İsveçrə istehsalı olan müasir "Stadler FLIRT" qatarlarından istifadə olunur. Bu qatarlar Azərbaycanın regionlarına gündəlik 2, bayram günlərində isə 4-5 reys həyata keçirir. Qatarlar müxtəlif siniflər üzrə biletlər təqdim edir - hər bir sərnişin büdcəsinə uyğun seçim edə bilir”.

Ekspert qeyd edib ki, 2023-cü il noyabrın 1-dən etibarən “Azərbaycan Dəmir Yolları” sərnişin daşımalarında dinamik tarif siyasətinə keçib: “Bu yanaşma büdcə sinifli aviaşirkətlərin tətbiq etdiyi sistemə bənzəyir: səyahəti əvvəlcədən planlaşdıran sərnişin daha aşağı qiymətə bilet əldə edir. Tarix yaxınlaşdıqca, eləcə də bayram və həftə sonlarına yaxın dövrlərdə biletlərin qiyməti arta bilər”.

Qatarla səyahət daha münasibdir

R. Ağamirzəyev bildirib ki, Azərbaycanda sərnişin qatarlarında yerlərin doluluq faizi 93 %-ə çatır ki, bu da çox yüksək göstəricidir. Onun sözlərinə görə, hər sinif üçün müxtəlif qiymət təkliflərinin olması ədalətli bazar yanaşmasıdır:

“Hazırda Bakı-Qazax istiqamətində 25-30 gün əvvəldən alınan biletin qiyməti "standart" sinif üçün cəmi 16,2 manatdır. Bu marşrut üzrə "Stadler FLIRT" qatarları ilə səfər təxminən 5 saat 36 dəqiqə davam edir. Eyni istiqamətdə avtobusla səyahət isə 6 saat 30 dəqiqə çəkir və biletin qiyməti 17,85 manatdır. Göründüyü kimi, qatarla səyahət həm vaxt, həm də qiymət baxımından daha sərfəlidir”.

Ekspert əlavə edib ki, qatarda səyahət zamanı sərnişinlər üçün əlavə rahatlıqlar da mövcuddur: “Qatarla hərəkət zamanı sərnişinlər müxtəlif içkilər və yeməklər sifariş edə bilərlər. Bundan əlavə, bu nəqliyyat növü təhlükəsizlik baxımından da üstünlük təşkil edir”.

O, bəzi şəxslərin yüksək sinif biletlərinin qiymətləri ilə bağlı səsləndirdikləri fikirlərə də münasibət bildirib.

“Bakı-Qazax istiqamətində qatarın tərkibində "standart" sinif üzrə 178, "standart+" sinif üzrə 48, "biznes" sinif üzrə 14 və "birinci" sinif üzrə 8 yer mövcuddur. Biz təyyarə səfərlərində də əvvəlcədən planlaşdırma aparırıq və hər zaman "biznes" sinif biletləri ilə maraqlanmırıq. Qatar üçün də eyni yanaşma keçərlidir - sərnişin öz imkanlarına uyğun olan sinifi seçir. Qiymətlərlə bağlı səsləndirilən bəzi tənqidi fikirlər əsassız və yanlış müqayisələrə əsaslanır”.

Yeni investisiya mərhələsi və regionlararası əlaqə

Ekspert vurğulayıb ki, Azərbaycanda dəmir yollarının inkişafı üçün yeni qatarların alınmasına və investisiya qoyuluşunun artırılmasına ehtiyac var:

“Həm gündüz, həm də aşağı sürətli gecə qatarları ölkədaxili mobilliyi artırmaq üçün vacibdir. Gecə reysləri yavaş olsa da, bu səfərlər sərnişinlərə əlavə seçim imkanı yaradır. Gələcəkdə regionlararası birbaşa qatar reyslərinin açılması ölkə daxilində əlaqələrin güclənməsinə, mobilliyin və regional inteqrasiyanın artmasına təkan verəcək. Nəqliyyata əlçatanlığın təmin olunması isə birbaşa sosial-iqtisadi inkişafa xidmət edir”.

Seçilən
5
50
report.az

10Mənbələr