Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Kişineu, 23 iyun, AZƏRTAC
Kişineu şəhərində Moldova Azərbaycanlıları Konqresinin hesabat-seçki iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Moldova Parlamentinin spikeri İqor Qrosu, energetika naziri Dorin Junqietu, ölkəmizin Moldovadakı səfiri Ülvi Baxşəliyev, Moldova Respublikası Parlamentinin deputatı, Azərbaycanla Dostluq Qrupunun sədri Vitali Yakot, dövlət qurumlarının nümayəndələri, diaspor fəalları iştirak ediblər.
Azərbaycanın və Moldovanın Dövlət himnləri səsləndirilkdən sonra çıxış edən spiker İqor Qrosu iki ölkə arasında dostluq münasibətlərinin inkişafında Azərbaycan diasporunun fəaliyyətinin əhəmiyyətindən danışıb. Spiker bildirib ki, Azərbaycanın Moldovada çox aktiv diasporu var.
“Azərbaycan diasporunun töhfəsi çox böyükdür. Qeyd etməliyəm ki, Azərbaycan diasporu Moldovanın ictimai-siyasi həyatında, mədəniyyətində, idman sahəsində aktivdilər. Bu, məni sevindirir. Azərbaycan və Modlova arasında əməkdaşlığı gücləndirən bütün təşəbbüsləri bundan sonra da dəstəkləyəcəyik”, - deyə İqor Qrosu əlavə edib.
Spiker həmçinin Azərbaycan dövlətinin Moldovanın enerji təhlükəsizliyinə verdiyi töhfəni yüksək qiymətləndirib.
Səfir Ülvi Baxşəliyev isə çıxış edərək bildirib ki, tədbirə Moldovanın yüksək vəzifəli şəxslərinin təşrif buyurması azərbaycanlılara verilən böyük qiymətdir. “Moldovada yaşayan soydaşlarımız bu ölkənin layiqli vətəndaşlarıdır. Moldovanın ictimai-siyasi, iqtisadi, mədəni və idman həyatında aktiv iştirak edirlər”, - deyə səfir əlavə edib.
Ülvi Baxşəliyev çıxışında Azərbaycan ilə Moldova arasında yüksək dostluq əlaqələrindən də söhbət açıb.
Sonra çıxış edən energetika naziri Dorin Junqietu, deputat Vitali Yakot soydaşlarımızın Moldovada yüksək xidmətlərindən danışıblar.
Daha sonra Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov çıxış edərək ötən müddət ərzində təşkilatın gördüyü işlər barədə geniş məlumat verib. “Bu gün Azərbaycan ilə Moldova dövlətləri arasında əməkdaşlığın inkişafında diasporun da xüsusi rolu var. Moldovada yaşayan soydaşlarımız Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən, praqmatik siyasətindən ruhlanaraq qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirirlər”, - deyə Elçin Bayramov əlavə edib.
Çıxışlardan sonra səsvermə keçirilərək Elçin Bayramov yenidən növbəti müddət üçün Moldova Azərbaycanlıları Konqresinin sədri seçilib.
Daha sonra çıxış edən konqresin fəalı Maarif Rəhimov diasporaya göstərdiyi dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə, Azərbaycanın Moldovadakı səfirinə təşəkkürünü bildirib.
Tədbirin sonunda aktiv soydaşlarımız Moldova Azərbaycanlıları Konqresinin rəhbərliyi tərəfindən xüsusi diplomla mükafatlandırılıblar.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.