AZ

"Putin müdafiə xərclərini azaldacağını açıqlayıb" - "The Telegraph"

"Rusiya iqtisadiyyatı tənəzzül astanasındadır, Kreml isə xərcləri azaltmağa məcburdur..."
 
Vladimir Putin 2026-cı ildən etibarən Rusiya Federasiyasının müdafiə büdcəsinin azaldılacağını bəyan edib. Bu qərar, Rusiya iqtisadiyyatının böhranla üz-üzə qaldığı, iqtisadi inkişafın dayanma nöqtəsinə gəlib çatdığı bir vaxtda verilir.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb.
 
Nəşr qeyd edir ki, Putin bu planın üç il ərzində mərhələli şəkildə həyata keçiriləcəyini deyib. O, eyni zamanda NATO-nun müdafiə xərclərini ÜDM-in 5 faizinə qədər artırmaq niyyətini tənqid edib və bildirib: "Onlar bu pulları ya ABŞ-dan silah almağa, ya da öz hərbi-sənaye komplekslərini dəstəkləməyə xərcləyəcəklər. Bəs bu halda, aqressiv fəaliyyətlərə kim hazırlaşır - biz, yoxsa onlar?"
 
"Rusiya tənəzzülə sürüklənir"
 
Putinin bu açıqlaması Rusiya iqtisadiyyatının faktiki olaraq "resessiya astanasında" olduğunu bildirən İqtisadi İnkişaf naziri Maksim Reşetnikovun bəyanatından dərhal sonra verilib. Qəzetin yazdığına görə, Ukraynaya qarşı müharibə fonunda Kreml ordunu tamamlayacaq əsgərləri cəlb etmək üçün yüksək maaşlar və bonuslar vəd edir.
 
Lakin bu siyasət yalnız hərbi-sənaye kompleksinin xeyrinə işləyir. Xüsusi sektor isə əksinə, azalan tələbat, artan xərclər və yüksək faiz dərəcələri səbəbindən ağır zərbə alıb. Kredit riski artır, sahibkarlar isə iflas təhlükəsi ilə üz-üzədir.
 
Bundan əlavə, qarşıdakı illərdə Rusiyanın müharibədən qayıdan əsgərlərin cəmiyyətə reinteqrasiyası üçün əlavə vəsait xərcləməli olacağı vurğulanır. Statistikaya görə, təxminən 140 min rusiyalı hərbçidən yarısı mülki həyata dönəndən sonra iş tapa bilməyib, yəni işsizdir.
 
Sanksiya təzyiqi artır: Kiyev daha sistemli işləyir
 
Digər tərəfdən, Ukrayna Rusiyaya qarşı sanksiya strategiyasını da yeniləyib. Kiyev indi Avropa İttifaqı və G7 ilə koordinasiyalı şəkildə yeni təzyiq mexanizmləri tətbiq etməyə başlayıb. Prezident Vladimir Zelenski Avropa İttifaqından Rusiyaya qarşı 18-ci sanksiya paketinin qəbulunu tələb edir. Bu paketdə əsas hədəflər kimi neft ticarəti, kölgə donanması, bank sektoru və Rusiyanın silah istehsalı üçün zəncirvari təchizat kanalları göstərilir. 
 
Rusiya artıq sadəcə savaş meydanında deyil, iqtisadi və sosial sahələrdə də mövcudluq savaşı aparır. Putin ordunu maliyyələşdirmək üçün indiyə qədər əlindən gələni edib, amma indi reallıq onu xərcləri azaltmağa vadar edir. Sual isə budur: bu qənaət Rusiya üçün xilas, yoxsa daha böyük çöküşün başlanğıcı olacaq?
Seçilən
2
14
moderator.az

10Mənbələr