Azərbaycan hüquqi dövlətdir və bütün hüquqi dövlətlərdə olduğu kimi bizism ölkəmizdə də istər ictimai-siyasi, istərsə də hüquqi məsələlər qanunvericilik çərçivəsində tənzimlənir. Ailə dövlətin özəyi olmaqla yanaşı həm də cəmiyyətin inkişafı və dövlətin gələcəyinin sağlam düşüncəli gənc nəsillərə ötürülməsində vacib institutudur.
Onu da qeyd edək ki, Azərbaycanda ailə münasibətləri qanunvericiliklə tənzimlənir və dövlət tərəfindən yalnız rəsmi nikah tanınır. Azərbaycanda ailə institutunun formalaşması və qanuni tənzimlənməsi ilə bağlı 1999-cu ildə Azərbaycan Respublikasının Ailə Məcəlləsi qəbul edilib.
Bu məcəllə Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətlərinin iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, habelə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydalarını tənzimləyən normaları müəyyən edir.
Azərbaycan Respublikasının ailə qanunvericiliyinin əsasını dövlətin ən yüksək hüquqi sənədi olan Azərbaycan Respublikasının Konstitusiyası və Ailə Məcəlləsi təşkil edir. Həmçinin buraya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr də daxildir. Ailə qanunvericiliyinə əsasən, Azərbaycan Respublikasında ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir.
Ailə hüquqlarının müdafiəsi
Ailə Məcəlləsinin vəzifələri sırasına ailənin ümumbəşəri prinsiplər əsasında qurulması, ailə münasibətlərinin qadın və kişinin könüllü nikah ittifaqı, bütün ailə üzvlərinin maddi mülahizələrdən azad olan qarşılıqlı məhəbbəti, dostluğu və hörmət hissləri əsasında qurulması, ailədə uşaqların ictimai tərbiyə ilə üzvi əlaqədar şəkildə vətənə sədaqət ruhunda tərbiyə edilməsi, ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi, ailə münasibətlərində zərərli adətlərin aradan qaldırılması, uşaqlarda ailə və cəmiyyət qarşısında məsuliyyət hissinin tərbiyə edilməsi daxildir.
Vətəndaşlar ailə hüquqlarını, habelə həmin hüquqların müdafiəsini, Ailə Məcəlləsində başqa qayda nəzərdə tutulmayıbsa, müstəqil həyata keçirirlər. Ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır.
Ailə hüquqları məhkəmələr, bu məcəllədə nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti və digər dövlət orqanları tərəfindən qanunvericilikdə müəyyən olunmuş qayda müdafiə olunur.
“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
Pozulmuş hüquqların müdafiəsi üçün Ailə Məcəlləsində müəyyən olunmuş müddətlər istisna olmaqla, ailə münasibətlərindən irəli gələn tələblərə iddia müddəti şamil olunmur. İddia müddətini müəyyən edən normaların tətbiqi zamanı məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydaları rəhbər tutur.
Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyildir. Bu müddəa müvafiq icra hakimiyyəti orqanının yaradılmasınadək bağlanmış dini nikahlara və onların təsdiqinə dair sənədlərə, doğum, nikahın bağlanması, nikahın pozulması və ölüm haqqında sənədlərə aid deyildir.
Azərbaycan Respublikası Ailə Məcəlləsinin 2.2 bəndinə əsasən ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir. Qanunun 2.3. bəndinə əsasən nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Tərəflər nikaha daxil olarkən və ailə münasibətlərində sosial, irqi, milli, dini və dil mənsubiyyətinə görə vətəndaşların hüquqlarının hər hansı formada məhdudlaşdırılması qadağandır.
Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Ər (arvad) özünə məşğuliyyət, sənət və yaşayış yeri seçməkdə azaddır. Ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar.
Nikah müqaviləsi
Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Nikah müqaviləsi ilə ər-arvad birgə mülkiyyətin qanunla müəyyən olunmuş rejimini dəyişərək, ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya ər-arvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər. Nikah müqaviləsi ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər. Ər-arvad nikah müqaviləsində bir-birinin qarşılıqlı saxlanması, bir-birinin gəlirlərində iştirak üsulları, hər birinin ailə xərclərində iştirakı qaydası ilə bağlı hüquq və vəzifələrini, nikah pozulduqda hər birinə düşəcək əmlakı və ər-arvadın əmlak münasibətlərinə dair hər hansı başqa müddəanı müəyyənləşdirmək hüququna malikdirlər. Nikah müqaviləsinə mediasiyaya dair şərtlər daxil edilə bilər. Nikah müqaviləsində nəzərdə tutulmuş hüquq və vəzifələr müəyyən müddətlərlə məhdudlaşa bilər, müxtəlif şəraitin yaranıb-yaranmamasından asılı ola bilər. Nikah müqaviləsində ər-arvadın hüquq və fəaliyyət qabiliyyətini, öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququnu, uşaqlara münasibətdə hüquq və vəzifələrini, eləcə də ər-arvad arasındakı şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyən, ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin(arvadın) saxlanılması üçün vəsait almaq hüququnu məhdudlaşdıran, ər-arvaddan birini çox əlverişsiz vəziyyətə salan və ailə qanunvericiliyinin əsaslarına zidd olan müddəalar nəzərdə tutula bilməz.
Boşluğu aradan qaldıra biləcək amil
Onu da qeyd edək ki, qanunvericilikdə doğumun və ölümün qeydə alınması, nikahın qeydə alınması, atalığın müəyyən edilməsi, eləcə də nikahın pozulması ilə bağlı məsələlər ətraflı şəkildə əksini tapıb. Baxmayaraq ki, ailə qanunvericiliyində dini nikah qəbul edilmir, son illər rəsmi nikahların sürətlə pozulması və vətəndaş nikahı adı altında dini nikahların sayının sürətlə artması qanunvericilikdə bu məsələ ilə bağlı müəyyən boşluqların olmasını göstərir. Onu da qeyd edək ki, bu mövzu dəfələrlə millət vəkilləri tərəfindən də gündəmə gətirilib. Məhkəmələrdə qeyri-rəsmi nikahdan olan uşaqların hüquqlarının təmin olunması, məsələn, atalığın müəyyən edilməsi, alimentin təyin edilməsi kimi problemlər yaşandığına görə sosioloqlar bu məsələ ilə bağlı qanunvericilikdə müəyyən dəyişikliklərin edilməsini zəruri sayırlar. Hesab olunur ki, hər bir vətəndaş rəsmi nikahla yanaşı dini nikah da bağlaya bilər. Burada hər hansı hüququn məhdudlaşdırılmasından söhbət getmir. Bununla belə, qanunvericilikdə o şərt qoyulmalıdır ki, dini qurumlar tərəfindən o şəxslərin dini nikahı qeydə alına bilər ki onların arasında rəsmi və dövlətin də tanıdığı rəsmi nikah şəhadətnaməsi olsun. Hesab olunur ki, bu əlavənin edilməsi nəinki qeyri-rəsmi ailələrin sayını nəzərəçarpacaq dərəcədə azalda bilər, eləcə də həmin ailələrdə doğulan uşaqların gələcək təminatı baxımından da vacib amildir. Həmçinin ekspertlər bu məsələ ilə bağlı vətəndaş cəmiyyəti institutlarının da fəallıq göstərməsini vacib sayırlar. Hesab olunur ki, qanunvericilikdəki boşluqların aradan qaldırılması təşəbbüsləri sonda bu mövzu ilə bağlı yaranmış problemləri də aradan qaldıracaq.
Yeri gəlmişkən, qardaş Türkiyə də dünyəvi dövlət olduğu üçün nikah institutunu tamamilə mülki hüquq çərçivəsində tənzimləyir. Türkiyədə dövlət tərəfindən rəsmiləşdirilən mülki nikah hüquqi cəhətdən keçərli sayılır. Dini nikah, yəni imam tərəfindən kəsilən nikah qanun qarşısında hüquqi nəticə doğurmur və təkbaşına evlilik statusu yaratmır. Yəni dini nikahla birgə yaşayan şəxslər rəsmi olaraq evli hesab olunmurlar. Türkiyə Cəza Qanununun 230-cu maddəsinə əsasən, mülki nikah olmadan dini nikah bağlayan din adamı və ya imam barəsində cərimə və ya həbs cəzası tətbiq oluna bilər. Bu norma, dövlətin nikah məsələlərini mülki hüquqla tənzimləmə siyasətindən irəli gəlir və qadınların, uşaqların hüquqlarını qorumağa xidmət edir. Bununla belə, Türkiyədə insanlar mülki nikah bağladıqdan sonra dini nikah da kəsdirə bilərlər. Bu, tamamilə sərbəstdir və şəxsi seçim sayılır. Bu halda dini nikah rəsmi evlilik üzərində bir dini mərasim kimi qəbul olunur və hüquqi problem yaratmır. Bəzi bölgələrdə dini nikah mülki nikahdan daha önəmli sayılır və sosial legitimlik baxımından mühüm rol oynayır. Xüsusilə konservativ bölgələrdə dini nikah olmadan birgə yaşamaq qəbul edilmir.
Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Azərbaycanda ailə dəyərlərinə qarşı hibrid təhdidlər” layihəsi çərçivəsində hazırlanıb. Əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.