Kürdəmirdə baş verən qətllə bağlı bəzi detallar məlum olub.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, bununla bağlı mərhumun anası Gülxara Rəhimova bildirib ki, axşam idi, evdəki gəlinimə zəng gəldi, istədi məndən gizləyə, gördüm çığırdı, oturdu yerə.
“Mən şəkər olduğuma mənə demək istəmirdilər. Dedi qızı zəng edib ki, atam anamın başını kəsdi. Ondan sonra maşın tapıb getdim həyətinə. Girə bilmədim, qonşuda oturdum gecə saat birə qədər, qayıtdım gəldim.
Belə deyirlər ki, qızı ilə Bakıda imiş, qayıdıb gəlib qızı qoyub təzədən Bakıya qayıtmaq istəyib, yoldaşı da razı olmayıb.
3 ilə yaxındır aralarında münaqişə yaranıb. Polisə də düşüblər qısqanclıq üsündə. Qızım da qısqanc idi, 3 balası var, 2 oğlan bir qız.
Qızım deyib ki, səninlə yaşamaq istəmirəm, ayrı sərbəst yaşamaq istəyir. Biz də ata-ana olaraq müdaxilə etmək istəmirdik, deyirdik özləri bilər.
Hadisəni oğlu görməyib, qızdan bıçaq istəyib ki, bıçağı ver ipi kəsim, birdən anan özünü asar. Balaca uşağın 10, böyüyün 16 yaşı var”, deyə o bildirib.
Hadisə ilə bağlı Kürdəmir rayon prokurorluğundan Bizim.Media-nın yerli bürosuna bildirilib ki, iyunun 28-də saat 20 radələrində Kürdəmir rayonunun Şilyan kəndində qəsdən adam öldürülməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 1986-cı il təvəllüdlü Elşən Abdulovun Kürdəmir rayonunun Şilyan kəndində yerləşən yaşadığı evdə 1990-cı il təvəllüdlü Samirə Abdulovanı bıçaqla xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Elşən Abdulov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Bizim.Media, Aran bürosu