AZ

Yekaterinburqda barəsində həbs qətimkan tədbiri seçilmiş azərbaycanlıların sayı beşə çatıb -YENİLƏNİB-8

Yekaterinburq Lenin Rayon Məhkəməsində şübhəli şəxs kimi saxlanılmış Əhliman Gənciyev barəsində 3 gün müddətində həbs qətimkan tədbiri seçilib.

Əhliman Gənciyevin vəkili jurnalistlərə bildirib ki, onun müdafiə etdiyi şəxs çətinliklə hərəkət edir. Hazırda müdafiə tərəfi ədalətin bərqərar olunmasına nail olmağa çalışır.

***

Yekaterinburq Lenin Rayon Məhkəməsində şübhəli şəxs kimi saxlanılmış Şahin Lalayev barəsində 3 gün müddətində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə Gənciyev Əhliman Səttar oğlunun barəsində qətimkan tədbirinin seçilməsi məsələsi məhkəmədə müzakirə olunur.

Daha sonra Bakir Səfərov hakim qarşısına çıxarılacaq.

***

Yekaterinburq Lenin Rayon Məhkəməsində növbəti məhkəmə iclası keçirilir.

İş üzrə dördüncü şübhəli şəxs Lalayev Şahin Məmmədəli oğludur. Hazırda onun barəsində qətimkan tədbirinin seçilməsi məsələsi məhkəmədə müzakirə olunur.

***

Yekaterinburqda 2000-ci illərin əvvəllərində baş vermiş hadisələrlə bağlı barəsində həbs qətimkan tədbiri seçilən üçüncü şəxs Ayaz Səfərov olub.

Onun da barəsində iş üzrə saxlanılan digər iki azərbaycanlı - Məzahir və Akif Səfərovlar kimi, 22 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Yerli mətbuatın məhkəmə zalından yayımladığı videoda Ayaz Səfərovun üzündə xəsarət izləri görünür.

***

Yekaterinburqda şübhəli şəxs qismində saxlanılan daha bir azərbaycanlı - Ayaz Səfərov məhkəmə salonuna gətirilib.

***

Yekaterinburq məhkəməsi Akif Səfərov barəsində 22 günlük həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib.

O, şübhəli şəxs qismində tanınır.

***

Məhkəmə zalına iş üzrə təqsirləndirilən daha bir şəxs - 1963-cü il təvəllüdlü Akif Səfərov gətirilib.

Rusiya mediasının məlumatına görə, o da digər saxlanılanlar kimi 2000-ci illərin əvvəlində Yekaterinburqda baş vermiş hadisələrlə bağlı şübhəli bilinir.

İstintaq onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət qaldırıb. Məhkəmə iclası qapalı rejimdə keçirilir.

İlkin məlumata görə, A.Səfərov Yekaterinburqda fəaliyyət göstərən “Kaspiy” kafesinin direktorudur. O, evlidir və yetkinlik yaşına çatmış övladları var.

***

Yekaterinburqda zor tətbiq edilməklə saxlanılan doqquz azərbaycanlı ilə bağlı məhkəmə prosesində Məzahir Səfərov barəsində 22 gün müddətinə həbs qətimkan tədbiri seçilib.  O, və daha bir neçə azərbaycanlı sifarişli qətllərdə ittiham olunur. Onlardan bəzilərinin barəsində bu gün qətimkan tədbiri seçiləcək.

Məhkəmə prosesində Azərbaycanın Yekaterinburqdakı baş konsulunun vəzifəsini icra edən Şöhrət Mustafayev və Yekaterinburqdakı Azərbaycan diasporuna rəhbərlik edən “Azərbaycan-Ural” ictimai təşkilatının sədri Şahin Şıxlinski də iştirak edirlər.

***

İyunun 27-də Yekaterinburqda zor tətbiq edilməklə saxlanılan doqquz azərbaycanlı ilə bağlı məhkəmə prosesi başlayıb. Onlar 2000-ci illərin əvvələrində törədilmiş cinayət işində şübhəli bilinirlər.

Hazırda məhkəmədə onların barəsində həbs qətimkan tədbirinin seçilməsinə baxılır.

İyunun 27-də səhər saatlarında azərbaycanlıların yaşadığı 10-dan çox mənzildə keçirilən xüsusi əməliyyat zamanı bir neçə nəfər saxlanılıb. Saxlanılanlar arasında Ağdamdan olan Səfərovlar ailəsinin üzvləri də var. Əməliyyat zamanı iki qardaş – Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb, bir neçə nəfər isə xəstəxanaya yerləşdirilib.

İttiham tərəfi prosesin qapalı rejimdə keçirilməsi barədə vəsatət qaldırıb. Məhkəmə bu vəsatəti təmin edib və bundan sonra jurnalistlər zaldan çıxarılıb.

Saxlanılan hər bir şəxs barəsində qətimkan tədbirinin seçilməsi məsələsi ayrıca müzakirə olunur. Məzahir Səfərovla bağlı işdə ittiham tərəfi onun həbs edilməsini tələb edib, müdafiə tərəfi isə ev dustaqlığına buraxılmasını istəyib. Səfərov vəkilinə bildirib ki, ondan etiraf ifadəsi zor tətbiq edilməklə və ailəsinə təzyiq, hədə-qorxu yolu ilə alınıb.

AZƏRTAC

Seçilən
1
11
ikisahil.az

10Mənbələr