ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 30 iyun, AZƏRTAC
İyunun 30-da AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.
İclası akademik İsa Həbibbəyli açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. O, AMEA-nın institut və təşkilatlarında elmi-tədqiqat işlərinin keyfiyyətini artırmaq, daha səmərəli fikir mübadiləsi aparmaq məqsədilə hesabat iclaslarına AMEA-nın Rəyasət Heyəti aparatının məsul əməkdaşlarının da təhkim edildiyini bildirib.
İnstitutun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı hesabatı təqdim edərək cari ilin yarım ilinin müəssisə üçün elmi nailiyyətlərin əldə edilməsi baxımından əhəmiyyətli olduğunu bildirib. Məruzəçi hesabat dövründə Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərarları, habelə dövlət proqramlarının icrası ilə əlaqədar elmi müəssisəyə tapşırılmış işlərlə bağlı məlumat verib.
Aygün Bağırlı ölkə rəhbərinin “2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında”, Seyid Əzim Şirvaninin 190, Üzeyir Hacıbəylinin 140, Bəxtiyar Vahabzadənin 100, Fikrət Qocanın 90 illiyinin, Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi, Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında sərəncamlarına əsasən institutda görülmüş işləri diqqətə çatdırıb.
Elmi katib AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Özbəkistanın Fərqanə Dövlət Universiteti, Qırğızıstan Milli Elmlər Akademiyası və Beynəlxalq Mihay Eminesku Akademiyası arasında anlaşma memorandumlarının imzalandığını bildirib. O, həmçinin elmi-tədqiqat işləri, elektron elmin vəziyyəti, institutun nəşriyyat fəaliyyəti, kadr hazırlığı, beynəlxalq əlaqələr, müəssisə tərəfindən keçirilmiş konfrans, sessiya, seminar və yubileylər, eləcə də əməkdaşların xaricdə keçirilmiş beynəlxalq tədbirlərdə iştirakı barədə ətraflı məlumat verib. Qeyd edib ki, institutda fəlsəfə doktoru hazırlığı üzrə 16 doktorant, 20 dissertant, elmlər doktoru hazırlığı üzrə 3 doktorant, 21 dissertant təhsil alır. Növbəti tədris ili üçün doktorantura və dissertanturaya sənəd verənlərin sayı 34-ə çatıb.
Daha sonra Ədəbiyyat İnstitutunun şöbə müdiri filologiya elmləri doktoru, dosent Elnarə Akimova, şöbə müdiri professor İmamverdi Həmidov, institutun baş elmi işçisi professor Qəzənfər Paşayev, şöbə müdiri professor Tahirə Məmməd, aparıcı elmi işçi filologiya elmləri doktoru Esmira Fuad, şöbə müdiri filologiya elmləri doktoru Asif Rüstəmli və institutun direktor müavini dosent Mehman Həsənli çıxış edərək cari ilin I yarısı üçün olan hesabatı qənaətbəxş hesab edib, şöbələrin fəaliyyət istiqamətləri, görüləcək işlər barədə məlumat veriblər.
İclasda AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru, dosent Sərxan Xavəri müasir dünyanın sosial-iqtisadi və mədəni-mənəvi çağırışları, eləcə də dövlətin ideoloji prioritetləri kontekstində Ədəbiyyat İnstitutunun fəaliyyətinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, institutda ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirildiyini, ictimai-humanitar elmlər sahəsində çalışan alim və mütəxəssislərin mühüm dövlət proqramları çərçivəsində yerinə yetirilən layihələrdə yaxından iştirak etdiklərini bildirib.
Dosent Sərxan Xavəri vurğulayıb ki, son zamanlar elektron elm sahəsində reallaşdırılan layihələr, beynəlxalq elmi əlaqələrin gücləndirilməsi və yüksəkixtisaslı kadr hazırlığı sahəsində əldə olunmuş uğurlar institutun fəaliyyətinin genişləndiyini bir daha sübut edir.
“Görkəmli ədəbi şəxsiyyətlərin həyat və yaradıcılığının sistemli şəkildə tədqiqi Ədəbiyyat İnstitutunun əsas elmi istiqamətlərindən biri kimi mühüm əhəmiyyət kəsb edir”, - deyən məruzəçi əlavə edib ki, akademik İsa Həbibbəylinin irəli sürdüyü elmi və ideoloji çağırışların konkret nümunələri institutun çoxşaxəli fəaliyyətində öz əksini tapıb.
Sərxan Xavəri Ədəbiyyat İnstitutunun respublikada ədəbiyyat elminin əsas intellektual ağırlıq mərkəzlərindən birini təşkil etdiyini bildirib. O, müəssisənin 2025-ci ilin birinci yarısında fəaliyyətinin geniş, dolğun, əhatəli şəkildə əks olunduğu hesabatı, görülən işləri müsbət qiymətləndirib.
Tədbirdə filologiya elmləri doktoru Fəridə Əzizovanın “Nizami və Füzuli”, filologiya üzrə fəlsəfə doktoru Səltənət Əliyevanın “Qazi Bürhanəddinin bədii irsi İslam mədəniyyəti kontekstində (genezis və poetika)”, filologiya elmləri doktoru Fikrət Əhmədovun “Gəncəli Sabahi: həyat yolu və ədəbi irsi”, filologiya elmləri doktoru Kifayət Məmmədovanın “Qulamrza Səbri Təbrizi: ömür yolu və ədəbi irsi”, filologiya elmləri doktoru, dosent Rauf Sadıxovun “Cəfər Bünyadzadənin həyatı və yaradıcılığı” monoqrafiyalarının, eləcə də “Qarabağın qadın şairləri” kitabının çapa tövsiyə olunmasına dair qərarlar qəbul edilib.
İclasa yekun vuran akademik İsa Həbibbəyli müəssisə əməkdaşlarının ümumi fəaliyyətinə nəzər salıb, nəşr olunmuş yeni kitabların elmi əhəmiyyətini vurğulayıb. Birinci yarımil ərzində 37 kitabın çapdan çıxmasını, 15 kitabın isə çap prosesində olmasını məqbul hesab edib.
İnstitutda müstəqil Azərbaycan dövlətinin çağırışlarına müvafiq olaraq yeni elmi nəslin yetişdirilməsinin vacibliyini qeyd edən AMEA rəhbəri bu istiqamətdə fəaliyyətin gücləndirilməsinin önəmini vurğulayıb.
Akademik İsa Həbibbəyli növbəti 6 ay ərzində elmi tədqiqatların əhatə dairəsinin daha da genişlənəcəyinə, yeni nailiyyətlərin əldə olunacağına əminliyini ifadə edib, bəzi qeyd və təkliflərini səsləndirib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.