AZ

Üzeyir Hacıbəylinin Türkiyəyə göndərdiyi not yazıları – NADİR SƏNƏDLƏR

BAKI, 28 iyun. TELEQRAF

Bu il görkəmli bəstəkar, ictimai xadim, pedaqoq Üzeyir bəy Hacıbəylinin anadan olmasının 140-cı ildönümüdür. Bu münasibətlə Türkiyə arxivlərindəki maraqlı bir sənədi təqdim edirik.

Hələ çar dövründən etibarən əsərləri Osmanlı Türkiyəsində məşhurlaşan Üzeyir bəyin “Arşın mal alan” və “O olmasın bu olsun” kimi musiqili komediyaları bu ölkədə dəfələrlə səhnəyə qoyulmuşdu. Həm mühacirətdəki azərbaycanlı sənətkarlar, həm də türk aktyorlar tərəfindən İstanbulda və digər şəhərlərdə oynanılan bu əsərlər böyük rəğbət qazanmışdı.

Bu baxımdan Hacıbəylinin irsi Türkiyə elmi dairələrinə və ictimaiyyətinə bəlli idi. Sovet dövründə əlaqələrin zəifliyinə baxmayaraq Türkiyədə Üzeyir bəyin irsinə olan maraq davam edirdi. Xüsusilə “Koroğlu” operası kimi əsrarəngiz bir əsərin Türkiyə musiqişünaslarının marağına səbəb olacağı şübhəsizdi.

Türkiyə arxivlərində tədqiqat apararkən bununla bağlı maraqlı bir sənədə rast gəldik.

“Koroğlu” operası necə yaranıb?

Üzeyir bəy bu opera üzərində 1932-1936-cı illərdə çalışıb. 5 pәrdәli operanın libretto müәlliflәri Heydər İsmayılov vә Məhəmməd Səid Ordubadidir. Librettonun yaradılmasında bəstəkar özü də fәal iştirak edib.

Əsərin ilk tamaşası 1937-ci il aprelin 30-da Opera və Balet Teatrında baş tutub. Opera 1938-ci ildə Moskvada Azərbaycan İncəsənəti Dekadasında uğur qazanıb, 1941-ci ildə Stalin mükafatına layiq görülüb. Əsər özbək, türkmən, rus, erməni dillərində də səhnəyə qoyulub, Təbriz, Tiflis, Kiyev, Peterburq kimi şəhərlərdə oynanılıb.

Üzeyir bəy bu əsərini necə yaratması ilə bağlı qələmə aldığı məqaləsində yazırdı:

““Koroğlu” operasının yazılmasından daha 20 il qabaq xalq musiqisinin əsaslarını və köklərini öyrənmək işinə başlamışdım. Bu sahədə hazırladığım bir çox məruzələr ətrafında musiqi həvəskarlarının mübahisə və müzakirələrini izləyirdim. Bu yol ilə el musiqisini nə qədər öyrənə bildiyimi sınayırdım, digər tərəfdən, bəstəkara məxsus sənətkarlıq texnikasındakı hiss etdiyim nöqsanların ləğvinə çalışırdım. Opera yazmaq sənətinin hər bir cəhətini ətraflı öyrənirdim.

Bütün bunların yekununda 1930-cu ildə “Koroğlu” operasını yazmaq üçün özümdə hazırlıq hiss edərək, cəsarətlə işə başladım. Burada qarşımda duran əsas məqsəd: yazacağım “Koroğlu” operasının Azərbaycan xalqının, bizim kolxozçuların, fəhlələrin və əməkçi intelligensiyanın bugünkü tələblərini ödəyə biləcək və eyni zamanda bütün Sovet İttifaqı xalqları arasında da asanlıqla dərk edilə biləcək bir əsər olması idi...

“Koroğlu”nun musiqisinə aid bu məsələləri bütün incəliklərinə qədər nəzərə alaraq, yazdıqlarımı əvvəlcə özüm-özümü tənqid yolu ilə nəzərdən keçirirdim. Buna görə də onun yazılışı 4 il vaxt tələb etmişdir. Onun yazılışında operaya məxsus yazı metodlarına riayət etməkdən başqa eyni zamanda Azərbaycan el musiqisi üzərində qurulacaq bu böyük formalı musiqi əsərinin musiqimizin tərəqqisi yolunda nə kimi xidmət edəcəyini də nəzərdə tuturdum.

“Koroğlu” operası yazılmışdır. Xalqımız mənim əməyimə böyük qiymət verir. Bu mənim üçün xoş və fərəhlidir... Sənətimin məhsulu olan bu əsər sosialist vətənimiz tərəfindən mənə incəsənət işçiləri arasında ən böyük mükafat—Xalq artisti olmaq kimi iftixar ediləcək yüksək bir ad qazandırmışdır”.

Qeyd edək ki, bu məqalə 1938-ci ildə Moskvada keçirilmiş Azərbaycan İncəsənəti Dekadası münasibətilə yazılıb, “Kommunist” qəzetinin 1938-ci il 5 aprel tarixli nömrəsində çap olunub.

“Koroğlu” operası Türkiyədə

Türkiyə ictimaiyyəti “Koroğlu” operası ilə ilk dəfə radio vasitəsilə tanış olub. Belə ki, 16 iyun 1939-cu ildə SSRİ-nin VOKS cəmiyyəti ilə radio komitəsi Türkiyə üçün bir radio konserti tərtib edib. Qarşılıqlı sənət mübadiləsi məqsədilə baş tutan bu proqramda türk sənətçilərdən Necil Kazım Akses, Həsən Fərid Alnarın əsərləri ifa edilib, Azərbaycan bəstəkarlarından isə Müslüm Maqomayevin “Şah İsmayıl” operasından Şah İsmayılın ariyası, Hacıbəylinin “Koroğlu” operasından iki ariya, eləcə də Asəf Zeynallının bir əsəri təqdim olunub.

Görünür, opera böyük maraq oyatdığı üçün Ankara Dövlət Konservatoriyası əsərin notlarını təmin etmək istəyib. Türkiyə Xariciyyə Vəkalətinin 31 dekabr 1942-ci ildə SSRİ-dəki Kuybişev səfirliyinə göndərdiyi sənəddə yazılıb:

“Azərbaycanın tanınmış bəstəkarlarından Hacıbəyovun “Koroğlu” operasının plastinkaları ilə birlikdə orkestr və səs materiallarının, orkestr üçün partiturasının Ankara Dövlət Konservatoriyası üçün tədarük edilməsinin nəzərdə tutulduğunu Maarif Vəkalətindən bu mövzuda alınan yazıda bildirilməkdədir. Bu əsərin nə surətlə tədarük edilə biləcəyinin təhqiqinin və nəticəsinin işarını rica edirəm”.

Burada haşiyə çıxaraq qeyd edək ki, II Dünya müharibəsinin gedişatında almanların Moskvanı ələ keçirməsi təhlükəsinə görə Türkiyə səfirliyi daha uyğun bölgə olan Kuybışev şəhərinə köçürülmüşdü. Səfirlik 1941-1943-cü illərdə bu şəhərdə fəaliyyət göstərib.

Türkiyə səfirliyi əsərin plastinkası və notlarının necə təmin edilməsi ilə bağlı araşdırma aparıb və bu münasibətlə VOKS Cəmiyyətinə müraciət edib. Artıq Moskvaya qayıdan Türkiyə səfirliyindən mərkəzə göndərilən 29 sentyabr 1943-cü il tarixli sənəddə “Koroğlu” operasına aid bəzi parçaların təmin edildiyi bildirilib.

Əsərin bir qismini ehtiva edən notlar cəmiyyət vasitəsilə Üzeyir bəyin özündən təmin edilib. Sənəddə yazılıb:

“Azərbaycanlı Hacıbəyovun bəstələdiyi “Koroğlu” operasının plastinkaları ilə orkestr üçün partiturasının Ankara Dövlət Konservatoriyası üçün tədarükü Xariciyyə Komissarlığı kanalı ilə VOKS cəmiyyətindən iltimas edilmişdi. Daha sonra adıçəkilən cəmiyyətdən alınan cavabda bunların Moskvada olmaması səbəbiylə mümkünsə tədarük etməsi ricası ilə bəstəkara müraciət olunduğu bildirilərək yalnız bu operadan bəzi hissələri ehtiva edən piano üçün bir not göndərilmişdir. Bu notu bitişik olaraq təqdim edirəm, dərin hörmətlə”.

Görünür müharibə şəraiti olduğu üçün əsərin plastinkaları və notları Moskvada olmayıb, nəticədə VOKS cəmiyyətinə müraciət edilib. Qeyd edək ki, VOKS (Xarici Ölkələrlə Mədəni Əlaqələr üzrə Ümumittifaq Cəmiyyəti) 1925-ci ildə yaradılıb, 1958-ci ildə Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr üzrə Sovet Cəmiyyətləri İttifaqına çevrilib.

Artıq əsərin müəyyən qisminin notları təmin edildiyi üçün Xarici İşlər Nazirliyi bu barədə Maarif Nazirliyinə 20 oktyabr 1943-cü il tarixli sənədlə məlumat verib:

“Azərbaycanın tanınmış bəstəkarlarından Hacıbəyovun “Koroğlu” operasının plastinkaları ilə orkestr partiturasının Ankara Dövlət Konservatoriyası üçün tədarükü Moskva səfirliyimizə yazılmışdı. Həmin elçiliyimizdən alınan cavabda plastinkalar ilə partituranın tədarükü üçün Xariciyyə Komissarlığı kanalı ilə VOKS Cəmiyyətindən iltimas edilmiş isə də bunlar Moskvada tapılmadığı üçün cəmiyyət bəstəkara müraciət edərək bu operanın yalnız baza hissələrini ehtiva edən pianoya məxsus bir not tədarük edə bildiyi bildirilməkdədir”.

Beləliklə, II Dünya müharibəsinin qızğın bir çağında Üzeyir bəy Hacıbəyli məşhur “Koroğlu” operasının əsas hissələrinin notlarını Ankara Dövlət Konservatoriyası üçün göndərə bilib.

Seçilən
60
42
teleqraf.com

10Mənbələr