AZ

“Qardaşlarımın bədənlərindəki izlər dəhşətli işgəncələrdən xəbər verir” - Seyfəddin Hüseynli

“İstintaq orqanlarının işinə qarışa bilmərəm, amma gözümün şahidiyəm və qardaşlarımın nəşinin vəziyyətini çox böyük ağrı hissilə qarşıladım. Onların bədənindəki çoxsaylı öldürücü izlər göstərdi ki, qardaşlarım olmazın işgəncələrlə bu vəziyyətə salınıblar. İnanıram ki, bu işdə nəyə nail olsaq, dövlətimizin gücü sayəsində mümkün olacaq”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovların qardaşı, jurnalist Seyfəddin Hüseynli deyib. O, çox qısa zamanda qardaşlarının cənazələrinin ölkəyə gətirilməsində qətiyyət göstərən dövlətə də öz təşəkkürünü bildirib:

“Dövlətimiz bununla bağlı çox böyük qətiyyət göstərdi, çox ciddi addımlar atıldı. Qısa bir zamanda cənazələr vətənimizə gətirildi. Cənazələrin qarşılaşmasında bir izdiham vardı. İnsanlar öz kədərini və qəzəbini bildirirdilər. Ondan sonra Azərbaycanda təşkil olunan yüksək peşəkar heyət tərəfindən təşkil olunan məhkəmə tibbi ekspertiza prosesi aparıldı. Nəşlərin tanınmasında mən özüm birbaşa iştirak elədim”.

Seyfəddin Hüseynli qeyd edib ki, Rusiya tərəfinin bu hadisə ilə bağlı ilk gündən verdiyi yalan açıqlamalar təssüf doğurur:

“Bundan sonrakı istintaq orqanlarının işidir. Mən sadəcə onu deyə bilərəm ki, bu məsələ ilə bağlı gerçəklərin ortaya çıxması üçün, bütün imkanlar səfərbər edilib. Hələki doğma Mərzili kəndinə qayıtmağa imkanımız olmadığı üçün, vida mərasimi Ağcabədidə olacaq. Vida mərasimi keçirildikdən sonra, cənazə namazı qılınacaq. Ondan sonra qardaşlarım atam, anam, yaxınlarınızın dəfn edildiyi məzarlıqda dəfn olunacaqlar”.

Seyfəddin Hüseynli sözügedən faciəli hadisədə ciddi xəsarət alanlardan da danışıb:

“Onların bir qismi hələ də təcridxanadadılar. Onların barəsində uydurma bir məhkəmə prosesi keçirilir. Aralarında qardaşım 61 yaşlı Səfərov Zakir Mehdi oğlu da var. Ona məhkəmə tərəfindən verilən 72 saat müddətin artıq başa çatmasına baxmayaraq, hesab edirəm ki, çıxması üçün, süni maneələr yaradıllır. Ümidvaram ki, belə olmaz. Amma açıq da deyim ki, ümidim azdır".

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

Seçilən
3
12
bizim.media

10Mənbələr