AZ

Ədəbiyyat İnstitutunda yarım ilin yekunları və qarşıya qoyulan vəzifələr müzakirə olunub

AMEA-dan Azia.az-a verilən məlumata görə, İyunun 30-da AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

Tədbirdə AMEA-nın prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri, həmçinin Elmi şuranın üzvləri, institutun şöbə müdirləri və əməkdaşları iştirak ediblər.

Əvvəlcə foyedə Ədəbiyyat İnstitutunun yarım illik fəaliyyətini əks etdirən nəşrlərdən ibarət sərgi nümayiş olunub.

İclası akademik İsa Həbibbəyli açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. O, AMEA-nın institut və təşkilatlarında elmi-tədqiqat işlərinin keyfiyyətini artırmaq, daha səmərəli fikir mübadiləsi aparmaq məqsədilə hesabat iclaslarına AMEA-nın Rəyasət Heyəti aparatının məsul əməkdaşlarının da təhkim edildiyini bildirib.

İclasın gündəliyində duran əsas məsələ müəssisənin bu ilin ilk 6 ayı ərzində elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatının dinlənilməsi olub.

İnstitutun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı hesabatı təqdim edərək cari ilin yarım ilinin müəssisə üçün elmi nailiyyətlərin əldə edilməsi baxımından əhəmiyyətli olduğunu bildirib. Məruzəçi 6 aylıq hesabat ilində Azərbaycan Respublikası Prezidentinin Fərman və sərəncamları, Nazirlər Kabinetinin müvafiq qərarları, habelə dövlət proqramlarının icrası ilə əlaqədar elmi müəssisəyə tapşırılmış işlərlə bağlı məlumat verib.

Aygün Bağırlı ölkə başçısının “2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında”, “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında”, “Bəxtiyar Vahabzadənin 100 illiyinin qeyd edilməsi haqqında”, “Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında”, “Seyid Əzim Şirvaninin 190 illik yubileyinin qeyd edilməsi haqqında”, “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında”, “Fikrət Qocanın 90 illiyinin qeyd edilməsi haqqında” sərəncamlarına əsasən institutda görülmüş işləri diqqətə çatdırıb.

Elmi katib, cari ilin 6 ayı ərzində AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Özbəkistan Respublikasının Fərqanə Dövlət Universiteti, Qırğızıstan Milli Elmlər Akademiyası və Beynəlxalq Mihay Eminesku Akademiyası arasında anlaşma memorandumlarının imzalandığını bildirib.

O, həmçinin elmi-tədqiqat işləri, elektron elmin vəziyyəti, institutun nəşriyyat fəaliyyəti, kadr hazırlığı, beynəlxalq əlaqələr, müəssisə tərəfindən keçirilmiş konfrans, sessiya, seminar və yubileylər, eləcə də əməkdaşların xaricdə keçirilmiş beynəlxalq tədbirlərdə iştirakı, sosial fəaliyyət, təltif və mükafatlarla bağlı ətraflı məlumat verib. Qeyd edib ki, institutda 16 fəlsəfə doktoru hazırlığı üzrə doktorant, 20 nəfər fəlsəfə doktoru hazırlığı üzrə dissertant, 3 elmlər doktoru hazırlığı üzrə doktorant, 21 elmlər doktoru hazırlığı üzrə dissertant təhsil alır. Növbəti tədris ili üçün doktorantura və dissertanturaya sənəd verənlərin sayı 34-ə çatıb.

Daha sonra Ədəbiyyat İnstitutunun şöbə müdiri filologiya elmləri doktoru, dosent Elnarə Akimova, şöbə müdiri professor İmamverdi Həmidov, institutun baş elmi işçisi professor Qəzənfər Paşayev, şöbə müdiri professor Tahirə Məmməd, aparıcı elmi işçi filologiya elmləri doktoru Esmira Fuad, şöbə müdiri filologiya elmləri doktoru Asif Rüstəmli və institutun direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli çıxış edərək cari ilin I yarısı üçün olan hesabatı qənaətbəxş hesab edib, təmsil etdikləri şöbələrin fəaliyyət istiqamətləri, görüləcək işlər barədə məlumat veriblər. Çıxışlarda Ədəbiyyat İnstitutunun 6 ay ərzində məhsuldar işlər gördüyü vurğulanıb.

İclasda AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru, dosent Sərxan Xavəri müasir dünyanın sosial-iqtisadi və mədəni-mənəvi çağırışları, eləcə də dövlətin ideoloji prioritetləri kontekstində Ədəbiyyat İnstitutunun fəaliyyətinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Bu gün AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi və təşəbbüsü ilə Ədəbiyyat İnstitutunda ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirildiyini, ictimai-humanitar elmlər sahəsində çalışan alim və mütəxəssislərin mühüm dövlət proqramları çərçivəsində yerinə yetirilən layihələrdə yaxından iştirak etdiklərini bildirib.

Dosent Sərxan Xavəri çıxışında Ədəbiyyat İnstitutunun müvafiq sahədə dövlət siyasətinin həyata keçirilməsinə dəstək verdiyini, dövlət başçısının imzaladığı Fərman və Sərəncamların, həmçinin Nazirlər Kabinetinin müvafiq qərarlarının icrasında fəal iştirak etdiyini qeyd edib. Bildirib ki, son zamanlar elektron elm sahəsində reallaşdırılan layihələr, beynəlxalq elmi əlaqələrin gücləndirilməsi və yüksəkixtisaslı kadr hazırlığı sahəsində əldə olunmuş uğurlar institutun fəaliyyətinin genişləndiyini bir daha sübut edir.

“Görkəmli ədəbi şəxsiyyətlərin həyat və yaradıcılığının sistemli şəkildə tədqiqi Ədəbiyyat İnstitutunun əsas elmi istiqamətlərindən biri kimi mühüm əhəmiyyət kəsb edir”, - deyən məruzəçi əlavə edib ki, akademik İsa Həbibbəylinin irəli sürdüyü elmi və ideoloji çağırışların konkret və uğurlu nümunələri institutun çoxşaxəli fəaliyyətində öz əksini aydın şəkildə tapmışdır.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” 18 mart 2025-ci il tarixli Sərəncamına əsasən bu elm ocağının yubileyinin ölkəmizdə və onun hüdudlarından kənarda silsilə tədbirlərlə qeyd olunduğunu söyləyən dosent Sərxan Xavəri Qarabağ Universitetində AMEA-nın 80 illiyi münasibətilə keçirilmiş “Azərbaycan Milli Elmlər Akademiyasında Qarabağnamə ənənəsi və müasir dövr” mövzusunda elmi konfransdan bəhs edib. Bildirib ki, Akademiyanın Elm və Təhsil Nazirliyi ilə birgə təşkil etdiyi bu tədbir ölkəmizdə elmi irsin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi baxımından mühüm platforma rolunu oynayıb. O, konfrans çərçivəsində Qarabağ Universitetində AMEA-nın rəhbər heyəti və əməkdaşları tərəfindən ayrı-ayrı auditoriyalarda tələbələr qarşısında 13 ixtisas üzrə mühazirələrin deyildiyini xatırladıb. Həmçinin bu konfransla yanaşı, AMEA-nın Rəyasət Heyətinin iclasının ilk dəfə olaraq Qarabağ Universitetində keçirildiyini diqqətə çatdırıb.

Sərxan Xavəri qədim tarixə və zəngin ənənələrə malik olan Ədəbiyyat İnstitutunun respublikada ədəbiyyat elminin əsas intellektual ağırlıq mərkəzlərindən birini təşkil etdiyini bildirib. O, müəssisənin 2025-ci ilin birinci yarısında fəaliyyətinin geniş, dolğun, əhatəli şəkildə əks olunduğu hesabatı, görülən işləri müsbət qiymətləndirib.

Tədbirdə fil.e.d. Fəridə Əzizovanın “Nizami və Füzuli”, fil.ü.f.d. Səltənət Əliyevanın “Qazi Bürhanəddinin bədii irsi İslam mədəniyyəti kontekstində (genezis və poetika)”, fil.ü.f.d. Fikrət Əhmədovun “Gəncəli Sabahi: həyat yolu və ədəbi irsi”, fil.ü.f.d. Kifayət Məmmədovanın “Qulamrza Səbri Təbrizi: ömür yolu və ədəbi irsi”, fil.ü.f.d., dos. Rauf Sadıxovun “Cəfər Bünyadzadənin həyatı və yaradıcılığı” monoqrafiyalarının, eləcə də “Qarabağın qadın şairləri” kitabının çapa tövsiyə olunmasına dair qərarlar qəbul edilib.

İclasa yekun vuran akademik İsa Həbibbəyli müəssisə əməkdaşlarının ümumi fəaliyyətinə nəzər salıb, nəşr olunmuş yeni kitabların elmi əhəmiyyətini vurğulayıb. Birinci yarımil ərzində 37 kitabın çapdan çıxmasını, 15 kitabın isə çap prosesində olmasını məqbul hesab edib.

İnstitutda müstəqil Azərbaycan dövlətinin çağırışlarına müvafiq olaraq yeni elmi nəslin yetişdirilməsinin vacibliyini qeyd edən AMEA rəhbəri bu istiqamətdə fəaliyyətin gücləndirilməsinin önəmini vurğulayıb. Akademik İsa Həbibbəyli, həmçinin Azərbaycan alimlərinin impakt faktorlu jurnallarda çıxan məqalələrinin sayının artırılmasının başlıca hədəflərdən olduğunu deyib.

O, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri filologiya elmləri doktoru Fəridə Əzizovanın Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adına layiq görüldüyünü söyləyib, alimi bu münasibətlə təbrik edib.

Akademik İsa Həbibbəyli növbəti 6 ay ərzində elmi tədqiqatların əhatə dairəsinin daha da genişlənəcəyinə, yeni nailiyyətlərin əldə olunacağına əminliyini ifadə edib, bir sıra məsələlərlə bağlı fikirlərini açıqlayıb, bəzi qeyd və təkliflərini səsləndirib.


Seçilən
6
2
azia.az

3Mənbələr