"ABŞ-ın "Midnight Hammer" əməliyyatı həm İrana, həm də Rusiyaya açıq bir siqnal idi..."
ABŞ və İsrailin İrana qarşı birgə keçirdiyi "Midnight Hammer" hava əməliyyatı, sadəcə, Tehranın nüvə obyektlərinə zərbə deyildi. Bu, həm də Rusiyanın hava hücumundan müdafiə sistemlərinin (HHM) rəsmi şəkildə rüsvay edilməsi idi.
Moderator.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb.
Nəşr yazır ki, ABŞ və İsrail təyyarələri İranın hava məkanında tam dominantlıq əldə etdilər, halbuki həmin məkanı Rusiyanın ən müasir sistemləri - S-300, S-400 və S-500 qoruyurdu. Nəticə isə total iflas oldu.
Moskvanın itirilmiş inamı
Kreml bu fiaskodan sarsılıb. İrana satılmış və illərlə "təhlükəsizlik qalxanı" kimi təqdim edilmiş Rusiya istehsalı olan HHM sistemləri Amerikanın yüksək texnoloji stealth (radardan yayınan) hücumları qarşısında tam aciz qaldı. Əgər bu texnologiya Tehran səmasında bu qədər asanlıqla nəticə verirsə, o zaman Ukrayna səmasında nələr baş verə bilər? Rusiya bu sual qarşısında indi real şəkildə narahatdır.
Bu, Ukrayna üçün geosiyasi mənada qızıl fürsətdir. Artıq ukraynalılar Rusiyanın strateji bombardmançılarına qarşı uğurlu hücumlar həyata keçiriblər ("Hörümçək toru" əməliyyatı buna bariz nümunədir). Amma indi İranda yaşananlar bir daha sübut edir ki, Qərb texnologiyası qarşısında Rusiya hərbi sənayesinin parlaq reklamı boş hay-küy imiş.
Kiyevin əlində strateji üstünlüklər
Ukrayna indi Qərbə belə bir arqument təqdim edə bilər: Əgər siz bizə İsrailin aldığı səviyyədə dəstək versəniz, Rusiya torpaqlarında hədəfləri zərbə altına almaq daha real olar. Artıq bu, təkcə fantaziya deyil - İran nümunəsi göz önündədir. ABŞ və İsrail təkcə nüvə obyektlərini vurmadı, həm də hədəfləri müəyyənləşdirdi, komanda strukturlarına daxil oldu, şəxsi hədəfləri məhv etdi.
Putin üçün bu, sadəcə texniki məğlubiyyət deyil, siyasi məğlubiyyətdir. Çünki o, insan itkisinə əhəmiyyət verməsə də, sistemlərinin zəifliyi onu sülh danışıqları haqqında düşünməyə vadar edir. Son zamanlar Rusiyanın danışıqlardan daha çox bəhs etməsi də bu qorxudan doğur.
Yeni dövrün siqnalı
ABŞ-ın İranda nümayiş etdirdiyi güc yalnız Tehrana mesaj deyildi, Moskva üçün də açıq xəbərdarlıq idi: çağdaş müharibələrdə üstünlüyü tanklar deyil, texnologiyalar müəyyən edir. Və əgər Qərb Ukraynaya tam arsenal təqdim etsə, Putin daha çox itki vermək əvəzinə, sonda geri çəkilməyə məcbur ola bilər.
Bu hadisə həm də onu göstərir ki, dünya daha çox proksi savaş dövründən birbaşa texnoloji dominantlığa keçib. Ukrayna bu mərhələdə daha güclü texnoloji dəstəyə sahib olsa, Rusiya üçün yeni mərhələdə nəticə qaçılmaz ola bilər.
Yaxın Şərqdə eskalasiya və Trampın reaksiyası
Xatırladaq ki, 22 iyun tarixində ABŞ Hərbi Hava Qüvvələri İranın nüvə infrastrukturlarına zərbələr endirib. Bu əməliyyatdan sonra Ağ Ev Tehranı nüvə proqramını dayandırmaq üçün yenidən danışıqlara çağırıb.
Əvəzində, 23 iyunda İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına raket zərbələri endirib. Lakin ABŞ prezidenti Donald Tramp bu hücumu "zəif" adlandırıb və tərəfləri gərginliyi azaltmağa çağırıb.
Nəhayət, bu gün Tramp bildirib ki, İsrail və İran tam atəşkəs barədə razılığa gəlib. Bu isə, görünən odur ki, ABŞ-ın regionda yalnız güc nümayiş etdirməklə deyil, həm də diplomatik mexanizmlərlə təsir imkanının hələ də aktiv olduğunu sübut edir.
İran üzərindəki ABŞ-İsrail hava zərbələri Rusiyanın HHM sistemlərinin zəifliyini göz önünə çıxardı. Bu, həm Moskva üçün nüfuz itkisi, həm də Ukrayna üçün strateji üstünlük deməkdir. İndi Kiyev Qərbdən daha güclü dəstək tələb etmək üçün real və parlaq bir presedentə sahibdir. Putin isə ilk dəfə olaraq texnoloji gerilik qarşısında bu qədər çarəsiz görünür.