ABŞ-da avtomobil idarəetməsi zamanı yaranan mənəvi dilemmlərin həlli üçün pilotsuz avtomobilləri etik qərarlar qəbul etməyə qadir edəcək yeni metodika hazırlanıb. Şimali Karolina Universitetindən olan tədqiqatçılar bu yanaşmanın sınaqlarda effektiv olduğunu təsdiqləyiblər.
Valyuta.az xəbər verir ki, bu barədə “Interesting Engineering” nəşri məlumat yayıb.
Hazırlanan metodikanın əsasında “Agent-Əməl-Nəticə” modeli dayanır. Bu model aşağıdakı aspektləri nəzərə alır:
* Hərəkəti həyata keçirən şəxs kimdir (sürücünün xarakteri və ya niyyəti);
* Hərəkətin özü nədir (məsələn, sürət həddinin aşılması);
* Bu hərəkətin nəticəsi nə olur (digər yol iştirakçılarına təsiri).
Tədqiqatın həmmüəllifi və Şimali Karolina Dövlət Universitetinin professoru Velko Dubleviç qeyd edib ki, çox az adam bilərəkdən qəzaya səbəb olur və ya başqalarına qəsdən zərər verir:
"Qəzalar çox zaman əhəmiyyətsiz görünən gündəlik qərarlardan yaranır. Məsələn, sürəti saatda 5 mil (təxminən 8 km/saat) artırmaq və ya "Stop" nişanı qarşısında tam dayanmaqdan imtina etmək. Biz belə qərarları necə veririk? Sükanda nəyi mənəvi saymaq olar? Bu suallara cavab tapmaq və bu qərarları ölçülə bilən formada qeyd etmək vacibdir. Çünki belə məlumatlar olmadan pilotsuz avtomobilləri etik qərarlar qəbul etməyə öyrətmək mümkün deyil".
Tədqiqat çərçivəsində 274 fəlsəfə üzrə mütəxəssis cəlb olunub. Onlara müxtəlif yol vəziyyətləri göstərilib və sürücülərin qərarlarının mənəvi baxımdan nə dərəcədə məqbul olduğu sorğulanıb. Qiymətləndirmə üçün iştirakçıların etik mövqelərini müəyyən edən təsdiqlənmiş ölçmə şkalasından istifadə olunub.
Araşdırmanın müəllifləri bildirirlər ki, mövcud tədqiqatların əksəriyyəti yüksək riskli etik dilemmalara yönəlsə də, bu tədqiqat gündəlik həyatda baş verən, aşağı riskli və real hallara fokuslanıb.
Ən maraqlı məqam isə budur ki, fəlsəfi yönəlməsindən asılı olmayaraq, iştirakçılar eyni nəticələrə gəliblər. Bu isə, alimlərin həmin nəticələri ümumiləşdirərək süni intellektin təlimində istifadə edə biləcəyini göstərir.
Paşa Məmmədli