Türkiyə Dezinformasiya ilə Mübarizə Mərkəzi bəzi media resurslarında yayılan “İranın nüvə obyektlərinə hücum edən Amerika bombardmançı təyyarələrinin Türkiyə hava məkanından istifadə etməsi” barədə iddiaları təkzib edib.
Korrespondent.az xəbər verir ki, rəsmi açıqlamada bu iddiaların dezinformasiya olduğu vurğulanıb.
Bildirilib ki, İsrailin İrana qarşı başladığı hücumlarda Türkiyə hava məkanı heç bir şəkildə pozulmayıb, eyni zamanda ABŞ tərəfindən İranın nüvə obyektlərinə yönəlik həyata keçirilən hərbi əməliyyatlarda da Türkiyə hava məkanı qətiyyən istifadə olunmayıb.
Açıqlamada əlavə edilib ki, bombardmançı təyyarələr Amerika Birləşmiş Ştatlarından havaya qalxaraq, Cəbəllütariq boğazı istiqamətindən Aralıq dənizinin cənubundan keçməklə İsrailə çatmış, oradan isə İraq üzərindən İrana daxil olaraq hücumu həyata keçiriblər. Təyyarələr hücumdan sonra eyni marşrut üzrə geri qayıdıblar. Qırıcılar Aralıq dənizi üzərində (Girit adasının cənubunda) yanacaqla təmin olunaraq ABŞ-a qayıdıblar.
Türkiyə tərəfi bəyan edib ki, Yaxın Şərqdə sülh və sabitliyi dəstəkləməyə davam edir və bu istiqamətdə Prezident Rəcəb Tayyib Ərdoğan diplomatik təşəbbüslərə rəhbərlik edir. Əksini iddia edən bütün məlumatlar isə dezinformasiya xarakteri daşıyır.
Bildirilib ki, bu cür saxta məlumatlara qarşı ictimaiyyət diqqətli olmalıdır.