Televiziya kanallarında “sosial layihə” adı altında yayımlanan proqramlar zaman-zaman ailədaxili münaqişələr, xəyanət hekayələri, hətta azyaşlıların həyatına dair həssas məqamların ifşa olunduğu məkanlara çevrilir. Bu verilişlər cəmiyyətin sosial problemlərinə işıq salsa da, ailə institutuna, şəxsi həyata, uşaqların psixologiyasına dair ciddi etik və hüquqi narahatlıqlar doğurur.
Bəs bu cür təqdimatlar, özəl həyata dair detalların efirdə nümayişi cəmiyyətin mənəvi dəyərləri və hüquqi normaları ilə nə dərəcədə uzlaşır? Həmçinin, özünün nümunəvi bir ailəsi, bu mövzuda danışmaq üçün təhsili, peşəkar fəaliyyəti olmayan şəxslər efirlərdə ekspert kimi çıxış edirlər. Bunlar nə qədər doğrudur?
Problem kimdə, yaxud nədədir?
Mövzu ilə bağlı “Report”a açıqlama verən Mətbuat Şurası İdarə Heyətinin üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli təəssüflə qeyd edib ki, son dövrlər ailə institutunun dağılması istiqamətində ciddi proseslər gedir:
"Bu, qlobal bir problemdir və Azərbaycandan da yan keçməyib. Düzdür, başqa dövlətlərin statistik göstəriciləri ilə müqayisədə Azərbaycandakı durum nisbətən yaxşı görünür. Amma bu, nisbi göstəricidir. Reallıq odur ki, ölkəmizdə də ailə institutunun dağılmasına yönəlik proseslər mövcuddur".
JuHi sədri ailə institutunun deqradasiyaya uğramasını stimullaşdıran fərqli səbəblərdən də bəhs edib:
"Bunların sırasında media, informasiya, sosial şəbəkə amili də önə çıxır. Nəzəri fikir belədir ki, media müstəvisində düzgün maarifləndirmə və məlumatlandırma işi qurmaqla ailə institutunun möhkəmlənməsi, qorunub saxlanılması prosesinə töhfə vermək mümkündür. Amma yaşadığımız dövrdə bunun əksi baş verir.

Şəxsi həyat sirri təşkil edən məsələlərin ictimailəşdirilməsi...
Media strukturlarının gündəlik informasiya axınına diqqət yetirsək, görərik ki, onlar ailə institutunun qorunub saxlanılmasına deyil, dağılıb məhv edilməsinə yönəlik fəaliyyət sərgiləyirlər. Bu hal xüsusilə audiovizual media müstəvisində, televiziyaların şou proqramlarında, həmçinin, IP toplamaq yarışına girişmiş xəbər portallarında özünü göstərir.
Cəmiyyətin bir qismi haqlı olaraq TV-lərdə təşkil olunan və ailə-məişət mövzularına, daha dəqiq desək, məişət mübahisələrinə həsr edilmiş şou proqramlara etiraz edir, belə verilişlərin bağlanılmasını tələb edirlər. Çünki bu cür proqramlar abır-həya, ismət hissini zədələyir, ailə institutuna xələl gətirir. Sosial şəbəkələr isə bu baxımdan ümumiyyətlə problemlidir".
M.Ələsgərlinin fikrincə, sosial media platformalarında informasiya işinin əksər prinsipləri qorunmur. Bu hal ailə-məişət məsələlərinə yanaşmada da özünü büruzə verir.
"Şəxsi həyat sirri təşkil edən məsələlərin ictimailəşdirilməsi, ailə-məişət mövzularının, xüsusilə, məişət zorakılığını ehtiva edən informasiyaların aşırı şəkildə gündəmə gətirilməsi, nifrət nitqinin yüksəlməsi sosial şəbəkələr üçün gündəlik iş halına çevrilib. Belə yanaşma ailə institutunun dağılması prosesinə təsir göstərir. Məsələ ondadır ki, təkcə jurnalistlər deyil, ümumilikdə informasiya istehsalçıları, xəbər yayıcıları ailə-məişət mövzusundan necə yazmalı olduqlarını, hansı məqamlara həssas yanaşmaq tələb edildiyini bilməlidirlər", - o vurğulayıb.
"Efirdə xırdalıqlara varmaq böyük bir aşınmanın xəbərçisidir"
Mövzu ilə bağlı "Report"a danışan sosioloq Lalə Mehralı bildirib ki, ailələr, azyaşlılar, yetkinlik yaşına çatmayanlarla bağlı efir yayımlarında diqqətli olmaq lazımdır:
"İlk növbədə, həmin şəxslərin adı, soyadı, foto və videolarının açıq şəkildə yayımlanması onların hüquqlarının pozulması deməkdir. Belə hallar "Media haqqında" qanunda nəzərdə tutulan müddəaların pozulması anlamına gəlir. Bu gün bəzi media nümayəndələri, kütləvi informasiya orqanları qanunlardan nə dərəcədə xəbərdardır? Bu artıq ciddi bir sualdır və ictimai müzakirə mövzusudur.
Sosial layihələr adı altında efirdə baş verən "dramlar", ailə münaqişələri, problemlər, xəyanətlər və digər sosial bəlalar, əslində, ailə dəyərlərinin aşınması, cəmiyyətin mənəvi dəyərlərinin sıradan çıxması deməkdir. Reytinq naminə qurban verilən ailə dəyərlərini sonradan bərpa etmək, bəlkə də, mümkün olmayacaq, bunu anlamaq lazımdır".
Sosioloqun sözlərinə görə, Azərbaycan kişisinin mediada, bəzi sosial layihələrdə, televiziya verilişlərində təqdimatı narahatlıq doğurur.

“Bəzən kişilər elə bir formada təqdim edilirlər ki, bu zaman nə ailədə, nə cəmiyyətdə, nə övladlar qarşısında, nə də həyat yoldaşı yanında onların nüfuzu qalır. Kişilər efirə çıxıb evdən qaçan həyat yoldaşından danışır, xəyanətdən söz açır, ailəsinin məhrəm məsələlərini bölüşür. Halbuki, bu, normal yanaşma deyil. Əgər bu halların qarşısı alınmasa, televiziya kanallarına xüsusi nəzarət tətbiq edilməsə, bu proses daha da genişlənəcək, daha çox nümayiş etdiriləcək və nəticədə ailə, cəmiyyət adlı sosial strukturlar məhv ola bilər", - o qeyd edib.
L.Mehralı əlavə edib ki, bəzi mövzuların işıqlandırılması nə milli-mənəvi dəyərlərə uyğundur, nə də cəmiyyətin mənəviyyatını qorumaq baxımından doğrudur. Bu gün efirdə xırdalıqlara varmaq, əslində, böyük bir aşınmanın xəbərçisidir.
Reytinq, yoxsa ailə təməli?
Psixoloq, psixoterapevt Elmir Əkbər isə "Report"a bildirib ki, sosial proqramlar hazırlanarkən jurnalistin, aparıcının peşəkarlığı önəm daşıyır:
“Burada problemin mahiyyətindən söhbət getmir. Sosial proqramlara çıxanlar çətinliyi, sıxıntısı olan insanlardır. Ona görə biz orada mükəmməl insan görə bilmərik. Bəzən mənim də iştirak etdiyim proqramlarda ağır söyüşlər, davalar olur, həmin kadrlar, səslər efirə verilmir və ya kəsilir. Bütün televiziyalar buna riayət etsələr, doğru və peşəkar təqdimat olar. Həkimin uğuru müalicə etdiyi xəstənin sağalmasıdırsa, jurnalistin də uğuru hazırladığı materialın, verilişin reytinqidir. Sadəcə, bu, peşəkar qaydada olmalıdır. Beləliklə, reytinq uğrunda ailə təməlini sarsıda biləcək təcrübələrə qarşı ictimai etiraz və peşəkar standartların tətbiqi ilə cavab vermək vaxtıdır".
Audiovizual Şura: Cəmiyyətin həssaslığı nəzərə alınmalıdır
Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev də məsələ barədə "Report"a danışıb. O qeyd edib ki, Azərbaycanda media sahəsində fəaliyyət “Media haqqında” qanunla tənzimlənir. Bu qanunda təsbit olunmuş normalara əməl olunması media subyektləri və jurnalistlər üçün məcburidir.
"Bu normalara əməl olunmaması müəyyən sanksiyalara gətirib çıxara bilər. Adıçəkilən normalardan biri “Media haqqında” qanunun 14-cü maddəsində təsbit olunub. Bu, mediada dərc olunan və ya yayımlanan informasiyaya dair tələblərdir. Həmin maddədə nəzərdə tutulmuş tələblərin əksəriyyəti konstitusion normalarla bağlıdır. Belə ki, bu normada qadın və uşaq hüquqlarının qorunması, ümumilikdə insan hüquqlarının və azadlıqlarının təmin olunması məsələsi öz əksini tapır. Şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzun ləkələnməsinə yol verilməməlidir. Şəxsin ailə və şəxsi həyatına aid sirr olan məlumatların yayılmasına yol verilməməlidir.

Həmçinin, irqi, dini mənşə, cinsi, etnik və digər ayrı-seçkilik təbliğ olunmamalı, habelə etnik, irqi və ya dini düşmənçiliyin salınması üçün açıq çağırışlar edilməməlidir. Eyni zamanda, böhtana, təhqirə və nifrət çıxışlarına yol verilməməlidir. Faktlar və hadisələr qərəzsiz, obyektiv təqdim olunmalı, birtərəfliliyə yol verilməməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatlar dərc edilməməli və yay yayımlanmamalıdır", - o bildirib.
Audiovizual Şura rəsmisi xatırladıb ki, eyni zamanda, “Media haqqında” qanunun 15-ci maddəsində informasiyanın yayılmasına, informasiya mənbəyinin açıqlanmasına yol verilməyən hallarla bağlı normalar öz əksini tapıb:
“Bu normalardan bəziləri birbaşa olaraq uşaq hüquqlarının müdafiəsinə yönəlib. Yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxslərin şəxsiyyətləri barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yayılmasına yol verilməməlidir”.
Qurum rəsmisi tövsiyə edib ki, bəzi mövzuların işıqlandırılması zamanı cəmiyyətin həssaslığı nəzərə alınmalı, həssas qruplar - məsələn, insan alveri qurbanları, digər zərərçəkmiş şəxslərlə bağlı qanunvericilikdən irəli gələn tələblər və jurnalist etikası çərçivəsində addımlar atılmalıdır.
Ailə-məişət mövzusunda neqativ xəbərlərin tirajlanması yanlış ailə modelini təbliğ edir
Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Rəşad Əliyev bizimlə söhbətində məsələnin hüquqi tərəfdən necə tənzimləndiyini izah edib:
"Ailə münaqişələri, məişət zorakılığı, konfliktlər və ümumiyyətlə neqativ emosiyalı xəbərlər həm yerli, həm də xarici mediada yüksək maraqla qarşılandığına görə reytinq baxımından media orqanı tərəfindən bu cür kontentlərə üstünlük verilir. Ancaq bu cür informasiyaları hazırlayarkən jurnalistikanın peşə etikasına və qanunvericiliyin tələblərinə əməl etmək zəruridir. Bu, təkcə hüquqi məsuliyyət deyil, həm də mənəvi dəyərlər, yayılan informasiyanın şəxslərin həyatında mənfi nəticələrə səbəb olmaması baxımından vacibdir. Ailə-məişət mövzusunda neqativ hadisələrin, cəmiyyət üçün xarakterik olmayan nümunələrin tirajlanması yanlış ailə modelinin təbliği kimi də qiymətləndirilə bilər".

Hüquqşünas deyib ki, dərc olunan və yayımlanan informasiyaya dair tələblər "Media haqqında" qanunun 14-cü maddəsində ehtiva olunub.
"Bu qanunda “Uşaqların zərərli informasiyadan qorunması haqqında” və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunlarda nəzərdə tutulmuş digər informasiyanın yayımlanması qadağan edilir. Medianın etik norma və davranış qaydalarında ictimai əxlaqa, mənəvi dəyərlərə zərər gətirən informasiyanı yaymamaq vəzifəsi müəyyən edilib. Yəni media neqativ elementli məlumatları elə işıqlandırmalıdır ki, bu, təbliğ kimi qəbul olunmasın, insanların, xüsusən də yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına zərər vurmasın", - o vurğulayıb.
Beləliklə, bir daha aydın olur ki, cəmiyyətin milli-mənəvi keyfiyyətinin qorunması, onun yanlış deyil, doğru istiqamətdə inkişafı birbaşa kütləvi informasiya vasitələri və onu idarə edən şəxslərdir. Onlar nə qədər peşəkar olsalar, efirlər, informasiya portalları, sosial media platformaları da o qədər zəngin və sağlam olar.