Rafel Utziq müqavilə ilə 2026-cı ilin iyun ayına qədər “Zirə”yə məxsusdur.
Bu, o deməkdir ki, braziliyalı digər futbolçular kimi iyunun 14-dən etibarən komandanın məşqlərində iştirak etməliydi.
Qəsəbə təmsilçisi iki həftə əvvəl hazırlıqlara start verib. Lakin Utziqdən xəbər yoxdur. Nə düşərgəyə təşrif buyurub, nə də kiməsə məlumat verib.
"Sambaçə" ötən mövsümün sonunda “Zirə”ni tərk etmək istəməsi barədə rəsmiləri məlumatlandırıb. Müraciətinə isti yanaşılıb. Ona deyilib ki, müştərin varsa, qapımızı döysün, söhbət edib razılaşaq.
Hətta bu halda belə, iyunun 14-də məşqlərə qoşulmalıydı. Çünki klubla müqaviləsinin müddəti davam edir. Və hansısa başqa kluba keçidinə razılıq verilməyib. Bu barədə ümumiyyətlə, söhbət olmayıb.
İndiki durumda “Zirə”nin yeganə çıxış yolu məsələni hüquq müstəvisində həll etməkdir. Ki, sabah Rafael başqa bəhanələr gətirib özünü təmizə çıxara bilməsin.
Əldə etdiyimiz məlumata görə, hazırda bu yöndə iş gedir. Qəsəbə təmsilçisi vacib fiqurlarından birini itirməmək, yəni onu heç bir transfer haqqı ödəmədən əldən buraxmamaq üçün qollarını çırmalayıb.
28 yaşlı futbolçu 2024-cü ilin yanvarından “qartallar”ın şərəfini qorumaqla bütün turnirlərdə şans qazandığı 61 matçda 18 qol vurub, 4 assistin müəllifi olub.
HƏBİB / SPORTİNFO.AZ