“Bu artıq avtoritar rejimlərin klassik son mərhələsidir. Hakimiyyət zəiflədikcə, öz gücünü qorumaq üçün repressiv qanunlar, cərimələr və həbslərə əl atır...”- Zurabişvili
Gürcüstanın de-yure prezidenti olan Salome Zurabişvili Tbilisidə parlament qarşısında keçirilən aksiyada çıxış edərək bildirib ki, son günlər hər kəs ondan sabaha, birisi günə dair planının nə olduğunu soruşur. Lakin onun sözlərinə görə, yeganə plan birlikdir və bu birlik son nəticəyə qədər davam etməlidir.
Moderator.az bu haqda”Qruziya onlayn” portalına istaindla xəbər verir.
Zurabişvili vurğulayıb ki, hakim partiya olan “Gürcü Arzusu”nda artıq parçalanma gedir, bir-birinə inamsızlıq hökm sürür, korrupsiya bəhanəsi ilə bəzi şəxslər vəzifələrindən uzaqlaşdırılır.
“Bu artıq avtoritar rejimlərin klassik son mərhələsidir. Hakimiyyət zəiflədikcə, öz gücünü qorumaq üçün repressiv qanunlar, cərimələr və həbslərə əl atır. Amma bu, sadəcə görüntüdür – onlar əvvəlki güclərini geri qaytara bilməyəcəklər!” – deyə sabiq prezident bildirib.
Salome Zurabişvili həmçinin qeyd edib ki, Gürcüstan hakimiyyəti artıq beynəlxalq aləmdə təcrid vəziyyətindədir. Onun fikrincə, buna nümunə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaja Kallasın Ermənistana səfər etməsi, lakin Gürcüstana gəlməməsidir.