AZ

Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salındı - FOTO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Redaktor.az xəbər verir ki, bu gün Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb.

Keçmiş məcburi köçkünlər Lökbatanda məcburi köçkünlər üçün salınmış “Qobupark-3”dən yola salınıb.

Ağdam rayonunun Kəngərli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Kəngərli kəndinə 37 ailə - 153 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Keçmiş məcburi köçkün Rüstəmov Allahverdi Əli oğlu doğma yurda qayıtmaqla bağlı təəssüratlarını belə ifadə edib: “Bu günə çox şükür. Prezidentimizin siyasəti nəticəsində bu gün doğma yurdumuza qayıdırıq. Gedib baxmışam çox gözəl evlərdi. Çox gözəl də şərait yaradılıb. Allah bir daha bizə pis gün göstərməsin”.

Kiçik Rüqəyya Məmmədli isə ilk dəfə Ağdama getdiyini deyib: “Nənəm mənə Ağdamdan çox danışıb. Gedib oraları görmək istəyirəm. Arzum odur ki, xəyalımı gerçəkləşdirib həkim olum, orada işləyim”.

Bu gün Ağdama qayıdanlar arasında olan Rüstəmova Raya da sevincinin həddi-hüdudu olmadığını deyib: “Allah prezidentimizə can sağlığı versin. Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Onlar bu torpaqları qanları bahasına alıblar. Bundan sevincli günümüz ola bilməz”.

Ağdamı 30 yaşında tərk etdiyini deyən Məmmədov Sumbat isə uzun illər həsrətdən sonra nəhayət öz doğma yurduna qayıtdığını deyib: “ 30 yaşımda çıxmışdım, 63 yaşımda qayıdıram. Çox sevincliyəm. Prezidentimizin uğurlu siyasəti, şəhidlərimizin qanı bahasına ana torpağımıza qovuşuruq. Şükürlər olsun bu günə”.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43 mindən çox insan yaşayır.

Seçilən
4
5
redaktor.az

10Mənbələr