İran və İsrail arasında sülh danışıqlarının başlanması haqqında məlumat yayılıb. İran tərəfi bunu təkzib etsə də, İran Televiziyası bu gün səhərdən danışıqların başlandığı haqqında məlumat yayıb.
Politoloq Arzuman Muradlı saytımıza açıqlamasında bildirib ki, İran və İsrail arasında sülh danışıqlarının başlanması region üçün olduqca vacibdir.
” Bu gecə ABŞ Prezidenti Donald Tramp İsrail və İran arasında atəşkəs razılaşması əldə edildiyini bəyan etdi. Bu razılaşmanın Qətərin vasitəçiliyi ilə baş tutduğu haqqında məlumat yayıldı. Lakin İran rəsmiləri tam atəşkəs razılaşmasının olmadığını, lakin İsrailin hücumlarını dayandıracağı təqdirdə cavab tədbirlərini dayandıracaqlarını açıqladılar. Misir Prezidenti Əbdülfəttah Sisi İranlı həmkarı Məsud Pezeşkianla telefon danışığında İran və İsrail arasındakı münaqişənin sülh yolu ilə həll edilməsinin vacibliyini vurğulayıb. Daha vacib bir məqam isə elə bu gecə Trampın İran tərəfinə nüvə proqramı ilə bağlı danışıqları bərpa etməyə hazır olduğunu açıqlaması idi. Ümumilikdə, İran və İsrail arasında tarixi düşmənçilik və ideoloji fərqliliklər sülh müqaviləsinin əldə olunmasını çətinləşdirən əsas amillərdir. Lakin beynəlxalq ictimaiyyət, xüsusilə də ABŞ və bəzi regional ölkələr gərginliyin azaldılması və sülh danışıqlarının başlaması üçün səylərini davam etdirirlər. Gələcəkdə vəziyyətin necə inkişaf edəcəyini proqnozlaşdırmaq çətindir, lakin hazırda mövcud olan münasibətlər sülh müqaviləsinin yaxın zamanda bağlanmasından çox, gərginliyin və hərbi qarşıdurmaların davam etdiyini göstərir.”- deyə Arzuman Muradlı bildirib.