Kimə inanasan?
Zaman informasiya əsridir. Elə yerə gəlmişik ki, bu informasiya axınının içində boğuluruq. Xəbərlər çoxdur. Rəylər, paylaşımlar, videolar, açıqlamalar, daha nələr… Ortada həqiqət yoxdur.
İsrail İrana hücum edir, Amerika İranı bombalayıb, İran İsraili raket atəşinə tutub, üstəlik ABŞ-nin Qətərdəki hərbi bazalarına “icazəli” zərbələr endirib…
Normalda bu, Üçüncü Dünya müharibəsinin başlanğıcı olmalıydı. Amma baxırsan ki, bu savaş o deyil, başqa bir savaşdı, daha çox da informasiya savaşı...
Dəhşətli müharibə, ya dəhşətli manipulyasiya?
Əgər bu xəbərləri real hadisələr kimi götürsək, bəşəriyyətin sonuna çox az qalır. Diqqətlə baxdıqda, bu “böyük müharibə”nin tankla, təyyarə ilə deyil, tvit-lə, reels-lə, statusla aparıldığını görürük. "Youtube", X (Twitter), "Facebook", "Instagram" və "Telegram"da başlayan müharibə əslində gözümüzü qorxudan əsas meydandır.
Hər yeni paylaşım, bir raket kimidir. Hər status bir atəş olur. Hər montajlı video bir təbliğat broşurasıdır. Haraya gəldik…
Müxtəlif media “gerçəklikləri”
Amerika mediası İranı terror yuvası kimi təqdim edir, İsrailin özünü qoruduğunu yazır, İranı vurduğunu, zəifltdiyini iddia edir.
İran mediası qələbəsini bayram edir, xalqına “qalib gəldik” deyir.
Rusiya, Çin, Pakistan, Avropa mediası hərəsi bir tərəfdə, öz maraqları uğrunda yazır, göstərir, susur. Bu xəbərlərin hansında həqiqət var?
Sosial media, müasir dövrün səngəri
Bu müharibədə informasiya döyüşçüləri var. Onlar influenserlər, media qurumları, trollar, botlar və başaları və sairlərdi.
Sosial media bir tərəfdən xalqın səsinə çevrilir, digər tərəfdən manipulyasiyanın əsas silahı olur. Biri “İran çökdü” deyir, o biri “İsrail qırıldı” yazır. Başqa bir paylaşımda “dünya müharibəyə gedir”, digərində isə “atəşkəs əldə edildi” söylənilir.
Atəşkəs, nə atəşkəs?
İndi “atəşkəs” elan edilib. Amma bu, kiminlə kim arasında baş verib? Hansı razılaşma, hansı nəticə oldu ? Bilən yoxdur. İsrail deyir ki, necə divan tutdusa, bundan sonra “İran nüvə silahından məhrum edildi”. İran isə qələbə münasibətilə özünü təbrik edir.
Allah, Allah!
Bu, müharibənin sonudurmu, yoxsa daha böyük bir saxtakarlığın başlanğıcı?
Göz, qulaq, yoxsa ağıl, nə ilə inanmalı?
Bütün bunlardan sonra insan özünə sual verir. Nə baş verdi? Kim qalib gəldi? Kim uduzdu? Nə qədər insan öldüb?
Bilmirik. Ən dəhşətlisi budur. Gözümüz gördüyünə, qulağımız eşitdiyinə belə, inana bilmir artıq. Yalan o qədər həqiqətə bürünüb ki, gerçək görünən yalanlar dövründə yaşayırıq.
İnformasiya müharibəsi real müharibədən təhlükəlidir
Əslində bu savaşın ən qorxulu tərəfi budur ki, informasiya müharibəsi daha dərin izlər qoyur. Gördüklərimiz zehinlərimizi zəhərləyir. Birini tanımadan düşmənə çeviririk. Özümüzdən, bir-birimizdən şübhələnirik. Cəmiyyət informasiya əsasında parçalara bölünür.
Bütün müharibələr rədd olsun!
Bu savaşın içində qalib varmı. Müharibə nə şəkildə olursa olsun, ya raketlə, ya qılıncla ya xəbərlə, nəticə birdir, dağıdır, bölür, məhv edir. Sülh informasiya qədər vacibdir. Çünki informasiya da bir silahdır. Yanlış məlumat yanlış addıma gətirir, yanlış addım isə müharibə deməkdir.
Allah axırını xeyirə calasın…
Hiss edirsən ki, bu dəfə, dualardan daha çox ağıla ehtiyacımız var.
Ağılla baxanda İsrail də, İran da qalibdir. Özləri belə deyirlər.
Belə çıxır ki, uduzan mənəm, sənsən.
Elnur Əmirov