1992-ci ildə sənət adamları cəbhə bölgəsinə gedir, əsgərlərə pay aparar, həm də onların könüllərini almaq üçün konsert verirdilər.
Həmin səfərlərin birinə bəstəkar Cavanşir Quliyev də qoşulub. 1992-ci ilin əvvəllərində, hələ Şuşa ilə Laçın işğal olunmazdan əvvəl cəbhə bölgəsinə səfər zamanı Laçın batalyonunda Cavanşir Quliyevə sözləri Əli Kaminə məxsus şeir verirlər ki, bu sözlərə bir marş yazsın, çünki cəbhədə əsgərlər üçün oxumağa öz dilimizdə mahnı yoxdur, hamısı ruscadır.
Cavanşir Quliyev həmin vərəqi götürüb Bakıya gəlir. Bakıda Azərbaycan Televiziyasının ovaxtkı rəhbəri Elşad Quliyev də bəstəkardan marş yazmağı xahiş edir. Xocalı faciəsindən sonra həm ön, həm də arxa cəbhədə insanlar narahat idilər, bu narahatlığın aradan qalxması üçün də milli ruhlu vətənpərvərlik marşlarına ehtiyac duyulurdu. Elşad Quliyev Cavanşir Quliyevdən bu işin üstünə bərk düşməyi xahiş edir. Cavanşir Quliyev də cəbhədəki vəziyyəti görəndən sonra inamla marş yazmağa başlayır.
Marş ilk dəfə Laçın batalyonundakı əsgərlərə dinlədilib. Elə bəstənin ilk adı da məhz "Laçın batalyonunun marşı" olub. Tezliklə bu bəstə ölkənin dörd bir yanına yayılır, hamı da ona "Əsgər marşı" deməyə başlayır. Cavanşir Quliyev də marşın yeni adı ilə razılaşır.
Bundan əlavə, Cavanşir Quliyev "Fərhad" filmi üçün də "Qarabağ marşı" bəstələyir. Ancaq bu bəstənin filmə uyğun gəlmədiyi düşünüldüyündən istifadə olunmur. Şəxsi arxivində səsi saxlayan C.Quliyev İkinci Qarabağ müharibəsində ilk dəfə bu bəstəni özünün "Facebook" hesabında paylaşıb. Qısa zamanda populyarlıq qazanan həmin marş Vətən müharibəsi dövründə ən çox dinlənilən bəstələrdən birinə çevrilir.
Far.Az xəbər verir ki, Modern.az-a açıqlamasında Cavanşir Quliyev yeni marşlara münasibət bildirib:
"O bəstələrə mən deyil, siz - dinləyicilər dəyər verməlidirlər. Mən yazılan bəstələrin hamısını dinləməmişəm, ona görə də nəsə demək düzgün olmaz. Azərbaycana döndüyüm cəmi 3 ildir, olmadığım 17 ildə çox əsər yazılıb, onları dinləməyə vaxtım yoxdur. Amma bəstələrin nə qədər uğurlu olması dinləyicilərin yaddaşında qalmasından aslıdır".
1993-cü ildə yazdığı "Qarabağ marşı" da dinləyicilər tərəfindən sevilən C.Quliyev daha marş yazmayacağını da açıqlayıb.
"Mən marşımı yazdım. Adam neçə dəfə sübut edər ki, dəvə deyil? Daha marş yazmayacağam!"