
İyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən vəhşicəsinə döyülərək öldürülən azərbaycanlı Ziyəddin və Hüseyn Səfərovların cənazələri yaxınlarına təhvil verilib.
Reyting.az APA-ya istinadla bildirir ki, cənazələr Məhkəmə Tibbi Ekspertiza Bürosunun morqundan təhvil alınıb.
Cənazələr morqdan təhvil alındıqdan sonra qohumları onlara baxış keçiriblər. Hər iki cənazənin, xüsusi ilə də Hüseyn Səfərovun üz və bədən nahiyyələrində kəsilmiş-deşilmiş yaralar, hematomalar müşahidə olunub.
Qeyd edək ki, hazırda Ziyəddin və Hüseyn Səfərovların cənazaləri hava limanına aparılır. Oradan Yekaterinburq-Bakı aviareysi ilə Azərbaycana yola salınacaq.
***
“Azərbaycanda meyitlər yenidən tibbi ekspertizdan keçiriləcək. Ekspertiza ya bu gün, ya da sabah olacaq, dəqiq deyil”.
Reyting.az xəbər verir ki, bunu APA-ya Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti tərəfindən keçirilən əməliyyat zamanı qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovların qardaşı, “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynli bildirib.
Onun sözlərinə görə, Diasporla İş üzrə Dövlət Komitəsinin müşayiəti ilə cənazələr bu gün 20:00 radələrində Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qarşılanacaq, sabah isə Ağcabədiyə yola salınacaq:
“Qardaşlarım Ağcabədidə “Dörd yol” deyilən qəbiristanlıqda atamın, anamın yanında dəfn ediləcəklər. Onlarla vida mərasimi də Ağcabədidə olacaq”, – S. Hüseynli əlavə edib.
***
Yekaterinburq şəhərində amansızlıqla qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovların meyiti Azərbaycana gətirilərək, yaxınlarına təhvil verilib.
Reyting.az-ın məlumatına görə, meyitlər ekspertizadan keçiriləcək və sabah Ağcabədi rayonunda torpağa tapşırılacaq.