Rusiya Federasiyasının Yekaterinburq şəhərində bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən azərbaycanlılara qarşı güc tətbiqi və xüsusi amansızlıqla törədilən əməllər və qətllər diskriminasiya, eləcə də milli ayrı-seçkiliyin bariz nümunəsidir.
Bu sözləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Rizvan Nəbiyev deyib.
O qeyd edib ki, Rusiya Federasiyası həm milli qanunvericilik, həm də beynəlxalq öhdəliklər çərçivəsində insan hüquqlarını təmin etməyi öhdəsinə götürüb:
"Rusiya Federasiyası Konstitusiyasının 20-ci maddəsi hər bir şəxsin yaşamaq hüququnu təmin edir, 21-ci maddə isə işgəncəyə, zorakı və alçaldıcı rəftara və ya cəzaya məruz qalmamaq hüququnu təsbit edir. Sözügedən hadisə bu fundamental hüquqların pozulması kimi qiymətləndirilməlidir. Bu cür pozuntular yalnız fərdi azadlıqlara təhdid deyil, həm də konstitusion hüquqi rejimin pozulması anlamına gəlir".
Deputat vurğulayıb ki, Rusiya Federasiyası tərəf olduğu “İşgəncələrin və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza növlərinin qarşısının alınması haqqında” beynəlxalq Konvensiyanın da müddəalarını pozub.
"Bu Konvensiyaya əsasən, iştirakçı dövlətlər işgəncə hallarının qarşısını almaq və belə halları törədən şəxsləri məsuliyyətə cəlb etmək öhdəliyi daşıyırlar. Yekaterinburq hadisəsi isə bu Konvensiyanın əsas müddəalarına zidd olaraq qiymətləndirilir və beynəlxalq hüquqi məsuliyyətin tətbiqini gündəmə gətirir", - o vurğulayıb.
R.Nəbiyev əlavə edib ki, həm milli, həm də beynəlxalq hüquq baxımından mövcud fakt hüquq pozuntusu olmaqla yanaşı, dövlətin insan hüquqları sahəsindəki öhdəliklərinə əməl etməməsi kimi dəyərləndirilməlidir.
Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.
Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın FTX-nin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.
Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.