ain.az, Xalq qazeti portalına istinadən məlumat verir.
İyunun 30-da Rusiya Federasiyasının Yekaterinburq şəhərində vəhşicəsinə döyülərək qətlə yetirilən azərbaycanlı qardaşlar – Ziyəddin və Hüseyn Səfərovun cənazələri təyyarə ilə Azərbaycana gətirildi. Cənazələr dərhal Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilərək, xüsusi yaradılmış komissiya tərəfindən müayinəyə başlanıldı. Bu barədə Birliyin baş direktoru Ədalət Həsənov iyulun 1-də AZƏRTAC-da keçirilən mətbuat konfransında məlumat verdi. Onun sözlərinə görə, meyitlərin ekspertizası gecə saatlarında başa çatdı və onların nəşləri doğulub boya-başa çatdıqları Ağcabədi rayonuna yola salındı.
Baş direktor bildirdi ki, meyitlər Azərbaycana gətirilməzdən əvvəl onlara dair ölüm haqqında tibbi şəhadətnamələr təqdim olundu. Rusiya məhkəmə-tibbi ekspertləri tərəfindən verilmiş həmin sənədlərdə ölüm səbəbi kimi “xəstəlik” – konkret olaraq “kəskin ürək-ağciyər çatışmazlığı” göstərilir. Lakin Azərbaycan tərəfindən aparılan müstəqil ekspertiza nəticələri tamamilə fərqli mənzərəni ortaya qoyur. Ədalət Həsənovun sözlərinə görə, meyitlərdə aşkar olunan xəsarətlər onların dəhşətli fiziki zorakılığa məruz qaldığını açıq şəkildə göstərir.
“Ziyəddin Səfərovun meyitində hər iki gözün qişasında qansızmalar, sağ gözün alt və üst qəzasında qansızmalar, sol çiyinüstü nahiyədə qançırlı sınıqlar, döş qəfəsinin bayır yan səthində zolaq şəklində sıyrıqlar, baldır və topuq nahiyələrinin qançırları və sınıqları aşkar olundu. Bunlar ölümə səbəb olan diaqnozlar deyil. Daxili müayinələr zamanı isə aşkar etdik ki, başın dəri örtüyünün səthində qansızmalar, döş qəfəsinin küt travması-sıxılması müşahidə edilib. Qabırğasının biri isə yox idi. Beləliklə, Ziyəddin Səfərov çoxsaylı xəsarətlərlə əlaqədar baş vermiş postravmatik şok nəticəsində ölüb”,– baş direktor vurğuladı.
Ə.Həsənov əlavə etdi ki, Hüseyn Səfərovun meyitini xarici müayinə edərkən çox sayda travma aşkarlandı: “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin gəldiyi nəticəyə əsasən, Hüseyn Səfərovun ölüm səbəbi aldığı çoxsaylı xəsarətlər nəticəsində baş verən posttravmatik və posthemoragik şokdur”.
Baş direktor bildirdi ki, Hüseyn Səfərovun döş qəfəsi deformasiyaya uğramışdır, assimetrikdir. Üst və alt dodaqlarının selikli qişasında qançırlar aşkarlandı. Meyitin kəllə qapağı açıldıqda sərt və yumşaq qişada qansızmalar aşkar olundu. Eyni zamanda, yeddi-səkkiz qabırğanın yerdəyişən sınıqları aşkar edildi. Bu sınıqlar ağciyəri zədələmişdir.
Baş direktor onu da vurğuladı ki, bir dəfə məhkəmə-tibbi müayinədən keçmiş meyitin ikinci dəfə ekspertizası çox çətin və həssas prosesdir. Onun sözlərinə görə, ilkin ekspertiza zamanı bəzi orqanların müayinə adı ilə götürülməsi ehtimalı narahatlıq doğurur: “Çünki meyit müayinə olunmuş, bütün orqanları kəsilmiş və təhlil edilmişdir. Biz şübhələnirdik ki, zədələnmiş orqanlar kəsilib götürüləcək. Soruşanda isə, deyiləcək ki, müayinə üçün götürmüşük”, - deyə o əlavə etdi.
Xatırladaq ki, iyunun 27-də Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən Yekaterinburqda azərbaycanlıların yaşadığı evlərdə xüsusi əməliyyat həyata keçirilmişdi. Bu zaman Səfərov qardaşları amansızlıqla döyülərək öldürülmüş, bir neçə azərbaycanlı ağır bədən xəsarətləri almış, 9 nəfər isə saxlanılmışdır.
Səbuhi MƏMMƏDOV
Cavid QAÇAYEV(foto)
XQ
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.