Amerikalı Maksin Şults uzunömürlülüyünün sirrinin aktiv həyat tərzi olduğunu bildirib.
Ölkə.az xarici KİV-ə istinadla xəbər verir ki, Minnesota ştatında yaşayan Maksin Şults 1915-ci il iyunun 20-də anadan olub. Qadın etiraf edir ki, doğum tarixi ona tez-tez xırda narahatlıqlar yaradır. Belə ki, xəstəxanalarda onun doğum ilini çox zaman səhvən 1955-ci il kimi qeyd edirlər, çünki onun həqiqi yaşına inanmaqda çətinlik çəkirlər. Dərman sifariş edərkən də bu tarixlə bağlı xüsusi qeyd etməli olur, çünki bir çox kompüter sistemlərində 1915-ci il sadəcə mövcud deyil.
Şults 109 yaşına qədər tək yaşayıb, yalnız ara-sıra qohumlarının köməyindən istifadə edirdi. Lakin son bir il ərzində bir neçə dəfə yıxıldıqdan sonra yaşlılar üçün nəzərdə tutulmuş pansionata köçməyə qərar verib. Qadın etiraf edir ki, açıqlanmağa dəyər xüsusi bir uzunömürlülük sirri yoxdur. Onun sözlərinə görə, sadəcə aktiv qalmaq lazımdır.
“Mən gün boyu nə iləsə məşğul oluram. Söhbət elə bundan gedir. Sadəcə oturub heç nə etməmək mənlik deyil”, – deyə Şults bildirib.
O hər gün məntiq tapmacaları həll edir, Vəhşi Qərbdəki sərgüzəştlər haqqında sevimli audiokitabları dinləyir və digər sevdiyi işlərlə məşğul olur.
Həmidə İbrahimova