AZ

Aynur Məlikova: Əsas məqsədlərimdən bir Azərbaycan musiqisini təmsil etmək və populyarlaşdırmaqdır MÜSAHİBƏ

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Stokholm, 30 iyun, Nərgiz Cəfərli, AZƏRTAC

Zəngin və çoxəsrlik Azərbaycan musiqi sənəti nəsildən-nəslə ötürülən irs olmaqla yanaşı, həm də sərhədləri aşmağa, dünyanın müxtəlif guşələrində rezonans doğurmağa qadir olan canlı gücdür. Musiqiçilərimizin, xanəndələrimizin, bəstəkarlarımızın istedadı və fədakarlığı sayəsində milli musiqi hətta Azərbaycanda olmayanlar üçün də əlçatan və anlaşılan olur.

Azərbaycan mədəniyyətinin belə “elçilərindən” biri də adı yüksək peşəkarlıq sinonimi olan, incəsənətə yüksək sədaqəti və öz xalqının musiqi xəzinəsini dünya ilə bölüşmək səyləri ilə seçilən pianoçu və pedaqoq Aynur Məlikovadır.

Onun Bakıdan Frankfurta, Azərbaycanda televiziya çıxışlarından Stokholmda isveçli musiqiçilərlə birgə konsertlərinə qədər sənət yolu yüksək təəssürat yaradır və ilham mənbəyidir.

AZƏRTAC İsveçdə yaşayan Aynur Məlikovanın həyat tarixçəsi, onun dünyaya baxışları və vətəndən kənarda Azərbaycan musiqisini qorumaq və təşviq etmək üzrə missiyası ilə oxucuları tanış edir.

- Aynur, musiqiyə həvəsiniz necə başlayıb? Bu peşəni seçməyinizdə kimin və ya nəyin təsiri olub?

- Musiqiyə sevgim hələ uşaqlıq illərində başlayıb və onu mənə babam - istedadlı musiqiçi, Azərbaycan mədəniyyətinin həqiqi təbliğatçısı, tarzən Rəcəb Abdullayev aşılayıb. O, Naxçıvan Xalq Çalğı Alətləri Ansamblının bədii rəhbəri olub, həyatını musiqi və xalq yaradıcılığına xidmətə həsr edib. Çox gənc yaşlarımdan babamın evimizdə saxlanılan müxtəlif orkestrlərlə çəkdirdiyi çoxsaylı fotoşəkilə heyran idim və bir gün onun yolunu davam etdirməyi xəyal edirdim.

Peşəkar musiqi təhsilim Bülbül adına Orta İxtisas Musiqi Məktəbində başlayıb. Məktəbi yüksək qiymətlərlə bitirdikdən sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına daxil oldum. Orada görkəmli pianoçu və pedaqoq Adilə Vəkilovanın sinfində fortepiano şöbəsində təhsilimi davam etdirdim.

Akademiyada oxuduğum dövrdə Azərbaycanın müxtəlif bölgələrində - Mingəçevir, Gəncə, Zaqatala, Lənkəran də digər şəhərlərdə təşkil olunan maarifləndirici konsertlərdə iştirak edirdim. Bu səfərlərin məqsədi klassik musiqini geniş auditoriya arasında təbliğ etmək idi. Həmin konsertlər çərçivəsində həm solo, həm də ansamblların tərkibində çıxışlarım olub. Çıxışlardan sonra biz auditoriya, xüsusən də gənclər və uşaqlarla fəal ünsiyyətdə olur, klassik musiqi ilə bağlı çoxsaylı sualı cavablandırdıq. Bu, Bakı Musiqi Akademiyasının tarixində ilk layihələrdən biri idi və seçilmiş iştirakçı kimi oradakı fəal rolum mənim üçün güclü yaradıcılıq stimulu oldu. Çıxışlarım sadəcə bir performans deyildi - bu, mənim peşəkar və şəxsi inkişafıma töhfə verən mühüm təcrübə idi. Layihədə iştirak etdiyimə görə bir sıra diplom və təşəkkürnamələrə layiq görülmüşəm.

Buna paralel olaraq, müxtəlif konsert məkanlarında dəfələrlə gənc yerli bəstəkarların əsərlərini ifa etmişəm. Müasir incəsənətə həsr olunmuş musiqi festivallarında, o cümlədən Azərbaycanda bəstəkarların yaradıcılığında yeni tendensiyaların inkişafına və dəstəklənməsinə yönəlmiş ilk irimiqyaslı tədbirlərdən biri olan Müasir Musiqi Festivalına qatılmışam. Həmin festivallarda fəal iştirak etdiyimə görə də diplomlarla təltif olunmuşam.

Bakı Musiqi Akademiyasını fərqlənmə ilə bitirib qırmızı diplom aldıqdan sonra musiqi təhsilimi xaricdə - Frankfurt-Maynda Ali Musiqi və İfaçılıq Sənəti Məktəbində (Hochschule für Musik und Darstellende Kunst Frankfurt am Main) davam etdirmək qərarına gəldim.

- Bu qədər intensiv təhsil illərindən sonra bu peşədə öz yerinizi tapmaq çətin olmadı?

- Əsla! Almaniyada təhsilimi uğurla başa vurduqdan sonra vətənə qayıtdım və Azərbaycan Milli Konservatoriyasında işləməyə başladım. Burada Xalq çalğı alətləri kafedrasında 11 il müxtəlif ifaçıları müşayiət etdim. Bu illər ərzində mənə görkəmli tarzən Səbuhi Cəfərov və virtuoz kamança ifaçısı Mehri Əsədullayeva ilə sıx əməkdaşlıq etmək nəsib olub. Birgə əməyimiz sayəsində bir çox tələbə əhəmiyyətli uğurlar əldə edib, beynəlxalq olimpiadalarda mükafatlar qazanıb. Bu yol asan deyildi və xeyli zəhmət tələb edirdi, lakin hər bir uğur bizim üçün xüsusi sevinc və qürur mənbəyinə çevrilirdi.

Konservatoriyadakı fəaliyyətimlə yanaşı, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə müəllim kimi dəvət olundum və 11 il burada çalışdım. Bundan əlavə, ailəmlə İsveçə köçməzdən bir qədər əvvəl həm də doğma Bülbül adına məktəbdə müəllim və konsertmeyster kimi çalışmışam.

Müəllimlik fəaliyyətimlə yanaşı, İctimai Televiziyada yayımlanan “Mədəniyyət günləri” televiziya verilişində də iştirak etmişəm. Proqram çərçivəsində müxtəlif dövrlərə və musiqi üslubuna malik bəstəkarların əsərlərini ifa edərək fortepiano konsertləri ilə çıxış edirdim, maraqlı faktları və bu əsərlərin tarixini tamaşaçılarla bölüşürdüm.

- Qayıdaq Frankfurtda təhsilinizə. Həmin dövr musiqiçi kimi formalaşmağınızda hansı rol oynadı?

- Almaniyada təhsil mənim üçün musiqidə peşəkarlıq yolunda bir növ tramplin oldu. Pianoda ifa etməyin incə texniki və metodik üsullarını mənimsəyərək, hər ifa ilə duyğularımın daha da dərinləşdiyini hiss etdim.

Görkəmli polşalı bəstəkar və pianoçu Frederik Şopen deyirdi: “Fortepianoda bütöv bir orkestrin səslənməsi çatdırıla bilər”.

Həqiqətən, bu sözlər ifa etdiyim hər bir əsərdə öz əksini tapmağa başladı. Pianoda ifa edərkən orkestr səsi hissini dinləyiciyə çatdırmağa çalışırdım. Düşünürəm ki, bir çox hallarda buna nail olmuşam.

- Musiqi söz tələb etməyən universal bir dildir. Amma hər halda, İsveç dilini bilmədən İsveçə köçməklə musiqi karyeranızı burada davam etdirmək sizə çətin olmadı?

- Təbii ki, çətinliklər var idi, çünki məqsədlərimə çatmaq üçün İsveç dilini mükəmməl mənimsəməliydim. Bütün lazımi dil kurslarını bitirdim və bu, mənim üçün peşəkar sahədə daha geniş imkanlar açdı. İsveç dilində fikirlərimi sərbəst ifadə etmək bacarığım, öz növbəsində, mənə yeni tanışlıqlar qazanmağa və musiqi ictimaiyyətində peşəkar əlaqələr qurmağa imkan verdi.

Danimarka və İsveç arasında əməkdaşlıq şəraitində təşkil olunan “MusikBranschen” adlı nüfuzlu musiqi menecmenti proqramında iştirak etmək imkanım oldu. Bu proqram çərçivəsində musiqinin rəqəmsallaşdırılması və layihənin idarə edilməsi kimi müasir sahələrdə biliklərimi dərinləşdirdim.

Hazırda İsveçdə müəllim kimi rəsmi sertifikata malikəm və pedaqoji fəaliyyətimi fəal şəkildə davam etdirirəm. Tələbələrlə iş məni xüsusi olaraq ruhlandırır. Dərs dediyim məktəbdə dünya musiqisi, müxtəlif janr və cərəyanlar haqqında biliklərimi məmnuniyyətlə bölüşürəm, onların maraqlı suallarını cavablandırır və canlı fikir mübadiləsi aparıram.

Xüsusi qeyd etmək istərdim ki, tələbələrimə Azərbaycan musiqisi ifa edəndə, onlar səmimi maraqla dinləyir və hətta bu cür parçaları tez-tez ifa etməyi xahiş edirlər. Bu sözlər bir müəllim kimi məni ruhlandırır və işimə xüsusi motivasiya verir.

- Bilirəm ki, siz dəfələrlə İsveçin müxtəlif konsert məkanlarında görkəmli Azərbaycan bəstəkarlarının əsərlərini ifa etmisiniz. Bu çıxışlar haqqında bizə ətraflı məlumat verin.

- Bəli, doğrudan da belə çıxışlar çox olub. Dəfələrlə Azərbaycan üçün önəmli tarixlərə həsr olunmuş konsertlər vermişəm. Ən yaddaqalan çıxışlardan biri Vətən cəmiyyətinin sədri Mehriban Əliyevanın dəvəti ilə Kopenhagendə Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş konsert olub. Albertslund Musiqili Teatrının səhnəsində baş tutan konsert tamaşaçıların böyük marağına səbəb oldu.

İyunun 25-də Stokholmda Hallvyul Muzeyində (Hallwylska Museet) unudulmaz konsert baş tutub. Əminliklə deyə bilərəm ki, bu hadisə beynəlxalq tamaşaçılarda xoş təəssürat yaratdı. Mənə Türkiyədən gələn musiqiçilərlə eyni səhnədə çıxış etmək qismət oldu: Burcu Kuru (soprano), Zerrin Tan (qoboy), Dəniz Yavuz (klarnet). Mən İsveçin ən qədim pianolarından birində əsərlər ifa etdim. Bu, həyəcanverici idi.

Zəngin və canlı konsert proqramı təqdim etdik və gecənin sonunda tortun üstündəki albalı timsalında olduğu kimi, Azərbaycan musiqisini – Adil Bəbirovun “Prelüd – Skertso” əsərini ifa etdik. Konsertdən sonra təəssüratlarını hərarətlə bölüşən, musiqimizin onlara necə dərindən toxunduğunu deyən dinləyicilərin reaksiyalarını eşitmək xüsusilə xoş oldu.

Bundan əvvəl, iyun ayında Anqlikan kilsəsində konsert proqramına Azərbaycan musiqisi də daxil edilib. Digər ifaçılarla birlikdə “İnsan məskən salır” filminə görkəmli bəstəkar Qara Qarayevin yazdığı əsəri təqdim etdik. Konsertdən sonra çoxlu tamaşaçı “Bu əsərin müəllifi kimdir?” sualı ilə yaxınlaşanda, sevinc və qürur hissi məni bürüdü. Bu, mənim əsas məqsədlərimdən birinə - Azərbaycan musiqisini təqdim və təbliğ etmək işinə nail olmağımın bariz göstəricisi idi.

Onu da qeyd edim ki, konsertlərimdə təkcə Azərbaycan bəstəkarlarının əsərlərini ifa etmirəm. Məsələn, Stokholmda “Rəsm və musiqinin vəhdəti” adlı layihədə iştirak etdim. Bu layihə çərçivəsində romantik dövrün bəstəkarlarının əsərlərini ifa edərək “Samtidskonst” (“Müasir İncəsənət”) adlı konsert verdim. Tamaşaçılar vizual və səs sənətinin sintezinə qərq olaraq həm rəsm sərgilərindən, həm də canlı musiqidən həzz ala bildilər.

Son bir neçə il ərzində İsveç musiqiçiləri ilə müxtəlif konsertlərdə çıxışlarım olub, həm Azərbaycan, həm də Skandinaviya musiqisini özündə əks etdirən proqramlar təqdim etmişəm. İsveçli skripkaçı İrena Lemosla dəfələrlə müxtəlif səhnələrdə birgə çıxış etmişik. Xüsusilə qeyd etmək lazımdır ki, bu proqramlar çərçivəsində mən Azərbaycan musiqisinin populyarlaşdırılması missiyamı həyata keçirməkdə davam etdim. İrena ilə Azərbaycan bəstəkarlarının əsərlərini ifa edirdik və o, musiqi mədəniyyətimizə nə qədər dərin nüfuz etdiyi, bu əsərləri hansı zövqlə ifa etməsi barədə heyranlıqla danışırdı.

- Hər hansı yeni layihələr həyata keçirməyi nəzərdə tutursunuz?

- Bəli, onların sayı çoxdur. Yaxın gələcəkdə baş verəcəkləri sizinlə paylaşacağam.

Sentyabrda Stokholmda dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunmuş “Şimalın səsləri” adlı silsilə konsertlərin keçirilməsi planlaşdırılır. Yubiley tədbirləri çərçivəsində İtaliyadan olan pianoçu Sergio Lapedota və isveçli fleyta ifaçısı Katrin Sponqberqlə birlikdə həm Azərbaycan, həm də Skandinaviya musiqi ənənələrini əks etdirən əsərləri təqdim edəcəyimiz xüsusi layihə hazırlamışam. Təbii ki, Azərbaycan musiqisinə xüsusi diqqət yetiriləcək.

Həmin layihə çərçivəsində Stokholmdan sonra Danimarka və Finlandiyada da uyğunlaşdırılmış formatda konsertlər - bir növ tur keçiriləcək. Məqsədimiz təkcə Azərbaycan musiqisinin təqdimatı deyil, həm də müxtəlif xalqların adət-ənənələri arasında körpü yaratmaqla mədəniyyətimizi təbliğ etməkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
39
azertag.az

10Mənbələr