Rusiyanın Yekaterinburq şəhərində baş verən hadisələrdən sonra orada yaşayan əmək miqrantlarının taleyi gündəmə gəlib. Xüsusilə azərbaycanlıların ölkədən kütləvi qovulması ehtimalı gündəmdədir. Bu isə Azərbaycanda sosial və iqtisadi vəziyyətə təsir göstərə bilər.
Bakı belə bir “sürpriz”ə hazırdırmı? Soydaşlarımız qayıdarsa, nə baş verəcək? Miqrantların Rusiyadan qovulması mümkündürmü?
Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, azərbaycanlı miqrantların Rusiyadan deportasiyası və ya qovulması mümkün deyil:
“Bu, ölkələr arasındakı münasibətlərə ciddi zərbə vurar. Yekaterinburqda baş verənlər, əlbəttə, Rusiyanın güc orqanları tərəfindən törədilən bir cinayətdir. Əksinə, Bakı Moskvadan hadisənin dəqiq araşdırılmasını, rəhbərlərin və yaxud icraçıların cəzalandırılmasını gözləyir. Əks halda, biz əlaqələrimizə yenidən baxmalı olacağıq. Hazırda Rusiya Ukrayna müharibəsinə görə ən çətin günlərini yaşayır. Hətta bu dövlətin ali siyasi rəhbərliyi dəfələrlə bildirib ki, bu gün onların əmək miqrantlarına ehtiyacı var. Fikrimcə, çağırışımıza cavab olaraq Rusiya hakimiyyəti cinayət hadisəsini dəqiq araşdıracaq və aidiyyəti şəxsləri cəzalandıracaq”.
Politoloq bildirib ki, Azərbaycan Cənubi Qafqazda aparıcı dövlətdir:
“2022-ci ildə Moskva ilə kifayət qədər ciddi strateji müqavilə imzalamışıq, şirkətlərimiz qarşılıqlı fəaliyyət göstərir. Moskvanın hər hansı mənfi addımı regiondakı mövqeyinə təsir edər. Hazırda onların Gürcüstan və Ermənistanla münasibətləri də kifayət qədər həssas durumdadır, demək olar ki, sıfır nöqtəsinə gəlib çatıb. Bu səbəbdən Azərbaycanla da münasibətlərin pozulmasını istəməzlər. Digər tərəfdən, onların ötən ilin dekabr ayında İranla imzaladıqları strateji iqtisadi müqavilə də var. Buna əsasən, Rusiya öz qazını Azərbaycan üzərindən İrana ixrac edəcək. İlkin mərhələdə bu həcm 3-5 milyard kubmetr olacaq, sonra isə 50 milyard kubmetrə qədər artırıla bilər. Yəni Bakı ilə münasibətlərin gərginləşməsi onlara baha başa gələr”.
İqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, Rusiyada yaşayan azərbaycanlıları bir neçə qrupa ayırmaq olar:
“Vətəndaşlıq almış və Rusiya pasportu ilə yaşayanların sayı 700 min-1 milyon arasında dəyişir. Onlarla bağlı heç bir problem olmamalıdır. Həmçinin rəsmi iş icazəsi ilə çalışan miqrantların çoxu, hətta ömürlük iş icazəsi alıblar, sənədlə bağlı problemlərini həll ediblər. Əsas təhlükə qeyri-qanuni miqrantlarla əlaqəlidir. Bu şəxslərin ya sənədi, ya da Rusiyada qalma icazələri yoxdur və sayları yüz minlərlədir. Həmin soydaşlarımızın nə qədərinin Azərbaycana gələcəyini demək çətindir. Çünki zaman-zaman Moskva ilə bağlı problemlər yaşananda azərbaycanlıların əksəriyyəti iş qurmaq üçün Qazaxıstana, Özbəkistana, Qırğızıstana, hətta Belarusa belə üz tutublar. İstisna deyil ki, indi də belə hal yaşansın”.
N.Cəfərli bildirib ki, hökumət soydaşlarımızın qayıtmasına hazır olmalıdır:
“Buna təhlükə yox, fürsət kimi də yanaşmaq olar. Onlar vətənə qayıtdıqdan sonra yeni iş yerləri yarada, biznes qura, investisiyalar edə bilərlər. Çoxu əslən işğaldan azad olunmuş bölgələrimizdəndir. Qarabağda da yüz minlərlə insan yaşamalıdır, hələ ki müəyyən problemlər və çağırışlar var. Yeni proqramlar qəbul etməklə, yanaşmalar ortaya qoymaqla bu təhdidi, təhlükəni fürsətə çevirmək mümkündür”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta