Yekaterinburqda azərbaycanlıların qətli ilə nəticələnən hadisə təkcə kriminal yox, sistemli ayrı-seçkiliyin, islamofobiyanın və etnik zorakılığın bariz nümunəsidir. Bu, Azərbaycan milli kimliyinə qarşı açıq hücum, azərbaycanlılara qarşı məqsədyönlü şəkildə törədilmiş cinayətdir.
Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Onun sözlərinə görə, hadisənin təfərrüatları bu cinayətin sifarişli xarakter daşıdığını göstərir:
"Soydaşlarımıza qarşı işgəncələr, hüquqi pozuntular və mediada aparılan kampaniya bunu təsdiqləyir. Rusiya bu gün qeyri-ruslara, xüsusilə də müsəlmanlara qarşı şovinist və dözümsüzlük üzərində qurulan siyasət yürüdür. Müharibə resursu çatışmazlığı fonunda azərbaycanlı miqrantlara qarşı saxta ittihamlar, təzyiq və şantaj mexanizmləri işə salınır. Bu, insanlıq, humanizm prinsiplərinə sığmayan davranışdır".
Deputat bildirib ki, Azərbaycan bu hadisəyə susmayacaq:
"Çünki baş verənlər yalnız hüquqi məsələ deyil. Bu, milli ləyaqət, dövlət və vətəndaş həmrəyliyidir. Bizim arxamızda xalqın iradəsi və onun seçdiyi lider dayanır. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı bu dövlətin himayəsindədir. Bu, yalnız bir bəyanat deyil, dövlət zəmanətidir. Yekaterinburqda öldürülən soydaşlarımız da bu himayənin daşıyıcıları idi. Son dövrlər Rusiya tərəfindən həyata keçirilən kiberhücumlar, deputatımızın ölkəyə buraxılmaması, miqrantlara qarşı basqılar, o cümlədən islamofob ritorikanın artması narahatedici tendensiyadır. Solovyov kimi fiqurların çıxışları Kremlin düşmənçilik siyasətinin mediadakı təzahürüdür".
F.Yıldırım vurğulayıb ki, Rusiya ölkədaxili böhranları "xarici düşmən" axtarışı ilə ört-basdır etməyə çalışır:
"Təəssüf ki, bu prosesin növbəti hədəfi Cənubi Qafqaz ola bilər. Ermənistanda revanşist qüvvələrin fəallaşması da bu ssenarinin tərkib hissəsidir. Azərbaycan isə bu cəhdlərin qarşısını alan, sülh və sabitliyin təminatçısı olan güclü dövlətdir. Bu gün Prezident İlham Əliyev təkcə ölkəmizin yox, bütün dünya azərbaycanlılarının lideridir. Onun siyasi qətiyyəti bizi milli maraqlar ətrafında birləşdirir. Dövlətimiz soydaşlarımızın hüquqlarının müdafiəsi üçün bütün imkanlardan istifadə edəcək".
Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.
Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın FTX-nin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.
Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.