ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 1 iyul, AZƏRTAC
ABŞ-da əksər iqtisadçılar və siyasətçilər etiraf edirlər ki, ölkədəki bir çox kənd təsərrüfatı işçiləri qeyri-leqal yaşayır. Bununla belə, onların sayının kəskin azalmasının ərzaq tədarükü zəncirinə və fermer təsərrüfatına dağıdıcı təsir göstərə biləcəyini vurğulayırlar.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, ABŞ Konqresinin Büdcə İdarəsinin keçmiş rəhbəri Duqlas Holts-İkinin sözlərinə görə, kənd təsərrüfatı sahəsində çalışanların təxminən 80 faizi xaricdə doğulub və onların demək olar ki, yarısı ölkədə qanunsuz yaşayır. Onların itirilməsi istehlakçılar üçün qiymətlərin artmasına səbəb olacaq.
“Bu, təchizat zənciri və kənd təsərrüfatı sektoru üçün pisdir”, – deyə Holts-İkin bildirib.
Fermerlər isə vəziyyətdən narazıdırlar: “Sahələrdə işçilərin 70 faizi işə gəlməsə, məhsulun 70 faizi yığılmayacaq və bir günə xarab ola bilər. Amerikalıların çoxu bu işi görmək istəmir. Fermerlər onsuz da güclə dolanırlar. Bu vəziyyət bir çoxunu iflas həddinə çatdırıb”.
Kaliforniya Ərzaq və Kənd Təsərrüfatı Departamentinin məlumatına görə, ABŞ-da yetişdirilən tərəvəzlərin üçdə birindən çoxu, meyvə və çərəzlərin isə dörddə üçündən çoxu məhz Kaliforniyada istehsal olunur. 2023-cü ildə ştatdakı təsərrüfat və rançolar kənd təsərrüfatı məhsullarının satışından təxminən 60 milyard dollar gəlir əldə edib.
Buna baxmayaraq, bəzi işçi qrupları bildirirlər ki, bir çoxları reydlərə baxmayaraq, dolanışıq xətrinə yenidən sahələrdə işləməyə qayıdırlar.
ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində paylaşım edərək özünün sərt antiimmiqrasiya siyasətinin amerikalı fermerlərə və otel sektoruna zərər vurduğunu etiraf edib. Bu, onun “Amerika tarixində ən böyük deportasiya əməliyyatını” həyata keçirmək vədi ilə bağlı nadir açıq etirafı olub:
“Bizim dəyərli fermerlərimiz və hotel, əyləncə sahəsində çalışan insanlar deyirlər ki, çox sərt immiqrasiya siyasətimiz uzun illərdir işləyən yaxşı işçiləri əllərindən alır və onların yerini doldurmaq demək olar ki, mümkün deyil”, – deyə Prezident yazıb.
ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ölkədə kənd təsərrüfatında çalışan işçilərin 40 faizdən çoxunun sənədləri yoxdur. Bəzi ştatlarda isə ət emalı və süd sənayesində çalışanların 90 faizini əcnəbilər təşkil edir.
Oksnard şəhərinin meri Luis Makartur qeyd edib ki, Kaliforniya ölkənin ən böyük kənd təsərrüfatı ştatıdır və istidə, soyuqda, yağışda işləyən bu insanlar olmasa, ölkəni ərzaqla təmin etmək mümkün olmazdı, nəticədə isə Amerika ailələri üçün qida məhsulları daha baha başa gələrdi.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.