AZ

Seyfəddin Hüseynli: Dövlətimiz böyük qətiyyət göstərdi, qardaşlarımın nəşi qısa zamanda Vətənimizə gətirildi

Dövlətimiz çox böyük qətiyyət göstərdi, çox ciddi addımlar atıldı. Qardaşlarımın nəşi qısa zamanda Vətənimizə gətirildi, qarşılanma zamanı izdiham vardı. İnsanlar baş verən hadisəyə qəzəblərini bildirirdilər. Sonra meyitlər yüksək peşəkar heyət tərəfindən təşkil olunan məhkəmə tibbi ekspertizaya aparıldı. Nəşlərin tanınmasında mən özüm də iştirak etdim. İstintaq orqanlarının işinə qarışa bilmərəm, amma qardaşlarımın nəşinin vəziyyətinin şahidiyəm. Onların bədənindəki çoxsaylı izlər göstərdi ki, onlar böyük işgəncələrlə bu vəziyyətə salınıblar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı qətlə yetirilən şəxslərin qardaşı, jurnalist Seyfəddin Hüseynli deyib.

“Bundan sonrası istintaq orqanlarının işidir. Sadəcə deyə bilərəm ki, bu məsələ ilə bağlı gerçəklərin ortaya çıxması üçün bütün imkanlar səfərbər edilib. Bizim hələ ki, doğma Mərzili kəndinə qayıtmağa imkanımız olmadığı üçün, Ağcabədidə 1994-cü ildən məskunlaşdığımız bu evdə vida mərasimi olacaq, sonra atam, anam və yaxınlarımızın dəfn edildiyi məzarlıqda dəfn olunacaqlar", - deyə o bildirib.

S.Hüseynli hazırda Rusiyada saxlanılan və ciddi xəsarət alan soydaşlarımızın hüquqlarının müdafiəsində dövlətimizin dəstəyinə güvəndiyini də bildirib: “Orada qalanlardan ciddi xəsarət alanlar da var. Onların bir qismi hələ təcridxanadadırlar. Onların barəsində uydurma məhkəmə prosesi keçirilir. Mənim qardaşım 61 yaşlı Zakir Səfərov da onlardan biridir. Ona məhkəmə tərəfindən verilən 72 saat müddət artıq başa çatsa da, mənə elə gəlir ki, onun azadlığa çıxması üçün süni maneələr yaradılır. Belə olmaz. İnanıram ki, bu işdə nəyə nail olsaq, dövlətimizin gücü sayəsində nail olacağıq”.

Seçilən
2
12
operativmm.az

10Mənbələr