AZ

Nikol Paşinyanın Qarabağ la bağlı son bəyanatı əslində ciddi siyasi manipulyasiyanın nümunəsidir

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ermənistanın baş naziri Nikol Paşinyan qeyd edib ki, o, Azərbaycanın hüquqlarını tanımaqla respublikanı "mühasirəyə alınmış qala"dan suveren dövlətə çevirdi. “Mən bu məsələ ilə bağlı çox düşünmüşəm və qənaətim budur: biz Dağlıq Qarabağı itirmədik, Ermənistan Respublikasını qazandıq”, - deyə siyasətçi qeyd edib. Baş nazir onu da bildirib ki, mübahisəli ərazilər məsələsi onun ölkəsi üçün “kəmər kimi istifadə olunub”. “Oktyabrın 6-da mən Azərbaycanın ərazi bütövlüyünü tanıdım... Mənim üçün isə “forpost”un baş nazirinin Ermənistanın baş nazirinə çevrilməsinin başa çatdığı məqam budur”, Paşinyanın qeyd edib.

Politoloq Tural İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Nikol Paşinyanın son bəyanatı əslində ciddi siyasi manipulyasiyanın nümunəsidir və Paşinyan bu sözləri xalqını maarifləndirməkdən çox, özünün və komandasının iflasa uğramış siyasətini rasional göstərmək üçün səsləndirib.

Tural İsmayılov

“Paşinyanın "Qarabağı itirmədik, Ermənistanı qazandıq" cümləsi populist ritorikadır və bu ritorika məğlubiyyəti zəfər kimi təqdim etmək cəhdidir. Paşinyan artıq uzun müddətdir ki, Ermənistan ictimaiyyətini psixoloji olaraq Qarabağsız həyata alışdırmağa çalışır və bu çıxışı da həmin prosesin davamıdır. Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımaqla təkcə real siyasi vəziyyəti qəbul etmədi, həm də Ermənistan tarixində ilk dəfə olaraq “erməniçiliyin” əsas sütunlarından birini – “Artsax” mifini rəsmi şəkildə yerə qoydu. Paşinyanın bu addımı öz iç siyasətində sülhsevər kimi görünmək, xaricdə Qərb dairələrinin dəstəyini qazanmaq üçündür. Lakin burada əsas məqsəd milli maraqlardan çox, hakimiyyətinin ömrünü uzatmaqdır. Qarabağ kartından imtina etməklə, eyni zamanda Rusiyanın siyasi təsirindən də çıxmağa çalışır. Çünki bu məsələ uzun illər Kremlin Ermənistana qarşı təsir rıçağı olub”-deyə politoloq qeyd edib.

Tural İsmayılovun fikrincə, Paşinyan bilir ki, Qarabağ mövzusunun bağlanması Rusiyanın Ermənistandakı maraqlarını zəiflədir və bu, onun Qərbə inteqrasiya planlarına yol açır: “Bu planlar daxili legitimlik problemi fonunda iflasa uğraya bilər, çünki xalqın böyük hissəsi hələ də Qarabağ travmasını həzm etməyib. Paşinyan öz çıxışları ilə xalqın emosional dirənişini sındırmağa və ictimai yaddaşda yeni narrativ yaratmağa çalışır. Əslində, Paşinyan ölkəsini suveren dövlətə çevirmək əvəzinə, Ermənistanı regional və geosiyasi xaosun içinə salıb. Paşinyan hakimiyyətdə qalmaq üçün bu fikirləri səsləndirir. Nəticə etibarilə, Paşinyanın bu bəyanatı nə səmimi etiraf, nə də maarifçilikdir – bu, sadəcə siyasi özünüqoruma instinktidir”-deyə Tural İsmayılov əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
50
icma.az

10Mənbələr