"Vaşinqtonla Avropa arasında balans axtarışı: NATO öz prinsiplərindən nə qədər geri çəkildi?.."
2025-ci ildə Haaqada keçirilmiş NATO zirvəsi rəsmi sənədlərdən və diplomatik bəyanatlardan daha çox səhnələşdirilmiş bir tamaşanı xatırladırdı.
Moderator.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb.
Nəşr yazır ki, zirvə formal olaraq Alyansın gələcəyi ilə bağlı mühüm qərarlar versə də, mahiyyət etibarilə bir məqsədə xidmət edirdi: ABŞ prezidenti Donald Trampı razı salmaq.
"Papanın könlünü almaq": şəxsi komplimentlər, qısa bəyannamə və diplomatik teatr
Zirvə boyunca Trampın əhvalı təşkilatçılar üçün əsas prioritet oldu. NATO-nun baş katibi, niderlandlı siyasətçi Mark Rütte Trampın dilinə uyğun bir üslubda çıxış edərək onu "papa" adlandırdı, bəyanatında böyük hərflərlə cümlələr yazdı və Trampın Avropanı daha çox hərbi xərclərə vadar etməsini "tarixi uğur" adlandırdı. Hətta Trampın Yaxın Şərqdəki sərt bəyanatlarını da "papanın bəzən əsəbiləşməsi" kimi yumşaltdı. Bu səmimilik və təriflərlə dolu ünsiyyət tərzi öz bəhrəsini verdi: Tramp Haaqadan məmnun ayrıldı və jurnalistlərə dedi ki, "bu insanlar ölkələrini sevir və biz onlara kömək etmək, onları qorumaq üçün buradayıq".
Tamaşanın əsas ssenarisi: qısa sənədlər, dərin sükut
NATO tarixində ilk dəfə olaraq yekun bəyannamə cəmi 424 sözdən ibarət oldu. Xüsusilə də Rusiya ilə Ukrayna məsələsində heç bir sərt ifadə, heç bir konkret mövqe yoxdur. Rusiya "uzunmüddətli təhlükə" kimi qeyd olunsa da, onun Ukraynaya qarşı apardığı müharibə açıq şəkildə pislənmədi. Ukraynaya dəstək isə yalnız ümumi şəkildə və detal göstərilmədən ifadə edildi. Bu susqunluq isə təsadüfi deyildi. Alyans Trampın inciməməsi naminə prinsipial mövqelərdən geri çəkildi. Bəzi ekspertlər bu vəziyyəti "kompromisin diplomatiyası" adlandırdı: əsas məqsəd ABŞ-ın NATO-dan üz döndərməsinin qarşısını almaq idi.
ABŞ-a güzəştlərin bədəli: daha çox pul, daha az prinsip
Zirvənin ən konkret nəticəsi NATO ölkələrinin hərbi xərcləri artırmaq barədə razılığı oldu. ABŞ-ın tələbi ilə ümumi müdafiə xərclərinin 5 faizə çatdırılması razılaşdırıldı, bunun 3,5 faizi orduya, 1,5 faizi isə infrastrukturun modernləşdirilməsinə yönələcək. Yalnız İspaniya bu qərara qarşı çıxaraq Trampın hiddətini qazandı və o, Madridə qarşı "sərt danışıqlar" aparacağı ilə hədələdi. Bu, NATO-nun ABŞ-ın tələblərinə nə qədər bağlı olduğunu bir daha göstərdi: Alyansın ümumi hərbi büdcəsinin 66 faizi hələ də ABŞ tərəfindən qarşılanır.
"Qırmızı xətlər" artıq yoxdur?
Ekspertlər narahatdır. ABŞ-ın keçmiş NATO səfiri Juliana Smit zirvənin Ukraynadakı müharibəni faktiki olaraq görməzdən gəldiyini vurğulayaraq bunun "hamımız üçün xəbərdaredici siqnal" olduğunu deyib. Slovakiyanın keçmiş NATO səfiri Peter Bator isə "biz Kreml rəhbərinə strateji siqnal vermək imkanını əldən verdik" deyərək bu kompromisin Qərb üçün təhlükəli nəticələr doğura biləcəyini bildirib. Həmçinin keçmiş NATO sözçüsü Oana Lunqesku bildirib ki, Avropadakı rəsmilərin çoxu ABŞ-ın tezliklə Avropadan qoşunlarını və resurslarını çəkəcəyini gözləyir, amma bunun nə vaxt və hansı miqyasda baş verəcəyi hələ də bəlli deyil.
NATO birliyini qorudu, amma nəyin bahasına?
Zirvə Trampın dəstəyini almaq üçün təşkil edilmiş diplomatik bir səhnə idi - hər cümlə, hər jest bu məqsədə xidmət edirdi. NATO formaca birliyini qorusa da, daxildə dərin fikir ayrılıqları və strateji boşluqlar gizlədildi. Rusiya ilə bağlı prinsipiallıqdan imtina, Ukraynanın gələcəyi ilə bağlı qeyri-müəyyənlik və Avropanın artan asılılığı - bunlar hamısı Trampın xoşuna gəlmək üçün verilmiş güzəştlər kimi qiymətləndirilir. Əlbəttə, "papa" zirvədən məmnun ayrıldı. Amma bu məmnuniyyətin NATO-ya gələcəkdə nə qədər baha başa gələcəyi hələ bəlli deyil.