AZ

Aİ nin xarici enerji siyasəti çərçivəsində Azərbaycan güclü mövqeyini getdikcə daha da artırır

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

“Enerji təhlükəsizliyi milli təhlükəsizliyin vacib elementlərindən biri kimi son illərdə siyasətçilər üçün prioritet olaraq yenidən önə çıxdı. Enerji təhlükəsizliyinin aktual problemləri sahənin önəmini artırmaqla yanaşı, həm də təmiz enerjinin mənimsənilməsini sürətləndirən yeni enerji siyasəti dalğası yaratdı. Habelə, qlobal iqtisadi böhran hökumətləri təmiz enerji keçidlərinə üstünlük verən yeni yanaşmaları işə salmağa sövq etdi”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib ki, beynəlxalq münasibətlərdə baş verən hadisələr bir-birinə bağlı enerji sistemlərinin yaratdığı riskləri vurğulayaraq, qlobal miqyasda enerji qiymətlərinin artmasına gətirib çıxartdı və beləliklə, sanki ölkələrə ənənəvi enerji təhlükəsizliyi problemləri yenidən xatırladıldı.

Azər Badamov

“Artan geosiyasi gərginliklər və iqlimin yaratdığı ekstremal hava şəraiti fonunda ticarət yollarının kəsilməsi vəziyyəti daha da çətinləşdirir, enerji sistemlərini yeni zəifliklərə məruz qoyur. Ölkələr hər zaman olduğundan daha çox davamlılıq, əlverişlilik, rəqabətqabiliyyətlilik və təhlükəsizlik kimi bir-biri ilə əlaqəli məqsədləri tarazlaşdırmaq üçün yeni yanaşmaları nəzərdən keçirməli və qəbul etməlidirlər. Məsələ ondan ibarətdir ki, hökumətlər enerji təhlükəsizliyini təmin etməklə yanaşı, həm də uzunmüddətli səylərinə çatmaq yolunda olan boşluqları aradan qaldırmaq üçün istifadə etdikləri siyasət növlərində və bu siyasətlərin harada və necə tətbiq olunmasında sayıq yanaşma ortaya qoymalıdırlar. Geriyə dönüb baxdığımız zaman belə bir mürəkkəb məsələdə bütün keşməkeşli yollara baxmayaraq Azərbaycan dövlətinin olduqca ağıllı yanaşma ortaya qoyduğunun şahidi oluruq.

Müstəqilliyin ilk illərində yaşadığımız çətinliklərdən biri də məhz enerji təminatı məsələsi idi ki, bu çətinliyi aradan götürmək üçün Ümummilli lider Heydər Əliyev olduqca çevik addımlar atdı. 1974-cü ildə Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının təməli qoyuldu. Ümummilli Liderimizin gərgin əməyi nəticəsində yaradılmış bu stansiya üzləşdiyimiz çətinliklər fonunda köməyimizə çatdı. Həm əhali, həm də müəssisələr enerji ilə təmin edilməyə başladı ki, bu da istehsalın müxtəlif sahələrinə müsbət təsir etməyə başladı.

Ötən dövrə nəzər yetirdiyimiz zaman görürük ki, Azərbaycan son 20 ildə energetika sistemini sıfırdan qurmağa müvəffəq olub. Ölkəmizin ən böyük elektrik stansiyası olan və 1880 meqavat gücünə malik “8 Noyabr” Elektrik Stansiyasının açılışı isə tarixi hadisə olmaqla yanaşı, həm də energetiklərimizin, ölkəmizin qürur yeridir. Enerji səmərəliliyinin artırılması, yüksək səmərəli elektrik cihazlarının istifadəsi, yaşayış, ictimai və sənaye ərazilərində lazımsız elektrik istehlakının minimuma endirilməsi bu gün hər bir dövlətin qarşısında duran prioritet məsələlərdən biridir. Dünya dövlətlərinin nümayiş etdirdiyi belə kritik yanaşma fonunda mövcud stansiya Azərbaycanın enerji potensialını artırır və Cənubi Qafqazda enerji mərkəzi statusumuzu möhkəmləndirir. “8 Noyabr” Elektrik Stansiyasının qısa müddət ərzində reallaşması da Azərbaycanın, energetiklərimizin bu sahədə güclü təcrübəyə sahib olduğundan xəbər verir. Azərbaycan digər sahələrdə olduğu energetika sahəsində də beynəlxalq əməkdaşlarla birgə, qurucu səylər ortaya qoyur”-deyən deputat vurğulayıb ki, bu baxımdan Çin və İtaliya fərqlənən iki aktordur ki, strateji və vacib ticarət tərəfdaşı olan iki ölkə ilə beynəlxalq əməkdaşlığın nümunəvi forması nümayiş olunur.

Azər Badamov bildirib ki, “8 Noyabr” Elektrik Stansiyasının istismara verilməsi enerji istehlakını azaltmaq, enerji keyfiyyətini artırmaq və davamlı iqtisadi və ekoloji faydalara nail olmaq baxımından son dərəcə mühüm hadisədir.

Deputatın fikrincə, təbii qaza ediləcək qənaətə xidmət edən bu addım Azərbaycanın dünya qaz bazarlarında mövqeyini artıracaq: “Enerji siyasətimizin düzgün yolda olmasının nəticəsidir ki, bu status həm də regionu aşaraq ayaq səsləri Avropadan eşidilir. Avropa İttifaqı enerji təhlükəsizliyini prioritetləşdirməyə başladığı vaxtdan bəri Azərbaycan xüsusi diqqət yetirilən qalıq yanacaq ixracatçısıdır. Avropa ehtiyac duyan, Azərbaycan isə əhəmiyyətli təbii qaz ehtiyatları və hasilatı ilə Xəzər regionunda seçilən tərəfdir. Aİ-nin xarici enerji siyasəti çərçivəsində Azərbaycan güclü mövqeyini getdikcə daha da artırır. Bu baxımdandır ki, məhz qarşı tərəf Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı adlandırır”.

Azər Badamov qeyd edib ki, müharibənin nə olduğu bilən, enerjinin əhəmiyyəti və kritikliyi fonunda Ermənistan tərəfindən Mingəçevir Elektrik Stansiyasını sıradan çıxarmaq kimi təhdidlərlə üz-üzə qalan, Gəncəni, Mingəçeviri, Bərdəni, Tərtəri, Ağdamı və münaqişə zonasından olduqca uzaqda yerləşən çoxsaylı yaşayış məntəqələrini atəşə tutan hərbi cinayətkar bu dövlətdən fərqli olaraq Azərbaycan etibarlı tərəfdaş kimi, habelə mürəkkəb kombinasiyalarla dolu olan bugünkü dünya siyasətində düzgün siyasəti, yanaşması ilə sabitlik məkanı kimi tanınır.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
72
50
bizimyol.info

10Mənbələr