AZ

Paşinyanın Türkiyə səfəri – İrəvanın sıfırdan başlayan doğru yönü - ŞƏRH

Ermənistan yarandığı gündən buraxdığı səhvləri 44 günlük müharibədən sonra düzəltməyə başlayıb. Rəsmi İrəvan ilk növbədə Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmalı olduğunu anlamağa başlayıb.

İyunun 20-də Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyəyə səfər edib. Bu, Ermənistandan Türkiyəyə bu səviyyədə edilən ilk rəsmi səfər sayılır.

İstanbulda rəsmi görüşlərdən öncə o, bu səfərin iki ölkə münasibətlərinə yeni təkan verəcəyini bildirib. Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən əvvəl bu ölkədəki erməni diasporunun nümayəndələri deyib: “Əslində, biz Türkiyə ilə münasibətlərimizə sıfırdan başlamışıq. Bu, yeni münasibətlər qurmaq imkanıdır. Belə yanaşma ölkələrimizin maraqlarına uyğundur”. Nikol Paşinyan səfərin əsasında hər iki ölkənin maraqlarından irəli gələn Türkiyə-Ermənistan dövlətlərarası münasibətlərin dayandığını qeyd edib.

Baş nazir icma üzvləri ilə görüşdə Ermənistan və Azərbaycan arasında sülhün yaranması istiqamətində atılan addımlar, regional inkişaflar, "real Ermənistan" ideologiyası və başqa mövzulara bağlı sualları cavablandırıb.

Nikol Paşinyanın Türkiyə səfərini “tarixi” də adlandırırlar. Çünki bu son 16 ildə Ermənistan hakimiyyəti təmsilçisinin türk dövlətinə ikinci səfəridir.

Rəcəb Tayyib Ərdoğan Nikol Paşinyanla İstanbuldakı Dolmabahçe İş Ofisində bir araya gəlib. Məlumata görə, görüşdə Türkiyə ilə Ermənistan arasındakı təmaslar başda olmaqla, Cənubi Qafqazdakı sülh və dialoq prosesi müzakirə edilib.

Prezident Ərdoğan, görüşdə Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarında əldə edilən razılaşmanın əhəmiyyətinə diqqət çəkib. O Türkiyənin, bölgənin "qazan-qazan" anlayışı ilə inkişaf etdirilməsi hədəfi ilə aparılan səylərə hər cür dəstəyi təmin etməyə davam edəcəyini vurğulayıb.

Türkiyə 1993-cü ildə Qarabağın işğalından sonra Ermənistanla diplomatik əlaqələri kəsmişdi.

Yeri gəlmişkən, birinci səfər 2009-cu ildə ovaxtkı prezident Serj Sarqsyan “futbol diplomatiyası” çərçivəsində Bursada səfərdə olmuşdu. Türkiyənin ovaxtkı Prezidenti Abdulla Güllə birlikdə oyunu izləmişdilər. Ondan əvvəl - 2008-ci ilin sentyabrında isə Abdullah Gül İrəvana, Türkiyə və Ermənistan komandaları arasında oyuna tamaşa etmişdi.

Onda da bu qarşılıqlı ziyarətləri “tarixi” sayırdılar. Düzdür, hər iki səfər Rəcəb Tayyib Ərdoğanın lideri olduğu Ədalət və İnkişaf Partiyasının iqtidarı dövrünə təsadüf edir. Ancaq zaman, məkan, şərait baxımından indiki bütün mənalarda fərqli sayılır.

Həmin səfərlərdən sonra Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinə başlanmasına və rəsmi Ankaranın bu qonşu ölkə ilə sərhədini açmasına dair razılıq əldə olunmuşdu. “Sürix protokolu” adlanan bu sənəd həm Azərbaycan tərəfinin narazılığına səbəb olduğundan, həm də Türkiyə Böyük Millət Məclisində təsdiqlənmədiyindən arxivə göndərildi. Rəsmi Ankara əvvəllər olduğu kimi bu dəfə də sərhədlərin açılmasına yeganə şərt kimi Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxması idi.

Bir müddət sonra Ermənistanın Konstitusiya Məhkəməsi də bu razılamanın ləğvinə dair qərar qəbul etmişdi.

2011-ci ilin iyulunda erməni dili və ədəbiyyatı yarışmasında tələbələrdən birinin “Qərb torpaqlarımızı Ağrı Dağı (Ararat deyir-red.) ilə birlikdə geri ala biləcəyikmi” sualını Serj Sarqsyan belə cavablandırmışdı: “Qarabağı biz aldıq, Ağrını (Araratı deyib-red) sizə buraxdıq”. O bununla Ermənistanın Türkiyəyə ərazi iddiasını açıq şəkildə hədəf göstərmişdi.

Yer gəlmişkən, erməni siyasi və ideoloqlarının Türkiyə torpaqlarına iddiası bu ölkənin Konstitusiyasında da yer alıb. Ermənistan konstitusiyanın 13-cü maddəsində, gerbin ortasında “Ararat” adlandırdıqları Ağrı dağı təsvir edilib.

Bundan başa həmin Ermənistanın müstəqilliklə bağlı konstitusiya aktında qondarma erməni soyqırımının beynəlxalq səviyyədə tanınması da əsa hədəf olaraq göstərilib.

Ona görə Nikol Paşinyan bu səfəri bir sıra məsələlər baxımından fərqli şərait və zamana təsadüf edir.

Azərbaycanın torpaqlarının işğaldan təmizləməsi Ermənistana da reallıqları anlatdı. Sarqsyanın Ağrı dağı yeni erməni nəslinə hədəf göstərməsi, Paşinyanın isə Tehranda “Qarabağ Ermənistandır”ın yalan və yanlış olduğu rəami İrəvan tərəfindən etiraf edildi.

Nikol Paşinyan parlamentdəki bir il öncəki çıxışında “Qarabağ Azərbaycanın bir hissəsidir” deyərək, Ermənistan cəmiyyətində Qarabağın öz müqəddəratını təyinetmə və statusu anlayışının yanlış başa düşüldüyünü vurğulayıb: “Qarabağ Azərbaycanın bir hissəsidir, ancaq erməni reallığında bütün bunlar səhv başa düşülürdü”.

Onun sözlərinə görə, Ermənistanın klerikal-feodal elitası erməniləri Qarabağla bağlı aldadıb və çaşdırıb: “Qarabağla bağlı bütün həqiqət məhz budur”.

Nikol Paşinyan ölkəsində Araratla (Ağrı dağı) bağlı yayılan və təbliğ edilən məsələlərin də yanlışlığına iki il əvvəl aydınlıq gətirib: “Ararat və Araqatsdan söz düşmüşkən, mən Ermənistanın suveren ərazisi olan və ya olmayan ərazilərdən danışıram. Araqats Ermənistanda, Ağrı dağı isə Türkiyədədir. Türkiyə ilə bizim dəqiq müəyyən edilmiş sərhədimiz var. Pisdir, yoxsa yaxşıdır? Əlbəttə yaxşıdır”, - o, bildirib. Baş nazir onda Ağrı dağı ilə bağlı məsələni Türkiyə tərəfdən baxmağı təklif edib: “Ağrı dağı Türkiyənin beynəlxalq səviyyədə tanınmış ərazisindədir. Ermənistanda uşaqlar bunu necə bilirlər?”. Paşinyan bunu hökumətin təhsil siyasətinin nəticəsi kimi qiymətləndirib: “Uşaqlar Ermənistanın ən yüksək dağını Araqats yox, Ararat adlandırırlarsa, bu, Ermənistanın Türkiyəyə qarşı ərazi iddiaları olması deməkdir”.

Onun sözlərinə görə, belə halda Türkiyə Ermənistanın inkişafına kömək etməz və onu məhv etmək üçün hər şeyi edər: “İndi isə sual verirəm: Ermənistanda ən yüksək dağ hansıdır? Cavab: Araqats".

Bu il isə rəsmi İrəvan “erməni soyqırımı” adlanan məsələnin Ermənistanın xarici siyasəti üçün prioritet olmadığına dair açıqlama yayıb.

Bu kimi məsələlər göstərir ki, Ermənistan və erməni ideoloqları, siyasilər Azərbaycan və Türkiyəni eyni dərəcədə özlərinə düşmən sayıb, bunu əsas qanunlarında belə təsbit etmişlər.

Bu kimi məsələləri tarix dərsliyində və konstitusiyada da öz əksini taparsa Ermənistan Azərbaycan və Türkiyənin etimadını və etibarını qazanar.

Ona görə də torpaqlarının işğaldan azad etməklə Azərbaycan Cənubi Qafqazda iddialı düşüncəliləri, qəflət yuxusunda olanları silkələdi.

Nikol Paşinyanın Türkiyəyə səfəri daha çox tarixi sayıla bilər. Bu həm də iddialarından, xəyallardan əl çəkmiş bir dövlətin hökumət başçısının türk dövlətinə ziyarəti sayılır. Bu ziyarət təxminən 40 il əvvəl “hər tərəfimiz türklərdir, boğuluruq” deyib, bağıranların boğulmasının hay-küy, haray-qışqırıq olduğunu isbatlayır.

Sarqsyan havadarlarının yardımı və dəstəyi ilə Türkiyəyə müəyyən mənada hücum və Azərbaycana qarşı açıq etinasızlıq ifadə edirdisə, Paşnyanın ziyarəti isə rəsmi İrəvanın hər iki dövlətə baxışının kəskin dəyişməsindən sonra reallaşıb.

Odur ki, bu səfərin daha çox “tarixiliyi” var. Çünki baş nazir Türkiyə münasibətlərin sıfırdan başladıqlarını da vurğulayıb.

Ötən il sentyabrın 24-də Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində “Türk evində” Nikol Paşinyanı qəbul, ona “Daha ədalətli bir dünya mümkündür” (“Daha Adil Bir Dünya Mümkün”) kitabını təqdim etmişdi. Kitabda dünyanın “beşdən böyük olduğu”ndan bəhs edilib. Belə qənaətə gəlmək olar ki, Türkiyə lideri Paşinyana hələ onda böyüklərin dalınca qaçmamağı məsləhət görmüşdü.

Paşinyanın Türkiyə səfəri həm də Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsi açılandan sonraya təsadüf edir. Bu mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak etmişdi.

Ona görə də Ermənistan liderinin Türkiyənin dövlət başçısı ilə görüşməsi də rəsmi Ankaranın Azərbaycan-Ermənistan münasibətlərində oynadığı rolun aparıcı olduğunun göstəricisi sayıla bilər.

Bu ziyarət Türkiyənin Yaxın Şərqdə, Afrikanın şimalında, Qara dəniz hövzəsində (Rusiya -Ukrayna müharibəsində) və Cənubi Qafqazdakı sülhməramlı fəaliyyətinin uğurlu davamıdır. O da isbat olunur ki, Ermənistan kimi qeyri-müəyyən vəziyyətdə qalan bir dövlət Türkiyəyə üstünlük verməklə deyəsən, mövqeyini qətiləşdirməyə başlayıb.

Rəsmi İrəvanın yürütdüyü bu siyasətə isə ənənəvi rusiyayönlü müxalifət mane olmağa çalışır. Nikol Paşinyanın səfər etdiyi gün İrəvanda və bölgələrdə "Müqəddəs mübarizə" hərəkat adlı rəsmi İrəvanın Türkiyəyə yönəli siyasətinə etiraz aksiyası keçirib. Hərəkatın üzvü Lidiya Mantaşyan bildirib ki, bu aksiya Nikol Paşinyanın Türkiyəyə səfəri ilə əlaqədardır.

Bu hərəkatın “başçısı” isə arxiyepiskop Baqrat Qalstanyan adlı keşişdir. Rusiya vətəndaşı, erməni milyarder Samvel Karapetyanın da həbs edildiyi vaxtda belə bir aksiya xarakteri və təşkilatçılarına görə Rusiyanın Ermənistandakı maraqlarının müdafiəsinə xidmət etdiyi ehtimalını irəli sürməyə əsas verir.

Qaregin kimi inancına qarşı çıxan, Baqrat kimi mənasız keşişi, Karapetyan təki milyarderi olan müxalifətlə müqayisədə Nikol Paşinyan daha məntiqi, sanballı görünür. Bu saxtakarlar yüz ildən artıqdır erməniləri yalanların dalınca sürüyür, onları türklərə qarşı cinayətlər törətməyə məcbur edirlər. Paşinyanın Türkiyəyə səfəri günü keçirilən aksiyada bu kinli “beşinci kolon” təmsilçilərinin tədbiri olub.

Zaman isə erməni cəmiyyətinə qonşulara xəyanət etməməyi diktə edir. Çünki Bakı və Ankara Yeni Delhidən, Parisdən daha yaxındır.

Seçilən
19
50
report.az

10Mənbələr