AZ

Azərbaycanda qadın sahibkarlar üçün ilk beynəlxalq She’s Next Hakatonuna qeydiyyat artıq açıqdır

Finss.az — Visa, rəqəmsal ödəmələrdə dünya lideri, Reinvantage şirkəti ilə tərəfdaşlıqda, Şərqi və Cənub-Şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz ölkələrində, o cümlədən Azərbaycanda, qadınlar üçün ilk She’s Next Hakatonuna start verir.

Qadın sahibkarları dəstəkləyən qlobal She's Next Empowered by Visa təşəbbüsü çərçivəsində təşkil olunmuş bu proqram regiondakı qadınlara 20-yə yaxın ekspertdən bilik qazanmaq, mentorluq əldə etmək, bizneslərinin görünürlüyünü artırmaq və 20 000 ABŞ dolları məbləğində mükafat fondu uğrunda yarışmaq şansı təklif edir.                                  She's Next Hakatonu cəsur düşüncə, real dünya həlləri və biznesdə inklüziv innovasiyaları təşviq etmək üçün nəzərdə tutulub. Ənənəvi hakatonlardan fərqli olaraq, burada iştirakçılar kodlaşdırma (kompüter proqramlaşdırması) ilə məşğul olmayacaqlar, əvəzində əsas diqqəti biznes strategiyasına və problemlərin həllinə yetirəcəklər. İştirakçılar maliyyə davamlılığı, biznesdə strateji istiqamətinin dəyişməsi, bazarın genişləndirilməsi, trendlərin proqnozlaşdırılması və sahibkarlığa aid digər çağırışların öhdəsindən gələcəcəklər.

Proqram bir neçə mərhələdən ibarət olacaq:

  • 30 iyun – 29 avqust: iştirakçıların qeydiyyatı

  • 3-12 sentyabr: biznes təhsili

  • 16 sentyabr: iştirakın təsdiq edilməsi və komandaların formalaşdırılması

  • 18 sentyabr – 1 oktyabr: hakaton

 

Bütün fəaliyyətlər tamamən onlayn və yalnız ingilis dilində həyata keçiriləcək.

She’s Next rəqəmsal icması və sair maraqlı tərəflərin iştirakı ilə 3 oktyabrda açıq virtual toplantı formatında keçiriləcək Böyük Final Hakatonun kulminasiyası olacaq. Bu tədbirdə uğurlu sahibkarlar, biznes liderləri və Visa idarəediciləri bir araya gələrək bilik mübadiləsi aparacaq və qadınların innovativ gücünü bayram edəcəklər. Tədbirdə Hakaton zamanı işlənib hazırlanmış biznes konsepsiyaları təqdim olunacaq, eləcə də ana çıxışlar səslənəcək, maraqlı müzakirələr biznes viktorinası baş tutacaq.

Proqram daxilində iştirakçılar səriştəli biznes mütəxəssislərinin keçirtdiyi və praktiki biliklər təqdim etdiyi dörd onlayn vebinardan yararlanacaqlar. Hakaton mərhələsinə yüksələn komandalar təcrübəli biznes təsisçiləri, məsləhətçilər və innovasiya ekspertləri ilə azı üç mentorluq sessiyasında fərdi təlimat alacaqlar. Bütün iştirakçılar həmçinin beynəlxalq biznes əlaqələri qurmaq üçün geniş imkanlar əldə edəcək və regionun hər bir ölkəsindən həmfikir qadın sahibkarları birləşdirən əhatəli She’s Next rəqəmsal platformasına qoşulmağa dəvət olunacaq.

Qaliblər 3 kateqoriya üzrə müəyyən olunacaq:

  • Əsas qalib – 10 000 ABŞ dolları

  • Ən innovativ qalib – 5 000 ABŞ dolları

  • Ən sosial səmərəli qalib – 5 000 ABŞ dolları

 

Pul mükafatları ilə yanaşı, müsabiqənin qalibləri sənaye liderləri ilə üç aylıq mentorluq, Visa və Reinvantage platformalarında geniş görünürlük, gələcək tədbirlərə dəvətlər, She’s Next icması daxilində davamlı tanıtım imkanları qazanacaqlar, eləcə də regionun KİV-lərinə yayılan rəsmi mətbuat açıqlamasında ayrıca qeyd olunacaqlar.

“Qadın liderliyinın və sahibkarlığının uzunmüddətli tərəfdarı olaraq, Visa inanır ki, qadınlar inklüziv iqtisadi artımı irəli aparmaq iqtidarındadırlar,” – deyərək Visa-nın baş vitse-prezidenti, Şərqi və Cənub-Şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz üzrə regional meneceri Kristina Doroş /Cristina Doros/ qeyd etdi. – “Regionumuzda beş ildən artıq uğurla genişlənən “She’s Next Empowered by Visa” təşəbbüsü çərçivəsində keçirilən “She’s Next” Hakatonu qadınların qüvvətləndirilməsi missiyamızda yeni mərhələni təmsil edir. Həmin proqram üzrə Reinvantage ilə əməkdaşlıqdan qürur duyuruq. İşbirliyimiz 2022 ildə qadın sahibkarlığına dair regional sorğu ilə başladı və bir il sonra “She’s Next” rəqəmsal icma platformasının təqdim edilməsi ilə davam etdi. “She’s Next” Hakatonu sadəcə bir müsabiqə deyil, o, cürətli ideyalar və güclü liderlik üçün start meydançasıdır. Bu proqramın yeni sahibkarlıq istedadlarını necə yüksəldəcəyini görmək məni çox həyəcanlandırır”.

She’s Next Hakatonunda iştirak istənilən mərhələdə – yenicə öz işini qurmuş qadınlardan oturuşmuş sahibkarlaradək açıqdır. Siz fərdi qaydada və ya komanda kimi (beş nəfərə qədər) qeydiyyatdan keçə bilərsiniz. Qarışıq-cinsli komandalar da qəbul edilir, lakin onlara qadınlar rəhbərlik etməlidirlər.

"Yenidən kəşf sadəcə dəyişikliklərə və qeyri-müəyyənliyə cavab deyil – o, gələcəyin artıq tələb etdiyi həlləri ortaya çıxarmağa imkan verən bir təfəkkürdür. “She's Next” Hakatonu qadın sahibkarların yeni nəslini bu düşüncə tərzinə kökləmək məqsədini qoyur, strategiyalarla təchiz etməklə yanaşı, onlarda məqsədyönlük, çeviklik və uzaqgörənlik bəsləməklə irəliyə adlamaq üçün inam yaradır. Bu, tək sahibkarlıq deyil – inklüziv, dayanıqlı biznesin gələcəyini formalaşdırmaq deməkdir,” – Əndryu Vrobel /Andrew Wrobel/, Reinvantage şirkətinin baş yenidən-kəşf direktoru söylədi.

İştirak qaydalarını daha ətraflı öyrənmək və She’s Next Hakatonunda qeydiyyatdan keçmək üçün //shesnext.emergingeurope.org/hackathon2025/ keçidlə daxil olun. Qeydiyyat 29 avqustadək açıqdır.

Seçilən
23
44
fins.az

10Mənbələr