Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Baş direktoru Ədalət Həsənovun Yekaterinburqda vəhşicəsinə döyülərək öldürülmüş azərbaycanlılar- Ziyəddin və Hüseyn Səfərov qardaşlarının meyitlərinin ekspertizasının nəticələri ilə bağlı açıqladığı rəyi dinlədim. Dəhşətə gəlməmək mümkün deyil. Bu qədər amansızlığı, bu qədər qəddarlığı, bu qədər vəhşiliyi necə törətmək olar? Nə gizlədim, soydaşlarımıza insanlıq adına utanc yaradan şəkildə işgəncə verənlərin zombiləşdirici psixotrop maddələrdən istifadə edə biləcəyini də düşündüm. Daha sonra rus imperiyasının biz azərbaycanlılar da daxil olmaqla müxtəlif xalqlara qarşı törətdiyi tarixi cinayətləri xatırlayıb qaniçənliyin səbəbini psixotrop maddələrdə axtardım. Rus imperiyası- ən qəddar işgəncə maşınıdır!
Qarabağ hakimi İbrahim xanı Dmitri Lisanoviç adında rus imperiyasının bir zabiti qətlə yetirmişdi. “Dəli mayor” ləqəbi ilə tanınırdı. 100 əsgərlə İbrahim xanın çadırını mühasirəyə almış, qadın, uşaq demədən ailəsinə divan tutmuşdu. Xan sülaləsinin 17 nəfər üzvünü amansızlıqla qətlə yetirən Lisanoviçə “gözün üstdə qaşın var” deyən olmadı. Əksinə, onu ordenlərlə, “Qəhrəmanlığa görə” mükafatları ilə təltif etdilər.“Dəli mayor” bui hadisədən sonra “dəli general-mayor” oldu. Erməni ilə evlənmişdi.
1828-ci ildə Çar Rusiyası və Qacarlar arasında bağlanan Türkmənçay müqaviləsinə əsasən ermənilərin kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsinə start verildi. Bir tərəfdən ermənilərin yerləşməsi, digər tərəfdən də yerli Azərbaycan türklərinin rus işğalına qarşı müqavimətinin qırılması üçün çar əsgərləri və çinovnikləri kütləvi qətliamlar törədir, kəndlərə od vurur, əhalinin malını-mülkünü qarət edirdilər. 1870-ci illərdə çarın apardığı “islahatlar” sayəsində Azərbaycanın torpaq aristokratları müflis edilmişdi, etiraz edənlər güllələnmiş, sürgün edilmişdi.
1905-ci ildə erməni-müsəlman davasını törədən, qızışdıran, münaqişə zamanı minlərlə günahsız insanın qanına bais olan yenə rus imperiyası idi. 1917-ci ildə çar mütləqiyyəti süqut etmişdi, amma imperiya öz havasında idi. Bolşeviklər və daşnaklara birləşərək Bakıda, Qubada və digər Azərbaycan ərazilərində soyqırımlar törədirdilər.
Sovet İttifaqında “kollektivləşdirmə” adı altında soydaşlarımızı sürgünə göndərən, repressiyalara məruz qoyan, Hüseyn Cavid, Mikayıl Müşfiq, Bəkir Çobanzadə kimi şəxsiyyətlərimizin həyatına son verən də eyni xislət idi.
20 yanvar 1990-cı ildə Bakıya əliyalın xalqın üstünə qoşun göndərən, 1992-ci ilin bir qarlı qış günündə 366-cı alayını ermənilərin yanına salıb Xocalını gülləbaran edən, müstəqil Azərbaycanda hərbi qiyamları, dövlət çevrilişlərini dəstəkləyən, seperatizm ocaqları yaradan Rusiyanın iç üzünü kim tanımır ki bu ölkədə?
Gürcülərə divan tutmayıbmı bu imperiya?
Tatarları, Başqırdları, Çeçenləri, Kalmıkları qanına bələməyibmi?