Kərəvəz şirəsi son illərdə arıqlama və orqanizmin təmizlənməsi üçün "möcüzəvi vasitə" kimi təqdim olunur. "Detoks içkisi", "arıqlama eliksiri" və digər cazibədar adlarla populyarlaşan bu içki sosial mediada böyük maraqla qarşılanır.
Moderator.az xəbər verir ki, bu barədə diyetoloq Tatyana Lakusta özünün "İnstagram" səhifəsində məlumat verib.
Diyetoloq xəbərdarlıq edir: kərəvəz şirəsi heç də zərərsiz deyil və onun müntəzəm, həddindən artıq qəbulu sağlamlığa ciddi təhlükələr yarada bilər. O, qeyd edir ki, bu içki bəzi hallarda böyrəklərdə daş əmələ gəlməsinə, həzm sistemində pozuntulara və dərinin günəş işığına qarşı həssaslaşaraq daha tez qocalmasına səbəb ola bilər.
Əsas fəsadlar: nələrə diqqət etmək lazımdır?
Allergiya və yüksək həssaslıq
Kərəvəz allergik reaksiyalar yaratmaq potensialı olan bitkilər siyahısındadır. Əgər sizdə tozcuqlara (xüsusən də ağcaqayın, yovşan, razyana, keşniş, çuğundur toxumu və ya anisdən) qarşı həssaslıq varsa, kərəvəz sizə də zərər verə bilər. Şirənin tərkibində təbii aspirinə bənzər salisilat birləşmələri də var. Bu maddələr qan durulaşdırıcı təsir göstərə və qanaxmaya meylli şəxslərdə problem yarada bilər.
Aşağı təzyiq və halsızlıq
Kərəvəz damargenişləndirici və sakitləşdirici təsirə malikdir. Təbii ki, bu keyfiyyətlər müəyyən hallarda faydalı sayıla bilər. Amma aşağı təzyiqlə yaşayan insanlar üçün bu içki başgicəllənmə, halsızlıq və ümumi zəiflik yarada bilər.
Günəş işığına qarşı həssaslıq və erkən dərinin qocalması
Kərəvəzin tərkibində olan psoralenlər dərinin günəş şüalarına qarşı həssaslığını artırır. Günəşli havada bu şirəni qəbul etdikdə dəridə qızartı, səpkilər, hətta yanıqlarla reaksiya verə bilər. Bu da dəridə fotoyaşlanma prosesini sürətləndirə bilər. Davamlı qəbul zamanı dəriniz günəşin təsiri ilə daha tez qocalar.
Oynaqlara əlavə yük və podaqra riski
Kərəvəz şirəsində purinlər var, bunlar orqanizmdə sidik turşusunu artırır. Əgər sizdə podaqra, oynaq ağrıları və ya artritə meyl varsa, bu içki vəziyyəti daha da pisləşdirə bilər.
Böyrək daşlarının yaranma riski
Kərəvəz şirəsi oksalatlarla zəngindir. Bu maddələr xüsusən orqanizmdə maye və maqnezium çatışmazlığı zamanı böyrəklərdə daşların yaranmasına səbəb ola bilər. Maddələr mübadiləsində pozuntu və ya öd kisəsində problem olan insanlar bu riski xüsusilə nəzərə almalıdır.
Turşuluğun artması
Şirədəki turşəng (oksalat turşusu) mədə turşusunu artıra bilər. Bu isə xora, qastrit, stomatit və kolit kimi həzm problemləri olanlar üçün, xüsusilə də bu içki konsentrat formada, yəni su ilə qarışdırılmadan qəbul edilirsə, təhlükə yaradır.
Dərmanlarla qarşılıqlı təsir
Kərəvəz şirəsi bəzi dərmanların təsirini azalda və ya artıraraq onları təsirsiz edə bilər. Məsələn, qalxanabənzər vəz hormonlarını əvəz edən tiroksin, litium preparatları və ya sakitləşdirici vasitələrin təsirinə müdaxilə edə bilər. Bu səbəbdən, əgər müalicə kursu keçirsinizsə, əvvəlcədən həkimlə məsləhətləşməyiniz mütləqdir.
Kərəvəz şirəsindən necə təhlükəsiz istifadə etmək olar?
Əgər sağlamlığınız yerindədirsə və xüsusi əks göstərişlər yoxdursa, həftədə 3-4 dəfə bir stəkan (200–250 ml) kərəvəz şirəsi kifayət edir. Bu miqdar faydalı təsirləri təmin etməyə, eyni zamanda riskləri minimuma endirməyə imkan verir.
Niyə gündəlik qəbul etmək tövsiyə olunmur?
- Güclü sidikqovucu təsirə malikdir və bu, orqanizmin susuzlaşmasına səbəb ola bilər
- Elektrolit və mineral itkilərinə yol aça bilər
- Tərkibində olan furanokumarinlər dərini ultrabənövşəyi şüalara qarşı daha həssas edir.
- Xroniki xəstəliklərin alovlanmasını stimullaşdıra bilər.
Diyetoloqdan məsləhət:
Konsentrat şirə əvəzinə, təzə və bütöv kərəvəz yemək daha faydalıdır. Çünki o zaman siz orqanizminiz üçün vacib olan lif (sellüloza) qəbul etmiş olursunuz. Bu liflər bağırsaq mikroflorasının və ümumi həzm prosesinin sağlamlığı üçün əvəzsizdir. Sadəcə olaraq, tulladığınız hissə bəlkə də ən faydalı hissədir
Hər "detoks" içkisi faydalı deyil
Kərəvəz şirəsi müəyyən şərtlərlə faydalı ola bilər. Amma onu möcüzəvi və universal sağalma vasitəsi kimi görmək təhlükəlidir. Bu içki balanslı və müxtəlif qida rasionunun bir hissəsi ola bilər, lakin diqqətli və ölçülü yanaşma tələb edir. Onu digər tərəvəz şirələri ilə qarışdırmaq, orqanizmin reaksiyasını müşahidə etmək və lazım gəldikdə həkimlə məsləhətləşmək vacibdir. Unutmayın: sağlamlıq- harmoniyadır, hətta ən faydalı hesab edilən məhsul belə, əgər düzgün və ölçüsündə istifadə olunmazsa, sağlamlığa zərər verə bilər.