“Mançester Yunayted”in 37 yaşlı şimali irlandiyalı keçmiş mərkəz müdafiəçisi Conni Evans klubda vəzifə alıb.
Arena.az “Mançester Yunayted”in rəsmi saytına istinadən məlumat verir ki, keçmiş futbolçu kluda icarə və inkişaf şöbəsinin rəhbəri vəzifəsində çalışacaq.
Xatırladaq ki, bu gün, iyunun 30-da “Mançester Yunayted”lə müqaviləsinin müddəti rəsmən başa çatmış Evans futbolçu karyerasına xitam verib.
“Qırmızı şeytanlar”ın gənc oyunçularının icarə və inkişaf məsələrinə rəhbərlikdə Evansa klubun direktoru Ceyson Uilkoks, həmçinin “Mançester Yunayted”in futbol akademiyasının rəhbəri kömək edəcəklər.
Conni Evans məhz “Mançester Yunayted” futbol akademiyasının yetirməsidir. Müdafiəçi, karyerasının 2006-2015-ci illəri dönəmində “qırmızı şeytanlar”ın futbolçusu olaraq, icarə əsasında “Antverpen” və “Sanderlend”də çıxış edib. Sonra isə Conni “Vest Bromviç”ə tamhüquqlu əsasda transfer edilib, buradan isə 2018-ci ildə “Lester Siti”yə keçib. 2023-cü ilin iyul ayında Evans “Lester Siti”dən azad agent qismində ayrılaraq, doğma klubu “Mançester Yunayted”ə qayıdıb.
Mövsüm ərzində Evans “Mançester Yunayted”in heyətində 13 oyun keçirib, 1 qol vurub. Ümumilikdə isə Evansın “Mançester Yunayted”in heyətində çıxışının rəqəmlərin ifadəsində təsviri belədir: 241 oyun, 8 qol, 7 məhsuldar ötürmə.
Evans 2006-cı ilin sentyabr ayında debüt etdiyi Şimali İrlandiya yığmasının heyətində 107 oyun keçirib, 6 qol vurub, 3 məhsuldar ötürmə verib.