AZ

"Təhsilə bağlı ömür" » AzadMedia.az


Dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllimin əməyinə əsla dəyər verilə bilməz!(Sokrat)

"Müəllim yalnız dərs deyən,sadəcə bir-iki saat sinif otaqlarında şagird və tələbələrlə təmasda olan bir şəxs,adi tərbiyəçi deyil. O, zaman və gənclik arasında körpü yaradan,öz şəxsiyyəti ilə nümunə göstərən,sabahın qurucularını hazırlayan, millətin gələcəyi üçün böyük məsuliyyət daşıyan bir varlıqdır." Bu fikirlər Azərbaycanın böyük simalarından biri olan Xudu Məmmədova məxsusdur. Əlbəttə, xalqımızın həmişə müəllimə və müəllim əməyinə yüksək qiymət verməsi müəllimliyin mahiyyətindən irəli gəlir.

Hazırda müasir dünyada çoxsaylı peşələr mövcuddur və zaman-zaman elm və texnologiyalar inkişaf etdikcə yeni-yeni peşə sahələri yaranır. Lakin bütün peşələrin fövqündə dayanan bir peşə də vardır.Bu, müəllimlik peşəsidir! Digər peşə sahibləri-mühəndis də,həkim də,hüquqşünas və s. də bilik və bacarıqları müəllimdən öyrənirlər. Eyni zamanda müəllim elm, bilik və bacarıqları insanlara öyrətməklə yanaşı, onlarda milli-mənəvi və bəşəri dəyərlərə hörmət, vətənpərvərlik tərbiyəsi və müasir dünyagörüşü formalaşdırır. Məhz,bu baxımdan müəllim əməyinin alternativi yoxdur və həyatda tutduğu mövqeyindən asılı olmayaraq hər kəs müəllim qarşısında baş əyir, ona daim böyük ehtiram göstərir.

Haqqında qeyd edəcəyim belə müəllimlərdən biri də bu gün 75 yaşı tamam olan gözəl insan, əsl müəllim, ağsaqqal və ziyalı Masallı rayonunun Sığıncaq kəndindən olan hörmətli Soltanağa Cəfərovdur.

Soltanağa müəllim xalqımızın milli-mənəvi, əxlaqi dəyərlərinə yaxından bələd olan, məzmunlu həyat yolu keçmiş və ömrünü şərəflə yaşamış ziyalılarımızdandır. O, təcrübəli pedaqoq kimi rayon ictimaiyyətinin böyük etimadını qazanmışdır. Yüksək insani keyfiyyətləri, həmçinin pedaqoji iş və təhsil idarəçiliyi sahəsidə olan səriştəsi ona istər məktəb rəhbəri kimi, istərsə də Masallı Rayon Təhsil Şöbəsində işlədiyi dövrdə böyük uğurlara imza atmağa imkan yaratmış, müxtəlif vaxtlarda Azərbaycan Respublikası Təhsil Nazirliyi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası( DİM), Rayon İcra Hakimiyyəti və digər mötəbər təşkilatlar tərəfindən əməyi qiymətləndirilərək fəxri fərman və digər mükafatlarla təltif edilmişdir. Onun təşkilatçılığı, elmi-pedaqoji və metodiki bilik və bacarıqları sayəsində çoxlu sayda insan bu gün cəmiyyətimizdə öz layiqli yerini tutmuşdur.

Eləcə də o, pedaqoji fəaliyyəti ilə yanaşı yaradıcılıqla da məşğul olmaqla, bir neçə bədii əsərə və metodik vəsaitə müəlliflik etmişdir. Onun müxtəlif vaxtlarda qəzet və sosial şəbəkələrdə işıq üzü görən tərbiyəvi əhəmiyyətli oçerk və hekayələri insanlar tərəfindən sevilərək oxunur.

Soltanağa müəllim layiqli şəxsiyyət olmaqla yanaşı, həm də gözəl ailə başçısıdır. Məhz bu amil ictimaiyyət arasında onun nüfuzunu daha da artırmışdır. O, həmişə övladlarının təlim-tərbiyəsi ilə yaxından maraqlanmış və maddi vəziyyətinin ən çətin vaxtlarında belə, onların ali təhsil almalarına nail olmuşdur. Bu gün onun övladları müxtəlif dövlət müəssisələrində çalışmaqla, rayonumuzun inkişafına öz tövhələrini verirlər. Eyni zamanda son illərdə nəvəsi Rövnəq Cəfərov 4 dəfə Respublika Fənn Olimpiadalarının qalibi olmuş, tam orta təhsili qızıl nişanla başa vurmuşdur. Digər nəvələri isə 600-dən yuxarı bal toplayaraq hazırda təhsillərini respublikanın nüfuzlu universitetlərində davam etdirirlər.

Fürsətdən istifadə edərək Soltanağa müəllimi 75 illik yubileyi ilə əlaqədar təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, ailəsinə xoşbəxtlik, yaradıcılığında isə yeni-yeni uğurlar arzulayırıq!
Seçilən
6
8
azadmedia.az

10Mənbələr